May 14
İlham Şabanov: “Azərbaycanda bu kimi suallara cavab almağa real ünvan yoxdur”
“Azərbaycan ictimaiyyəti ola bilsin ki,“Şahdəniz” yatağının istismarı üzrə bağlanmış kontraktın müddəti bitənədək qazın hansı qiymətə satıldığını bilməyəcək”. Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanov AJAŞ Xəbər Agentliynin əməkdaşı ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycan qazının bir barel üçün qiymətinin 70-120 dollar arasında olduğu məlum idisə, indi bu qiymətin hansı həddə olduğu barədə dəqiq məlumat yoxdur: “Həttta Gürcüstana satılan qazın qiyməti də istehlakçı tərəfin açıqlamasından sonra məlum olub”. İ.Şabanov müqayisə üçün Rusiyanın “Qazprom” şirkətinin Özbəkstanla və Türkmənistanla 2009-cu il üçün bağladığı müqaviləni misal gətirib. Qeyd edib ki, həmin müqavilə mətbuat və ictimaiyyət üçün açıqlanıb və bizdəki kimi “kommersiya sirri” hesab edilməyib. Ekspert vurğulayıb ki, “Şahdəniz” qazının satış qiyməti kommersiya sirri xarakteri daşısa belə, heç olmasa müəyyən çərçivədə cəmiyyətə informasiya sızdırmaq olardı: “Azərbaycan reallığında bu kimi çoxlu suallar var, ancaq cavab almağa real ünvan yoxdur”.
Məlumat üçün deyək ki, AJAŞ Xəbər Agentliyinin mövzu ilə bağlı ARDNŞ-ə ünvanladığı sorğu müraciətin sualları cavablandırılmayıb. Şirkətdən bildirilib ki, sorğunun suallarının cavabı kommersiya sirri xarakteri daşıdığı üçün ARDNŞ-nin bu sualları cavablandırması mümkünsüzdür.
May 14
Dünən Azərbaycan – Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində mövzusunda aparılmış araşdırmanın ictimai müzakirəsi təşkil edilib. Bu barədə AJAŞ Xəbər Agentliyi məlumat yayıb. Müzakirə Azərbaycanda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırılmaq, həmçinin ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə 2008-ci ildən həyata keçirilən tədqiqat proqramı çərçivəsində təqdim edilib.
Təqdimatda ATİB İdarə heyətinin sədri Əhməd Erentok, İdarə Heyəti sədrinin müavini Cəmal Yanğın, ATİB Layihə və tədqiqatlar şöbəsinin müdiri Kənan Aslanlı və media nümayəndələri iştirak ediblər. Ararşdırma barədə jurnalistlərə Layihələr və tədqiqatlar şöbəsinin müdiri K.Aslanlı məlumat verib. Bildirib ki, araşdırmanın əsas məqsədi Azərbaycanda rəqabət mühitinin istər dövlət üçün, istərsə də şirkətlər üçün xüsusi önəmə malik ünsürlərinin nədən ibarət olmasını müəyyən etməkdir. Read the rest of this entry »
May 14
“Dövlət Statistika Komitəsi (DSK) qaz hasilatının ümümi respublika üzrə yox, ARDNŞ-nin və BP Azərbaycan şirkətinin hesabatını göstərir”. Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, bu ilin hesabatında “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarının qazı eyni bölmədə göstərilir: “Baxmayaraq ki, “Azəri-Çıraq-Günəşli”nin qazı səmt qazıdır, “Şahdəniz”də çıxan isə təbii qaz”. İ.Şabanov onu da vurğulayıb ki, DSK və Dövlət Gömrük Komitəsi “Şahdəniz”dən ixrac edilən qazın həcmini göstərmir: “Azərbaycan qazı hansı dövr üçün, hansı qiymətə ixrac olunub – bilinmir”.
May 12
“Azərbaycan müstəqillik qazandıqdan indiyədək təxminən 800-ə qədər əcnəbi ölkəmizdə əmlak alıb”. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX)mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib. Y. Cəfərlinin sözlərinə görə, mövcud qanunvericilik əcnəbilərin Azərbaycanda torpaqdan başqa digər əmlak bölmələri üzrə obyektlər almasına yol verir: “Xarici vətəndaşlar daşınmaz əmlakın digər növlərinə nisbətən mənzilə daha çox meyl göstərirlər. Onlar arasında Böyük Britaniya, ABŞ, Türkiyə, İran, Skandinaviya ölkələri, İtaliya, Misir və başqa ölkələr ölkələrin nümayəndələri var”. Əcnəbilərin əsasən Bakı şəhərinə üstünlük verdiyini vurğulayan Yadigar Cəfərli, digər bölgələrdə, xüsusilə Gəncə və Lənkəranda da əmlak alan xaricilərin olduğunu bildirib.
