“Türkmənistan Azərbaycanı məhkəməyə versə, özü uduzacaq”

 

Ötən həftə iki Xəzəryanı dövlət – Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində yerləşən karbohidrogen yataqlarının işlənməsi ilə bağlı mübahisə kuliminasiya həddinə çatıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov ölkəsinin Nazirlər Kabinetinin iclasında Azərbaycanı mübahisəli yataqlardan birtərəfli qaydadaistifadə etməkdə günahlandırıb və Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyib.

Bəs belə bir məhkəmə keçirilsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Türkmənistan məhkəməyə müraciət etməkdə nə dərəcədə haqlıdır? Uzun müddətdir həllini tapmayan problemin müzakirəsini məhkəməyə qədər gətirib çıxaran amillər hansılardır? Mövzu ilə bağlı rəsmi qurumların və ekspertlərin rəyini öyrəndik.

AR Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AJAŞ Xəbər-ə açıqlamasında bildirdi ki, artıq məsələylə bağlı Azərbaycan tərəfi nazirlik səviyyəsində öz mövqeyini açıqlayıb: “Azərbaycan bütün diplomatik vasitələrdən istifadə edərək öz hüquqlarını istənilən formada müdafiə etməyə hazırdır və müdafiə edəcək”. Məhkəmə olarsa, bunun nə ilə nəticələnə biləcəyi barədə sualı cavablandıran nazirlik rəsmisi ehtimallarla danışmağın yersiz olduğunu desə də əlavə edib ki,  məsələylə bağlı hələ 90-cı illərdə bütün hüquqi arşdırmalar aparılıb. Bu araşdırmalara əsasən söyləmək mümkündür ki, Azərbaycanın öz hüquqlarını və mövqelərini müdafiə etmək üçün kifayət qədər əsasları var: “Bu gün Azərbaycanın Xəzərdə hansısa kəşfiyyat işləri aparması Azərbaycanın öz hüquqlarından irəli gəlir. Kiminsə bu məsələylə bağlı sualları varsa, biz o sualları həmişə, hər bir formada cavablandırmağa hazırıq” –deyə E. Poluxov qarşı tərəfə mesaj ünvanlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AJAŞ Xəbər-in müxbirilə söhbətində deyib ki, Türkmənistan tərəfinin bəyanatının Azərbaycanda az qala şok effekti yaratsa da bu ölkənin reaksiyası çox sakit olub: “AR XİN-nin Nazir müavini Xələf Xələfov da bildirib ki, Azərbaycan sözügedən yataqların – “Çıraq” və “Azəri”nin hasilatına başlayanda, kontraktı imzalayanda hər şeyi ölçüb-biçmişdi və ona görə də indi heç nədən çəkinmir və bu yataqlar üzərində istənilən yerdə öz hüquqlarını müdafiə etməyə hazırdır. Digər tərəfdən, Q.Berdumuhammedov da Türkmənistan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, biz heç kəsə qarşı torpaq iddiası ilə çıxış etmirik, sadəcə Xəzərdəki bəzi yataqlarla bağlı birtərəfli atılan addımlar bizi qane etmir. Buna görə də məsələni beynəlxalq arbitraj məhkəməsində həll etmək istəyirik”. İ.Şaban onu da vurğulayıb ki, son bir ildə tərəflər arasında istiləşmə başlamışdı. Bir ildə iki dəfə prezidentlıər qarşılıqlı rəsmi səfər etmişdilər. Həmçinin ötən bir ildə ARDNŞ-nin prezidenti Türkmənistana 4 dəfə səfər etmişdi və yüksək səviyyədə qarşılanmışdı və s. “İki ölkə arasında münasibətlər kifayət qədər inkişaf etməkdə idi. İndi birdən-birə Berdumuhammedovun dilindən belə ifadənin işlədilməsi məntiqə sığmayan bir hərəkət kimi görünə bilər. Çünki Türkmənistan tərəfi NABUCCO-da maraqlı olduğunu elan edir, Qərb istiqamətində qaz ixracı ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən isə özünün Azərbaycan üzərindən Qərbə açılan qapısını örtür”. Ekspert tərəflərin hər ikisinin bu məhkəmədə maraqlı olduqları barədə gümanları da inkar etmir: “Məhkəmənin çıxaracağı qərarları hər iki tərəf qəbul edəcək, ona hörmətlə yanaşacaq. Ona görə də ali qərarın çıxarılmasında hər ik tərəf maraqlı ola bilər ki, məsələ birdəfəlik həllini tapsın”. Lakin İlham Şaban məhkəməyə müraciət olunarsa, məhkəmənin məsələylə bağlı tezliklə qərar çıxaracağını da gözləməyin düzgün olmadığını deyib: “Məhkəmə prosesi çox uzana, hətta illərlə çəkə bilər”. Read the rest of this entry »