Avg 31
Ölkə prezidenti İlham Əliyev əsasnaməsini və strukturunu təsdiqləyib. Bu barədə AJAŞ Xəbər Agentliyi Prezidentin mətbuat xidmətinə istinadən xəbər yayıb. Təsdiq olunmuş yeni struktura əsasən sözügedən Dövlət Komitəsi aparatının işçilərinin say həddi 152 ştat vahidi, Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi isə 323 ştat vahidi müəyyən edilib. Həmçinin Prezidentin fərmanına əsasən Nazirlər Kabineti bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını bu fərmanla uzlaşdırmalıdır.
Avg 31
2015-ci ilə qədər Xəzər dənizinin Türkmənistana aid hissəsində bu ölkənin hərbi-dəniz bazası yaradılacaq. Baza müasir müşahidə texnikası və göyərtəsində raket daşıyan gəmilərlə təchiz olunacaq. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov bildirib. Bu gün Q.Berdumuhammedov güc strukturlarının rəhbərləri ilə görüşdən əvvəl jurnalistlərlə söhbətində Türkmənistanın Xəzərdə müəyyən ölçüdə sərhədə malik olduğunu, bu sərhədin quruda da etibarlı şəkildə mühafizə edilməsinin vacibliyini vurğulayıb.
AJAŞ Xəbər-in Türkmənistanın milli telekanalı olan “Altın Asır”-a istinadən yaydığı məlumatda dövlət başçısı bu addımların vacibliyini müasir dünyada beynəlxalq ekstremizm və narkotik vasitələrin qaçaqmalçılığında maraqlı olan terror qruplaşmaların güclənməsi ilə əlaqələndirib.
Avg 05
“İçərişəhərdə hərəkətin normallaşdırılması üçün yeni sistem quraşdırılacaq”. Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri AJAŞ Xəbər Agentliyinə açıqlamasında bildirib. R.Azərinin sözlərinə görə, avqust ayının 1-dən etibarən İçərişəhər-ə avtomobillərin girişinin məhdudlaşdırılması da yeni sistemin quraşdırılması ilə bağlıdır: “Bildiyiniz kimi, İçərişəhərin demək olar ki bütün yolları birtərəflidir. Avtomobillərin sayı isə hədsiz dərəcədə çoxdur. Yeni sistemin tətbiqi avtomobillərin sayının azaldılmasına, qayda-qanun yaratmağa imkan verəcək”. Mətbuat xidməti rəhbəri onu da əlavə edib ki, sınaq müddəti 1 ay müəyən olunub: “Sınaq müddəti başa çatdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək”.
Məlumat üçün deyək ki, avqust ayının 1-dən etibarən İçərişəhər qoruğu ərazisinə avtomobillərin girişi məhdudlaşdırılıb və yeni qaydalar tətbiq olunub. Belə ki, əraziyə daxil olan hər avtomobil ilk 1 saat üçün 2 manat ödəməlidir. Rahib Azəri bunun müvəqqəti xarakter daşıdığını deyib və sınaq müddəti başa çatdıqdan sonra məsələyə tamamilə aydınlıq gətiriləcəyini bildirib.