May 12
Vüqar Bayramov: “2009-cu ildə neftin dünya bazar qiyməti ən yaxşı halda 70 dollara çata bilər”
“Neftin dünya bazar qiyməti yalnız iqtisadi faktorlarla deyil, eyni zamanda siyasi faktorlarla tənzimlənir. 2009-cu ildə neftin dünya bazar qiymətinin Azərbaycan dövlət büdcəsində nəzərdə tutulan bir barel üçün 70 dollardan çox artacağı proqnozlaşdırılmır. Ən yaxşı halda neftin dünya bazar qiyməti 70 dollara çata bilər”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. Ekspert neftin qiymətinin qalxmasını real sektorda tələbatın artması ilə deyil, neftə olan tələbatın artması ilə əlaqələndirib: “Çünki qlobal maliyyə böhranı davam edir və real sektorda artımlar yoxdur. Qiymətin qalxması, xüsusən ABŞ da olan tələbatın artması ilə bağlıdır”. Vüqar Bayramovun sözlərinə görə, neftin qiymət artımı ilə bağlı birmənalı proqnoz verilmir. Hətta OPEK neft təşkilatı da neftin qiymətinin kəskin yüksələcəyini proqnozlaşdırmır. Neftin dünya bazar qiyməti daha çox qlobal maliyyə böhranın ömründən asılıdır: “Qlobal maliyyə böhranı neftə olan tələbatı azaldır. Böhranın təsirləri səngiyərsə, neftə olan tələbat arta bilər”. Ekspert onu da əlavə edib ki, yaxın vaxtlarda neftin qiymətinin kəskin artacağı və əvvəlki səviyyəyə qalxacağı gözlənilmir.
May 12
“Neftin qiymətinin son artımları dövlət büdcəsinə bu ay nəzərdə tutulan əlavə və dəyişikliklərin edilməsini təxirə salmayacaq”. Bu barədə iqtisadçı Vüqar Bayramov AJAŞ Xəbər Agentliyinin əməkdaşı ilə söhbətində bildirib. Ekspertin sözlərinə görə, neftin bahalaşması büdcəyə nəzərdə tutulan dəyişikliklərin təxirə salınmasına əsas ola bilməz: “İlin birinci yarısında Azərbaycan neftinin orta satış qiyməti dövlət büdcəsində nəzərdə tutulandan aşağı olacaq. İlin birinci yarısından sonra neftin dünya bazar qiyməti 70 dollara çatsa da, bu, dövlət büdcəsinin gəlirlər hissəsində olan boşluğun aradan qaldırılmasına imkan vermir. Çünki söhbət illik orta qiymətdən gedir”. V.Bayramovun hesab etdiyini bildirir ki, illik orta qiymətin məhz 70 dollar olması üçün dünya bazarında Azərbaycan neftinin hər barelinin növbəti aylarda 85 dollara satılması lazımdır: “Dövlət büdcəsinə əlavə dəyişliklərin edilməsi vacibdir. Neftin dünya bazar qiyməti 85 dollardan çox olarsa, o zaman nəzərdə tutulan infrastruktur layihələrinə ilin sonunda vəsait ayırmaq olar. Nazirlər Kabinetinin 1 fevral tarixli qərarına əsasən, manat infrastruktur xərcləri kimi 1,5 milyard ehtiyat vəsait saxlanılır. O baxımdan neftin dünya bazar qiymətinin son artımları dövlət büdcəsinə yenidən baxılmasını arxa plana keçirmir”.
Read the rest of this entry »
May 08
Azərbaycan hakimiyyəti qlobal iqtisadi böhranın ölkəyə təsiri ucbatından çıxılmaz vəziyyətə düşüb. Bu gün hökumət dövlət büdcəsinin icrasına dair məlumatları gizlətmək məcburiyyətindədir.
Artıq bir aydan çoxdur ki, aidiyyəti qurumlar büdcə daxilolmaları barədə ənənəvi məlumatları mətbuata açıqlamaqdan çəkinirlər. Bir sözlə, ictimaiyyət hələ də 2009-cu ilin yanvar-fevral ayları ərzində, eləcə də I rüb üzrə dövlət büdcəsinə toplanan vergi və gömrük rüsumlarının məbləğindən və ya büdcə tapşırıqları üzrə proqnozların necə yerinə yetirilməsindən xəbərsizdir.
