Qubad İbadoğlu: “Azərbaycan-Rusiya arasında imzalanan qaz sazişi iqtisadi deyil, siyasi qərardır”
İlqar Məmmədov:” “Azərbaycan nə qədər çox marşurutla qazını dünyaya çıxara bilərsə, həm iqtisadi, həm də siyasi xeyri çox olacaq”
Azərbaycan-Rusiya hökumətləri arasında imzalanan qaz sazişi iki ölkə arasında iqtisadi fəaliyyətin genişləndirilməsi münasibəti ilə atılan addım deyil, siyasi qərardır. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu AJAŞ Xəbər-in müxbiri ilə söhbətində bildirib.
Qubad İbadoğlu hesab edir ki, Azərbaycanın dövlətçilik maraqları və hədəfləri baxımından bu düzgün qərar deyil: “Azərbaycan hazırda Rusiyanın qaz ekspansiyasından kənarda olmalıdır, çünki uzun illər bu proseslərdən kənarda olub. Amma bu gün Azərbaycan öz resurslarından Rusiyaya satış imkanları qazandırmaqla, daha çox ondan asılı vəziyyətə düşür. Bundan sonra Rusiyanın Azərbaycanda həm iqtisadi, həm də siyasi proseslərə təsir imkanları daha da çox olacaq”.
İTM rəhbərinin sözlərinə görə, hazırda baş verən hadisələr “Nabukko” layihəsi üçün böyük zərbədir: “ Düzdür hələ dəqiq məlum deyil ki, söhbət “Şahdəniz-2” yatağının qazından, yoxsa ondan kənar gedir. Ancaq Rusiya mətbuatının yazdıqları ilə Sənaye və Energetika naziri Natiq Əliyevin açıqlaması arasında fərq var. Onların dediyinə görə, “Şahdəniz-2” yatağının resursları da Rusiyanın nəzarətinə keçir, amma nazir N.Əliyev bunu təkzib edib. “Nabukko” layihəsinin əsas resursu “Şahdəniz-2” yatağıdır. Əgər o da Rusiyanın nəzarətinə keçərsə, “Nabukko” layihəsi üçün çox ciddi təhlükə yaranar. Bu layihənin reallaşması imkanlarını azaldır.
Qubad İbadoğlu həmçinin Rusiyanın Azərbaycan qazının hər min kubmetrini 350 dollara almasının real olduğunu qeyd edib: “Qiymət normal qiymətdir. Dünya bazar qiymətinə uyğundur.Yəqin ki, Rusiya 350 dollara qazı alacaq. Rusiya mətbuatı da bunu təsdiq edir”.
Politoloq İlqar Məmmədov da Azərbaycan-Rusiya hökumətləri arasında imzalanan qaz sazişinə öz münasibətini bildirib: “Rusiya ilə ARDNŞ arasında imzalanan birinci müqaviləyə, yəni Dağıstana qaz ötürülməsinə yaxşı baxıram. O saziş həm Azərbaycanın, həm də Rusiyanın xeyrinədir. Ancaq “Şahdəniz-2” yatağına dair olan sazişə görə, Azərbaycanın siyasi və iqtisadi mənfəəti sual altındadır.
Politoloq qeyd edib ki, “Nabukko” layihəsinin mövcudluğu Azərbaycanın xeyrinə olacaq: “ Azərbaycan nə qədər çox marşurutla qazını dünyaya çıxara bilərsə, həm iqtisadi, həm də siyasi xeyri çox olacaq. Rusiya-Azərbaycan arasında “Şahdəniz-2” yatağına dair imzalanan ilkin saziş “Nabukko”ya mənfi təsir edir. Amma bu işin hələ axırı deyil. Hələ bu məsələ davam edəcək”.