Dövlət Sosial Müdafiə Fondu (DSMF) iş stajına görə pensiyalarının artım hissəsini ala bilməyən Salyan rayon sakinlərinin şikayətini təmin edib. Bu barədə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) koordinatoru Esmira Əsədullayeva AJAŞ Xəbər-in əməkdaşıyla söhbətində bildirib. E. Əsədullayevanın sözlərinə görə, DSMF pensiyaların artırılmış hissələrinin təcili ödənilməsi barədə yerli idarələrə göstəriş verib: “15 ay əvvəl staja görə pensiyaları artırılmış bir qrup qocaman neftçi, artımı ala bilməmələri ilə əlaqəli Vətəndaş Nəzarəti Şəbəkəsinə müraciət etmişdi. VNŞ də öz növbəsində işə konstruktiv müdaxilə edərək məsələnin həlli istiqamətində addımlar atmağa başladı. DSMF-nin məlum göstərişini fəaliyyətimizin uğurlu nəticələrindən biri hesab edirik”.

Qeyd edək ki, sözügedən problemi ilk dəfə AJAŞ Xəbər Agentliyi mətbuatda yayıb və ictimailəşdirib.