Bununla belə, jurnalistlərə məlum olub ki, 2009-cu ilin yanvar-fevral ayları ərzində gömrük orqanları dövlət büdcəsinə nəzərdə tutulan 208,00 mln. manat əvəzinə 208,10 mln. manat məbləğində gömrük vergi və rüsumlarının köçürülməsinin təmin etmişlər. Yəni, gömrükçülər sözügedən aylar üçün proqnozu 100,05 faiz yerinə yetiriblər ki, bu da 2008-ci ilin müvafiq dövru ilə müqayisədə 30,85 mln. manat və ya 17,40 faiz çoxdur. Lakin bu məlumatın açıqlanmamasına səbəb, gömrükçülərin 2008-ci ilin yanvar-fevral ayları ilə müqayisədə proqnozu 2 dəfə az yerinə yetirməsi olub. 2009-cu ilin I rübü üzrə məlumatın xüsusilə məxfi saxlanılması isə sözügedən sahədə geriləmənin daha kritik olmasından xəbər verir. Read the rest of this entry »
May 06
Mayın 6-da “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının üzvü olmuş təşkilatların əksəriyyəti səmərəli əməkdaşlıq imkanlarını müzakirə edərək bələdiyyələrin inkişafı istiqamətində birgə səylərini davam etdirmək məqsədilə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər. Bu barədə AJAŞ Xəbər Agentliyinə Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının mətbuat xidmətindən məlumat verilib. Alyansa aşağıdakı təşkilatlar daxildir: İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi, Mülki Cəmiyyətə Doğru Mərkəzi, Qadınlar Arasında Həmrəylik İctimai Birliyi , “Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi. Alyansdan verilən məlumata görə təsis yığıncağında Alyansın əsasnaməsi qəbul olunub və koordinatorun seçkisi keçirilib. Qeyd edək ki, Alyansa Mülki Cəmiyyətə Dogru Mərkəzin direktoru Abil Bayramov koordinator seçilib.
May 06
Gəncədə kompüter alıcılarının sayı 87% azalıb
“Gəncə şəhərində kompüter alıcılarının sayı 87% azalıb”. AJAŞ Xəbər-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin kompüter satış mərkəzlərində aparılan sorğular bunu deməyə əsas verir: “Ötən ay alıcı sayının azalmazı 80%-ə bərabər olub. Hər ay alıcılarının sayı azalan kompüter satış mərkəzlərindən bildirirlər ki, kompüterlərin qiymətləri ümumilikdə 60% azalıb, bu ay isə qiymətlərin daha 10% enməsi nəzərdə tutulur”. Satıcılar onu da qeyd ediblər ki, hazırda alıcı kefiyyətli proqramlarla təchiz olunmuş bir kompüteri 450-500 manata ala bilərlər.
Məlumatda Gəncədəki kompüter satış mərkəzlərində kredit yolu ilə satışların atrıq 7 aydır ki, ləğv edildiyi də bildirilir.
May 06
“Avropa Birliyi ilə çox sahəli əməkdaşlıq lazımdır”
Bu gün Azərbaycan Media Mərkəzində Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMİK) tədbiri keçirilib. Tədbirdə Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Humanitar Tədqiqatlar Cəmiyyətinin prezidenti Əvəz Həsənov, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Azərbaycan) Direktoru Fərda Əsədov çıxış edib. Eldar Namazov AAMİK-nin Şərq Tərəfdaşlıq proqramı çərşivəsində mayın 5-7 də keçiriləcək “Praqa sammitinin”iştirakçılarına komitənin müraciət etdiyini bildirib. O, rəsmi dairələrin iqtisadi və enerji təhlükəsizliyi məsələlərinə önəm veriyini və prioritet hesab etdiklərini qeyd edib: “Ancaq rəsmi dairələr hüquq islahatları, qanunun aliliyi, insan hüquqları və. s məsələləri prioritet hesab etmir. Bu düzgün yanaşma deyil. Bizim yolumuz Avrointeqrasiya yoludur. Avropa Birliyi ilə çoxsahəli əməkdaşlıq lazımdır”. E. Namazov müraciəti ölkə rəhbərliyinin də diqqətinə ünvanladıqlarını və mayın 25-də Vətəndaş Forumuna öz təkliflərini göndərdiklərini bildirib.