Samir Əliyev: “Hərrac komissiyasının tərkibinə ictimaiyyəti təmsil edən şəxslər daxil olmalıdır”
“Hərracların keçirilməsi zamanı komissyanın tərkibində bələdiyyə nümayəndələri, mətbuat orqanları iştirak etməlidir, yaxud hərrac keçirilən ərazidən kənd ağsaqalları iştirak etməlidir. Hansı bələdiyyənin ərazisindən torpaq satılırsa həmin bələdiyyənin sədri komisiyya üzvü olmalıdır”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib.
S.Əliyevin sözlərinə görə, hərrac zamanı bələdiyyə özü iştirak edə bilmir. Onun torpaqlarını dövlət orqanların nümayəndələrindən təşkil olunmuş komissiya satışa çıxarır: “ Komissiyanın tərkibində ictimaiyyəti təmsil edən nümayəndə yoxdur. Komissiyanın tərkibi dəyişdirilməlidir. Komisiyanın tərkibinə ictimaiyyəti təmsil edən şəxslər daxil olmalıdır. Əhalinin komissiyanın tərkibinə çıxışı olmalıdır. Bu baxımdan insanların torpaq əldə etmək imkanları azalıb. Əvvəl insanlar birbaşa bələdiyyəyə müraciət edib torpaq ala bilirdi, ancaq indi bu çətindir”.
Ekspert, hərraca çıxarılan torpaqların kateqoriya baxımından əhəmiyyətini itirdiyini də qeyd edib: “Hərrac vasitəsilə aşağı kateqoriyalı torpaqlar baha qiymətə satıla bilər, yüksək kateqoriyalı torpaqlar isə ucuz qiymətə satıla bilər. Bu hərracın şəffaf keçirilməsindən, vətəndaşların hərraclara çıxış imkanlarının yüksək olmasından asılıdır. Vətəndaşların hərraclara çıxış imkanlarının yüksək olduğu halda, hərracın obyektiv, şəffaf keçirilməsi ehtimalı da çox yüksəkdir. Amma keçirilən hərraclarda iştirak etməsək də məlum olur ki, hərraclara komissiya üzvləri öz tanışlarını və qohumlarını buraxırlar. Başqa adamlara imkan vermirlər. Razılaşdırılmış qiymət əsasında isə müsabiqənin sonunda həmin adam qalib gəlir. Ölkədə hərracların keçirilməsi qaydaları ilə bağlı təkmlilləşdirməyə ehtiyac var. Bizim müşahidələrimiz onu göstərir ki, hərraclar şəffaf keçirilmir”.
S.Əliyev həmçinin vurğulayıb ki, hərracın gedişi üçün mexanizmlər hazırlanmalıdır. Eləcə də torpaqın qiyməti formalaşdırılmalıdır: “Hər hansı ucuz torpağı satmaq üçün real alıcılar hərraca buraxlmır. Amma əvəzində öz adamlarını hərraca buraxırlar. Həmin adamlar ucuz qiymətə də istədikləri torpağı alırlar”.
Ekspert hesab edir ki, torpağın real qiyməti hərrac keçirilməmişdən qabaq qiymətləndirilməlidir: “Bunun üçün torpağı qiymətlədirən təşkilat olmalıdır. Həmin təşkilat qimətləndirdiyi torpağın bazar qiymətini deməlidir və hərrac bazar qiyməti əsasınada keçirilməlidir. Əgər hərrac vaxtı tələbat olarsa, qiymət qaldırılar. Tələbat olmazsa, qimət azaldılar. Hesab edirik ki, hərracların keçirilməsi reallığı əks etdirmir. Hərracların keçirilməsi haqqında prezidentin sərəncamında nəzərdə tutulan hərraclar şəffaf keçirilməlidir, vətəndaşların hərraclara çıxışı yüksək olmalıdır kriteriyalarına cavab vermir. İndi, bu hərraclar formal olaraq keçirilir. Vətəndaşlar isə bu məlumatlardan xəbərsiz qalır”.
S.Əliyev hərracların keçirilməsi qaydaları ilə bağlı hökümətə təkliflər paketi təqdim edəcəklərini də deyib.