Avg 05
Elçin Abdullayev: “Azərbaycanda himayəsiz uşaqlardan məqsədli şəkildə istifadə edirlər”
“Azərbaycanda dilənçiliklə məşğul olan uşaqlardan məqsədli şəkildə istifadə edən və onları himayə edənlər var”. Bu barədə AJAŞ Xəbər-ə Demokratik Təsisatlar və İnsan Haqları İB-nin sədri Elçin Abdullayev bildirib. Ekspertin sözlərinə görə dilənçi uşaqlar yığdıqları pulları özlərinin şəxsi problemlərinə yox, hansısa görünməyən cinayətkar qruplara ötürürlər. Ölkəmizdə uşaqların dilənçiliyə cəlb olunmasının insan alverinin geniş yayılmış formalarından biri olduğunu deyən təşkilat sədri vurğulayıb ki, dilənçi uşaqlarla bağlı problem həll edilmədikcə, cəmiyyət üçün potensial cinayətkar problemi riski də böyüyür: “Baş vermiş hadisə və bizi narahat edən bəzi məqamlarla bağlı DİN-nə müraciət etdik. Bundan sonra məlum oldu ki, cənab nazir Ramil Usubov məsələnin araşdırılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə xüsusi göstəriş verib. BŞBPİ-dən bizə daxil olan rəsmi məktuba görə, müraciət əsasında 157 nəfər saxlanılıb və inzibati qaydada məsuliyətə cəlb edilib”. Lakin E. Abdullayev qeyd edir ki, bu, heç də problemin həll olunması demək deyil: “Əvvəllər cinayətkar qrupların fəaliyyət istiqamətləri şəhərin müəyyən hissəsindəydisə, indi onlar başqa istiqamətdə yenə də fəaliyyətlərini davam etdirməkdədirlər”.
Elçin Abdullayev səfil və dilənçi uşaqların gigiyenik vəziyyətləri qeyri-normal olduğundan, onların yoluxucu xəstəliklərə tutulma ehtimalının da böyük olması barədə xəbərdarlıq edib: “Belə uşaqların yığdıqları pulların virus mənbəyi kimi təhlükəliliyi də aktual məsələdir və bu, hamını düşündürməlidir”.
Avg 04
Konsepsiyanın tətbiqində məqsəd qiymətli kağızlar bazarı üzrə əhalini maarifləndirməkdir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyasının realizəsinə başlayıb. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə QKDK aparatının rəhbəri Mehman Abbas bildirib. M. Abbasın sözlərinə görə, konsepsiyanın əsas məqsədi ölkə əhalisinin məlumatlandırılması və maarifləndirilməsidir: “Konsepsiya ölkədə kapital bazarının bütün iştirakçılarını - sərmayədarları, emitentləri, peşəkar iştirakçıları, eləcə də KİV-i, ali təhsil müəssisələrinin müəllimlərini və tələbələrini, həmçinin geniş əhali təbəqəsini əhatə edir. Konsepsiya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin internet səhifəsinin, qəzet və nəşrlərin, eləcə də televiziyanın köməyi ilə icra ediləcək”. Aparat rəhbərinin sözlərinə görə, qiymətli kağızlar bazarı sahəsində ölkə əhalisinin maarifləndirilməsi məqsədilə mümkün nəşrlərin, televiziya proqramlarının, qaynar xəttin açılması, seminarlar və dəyirmi masaların təşkili planlaşdırılır: “Beynəlxalq ekspertlərlə birgə ixtisaslaşdırılmış lüğət, eləcə də normativ sənədlər toplusu hazırlanaraq dərc olunacaq. Bazar iştirakçıları kimi əhalidən arzu edənlərə də təlimlərin keçirilməsi üçün kapital bazalar üzrə tədris mərkəzi açılacaq”.
Qeyd edək ki, bu gün sözügedən konsepsiya çərçivəsində komitə tərəfindən Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İsveçrənin Dövlət Katibliyinin iştirakı ilə “Kapital bazarının inkişafında korporativ idarəetmənin rolu” mövzusunda ilk seminar keçirilib.
Avg 04
“Yeni Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edirlər. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Məcəllənin hazırlanmasında beynəlxalq təcrübədən də geniş istifadə olunur”. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Tikintinin, iqtisadiyyatın çox mühüm sahəsi olduğunu deyən Z. Səmədzadə, vurğulayıb ki, bu sahənin normal fəaliyyəti müəyyən normativ hüquqi sənədlərə, qanunlara əsaslanmalıdır: “İqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığı getdikcə artır. Digər sahələr kimi tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradıb”. Millət vəkili hesab etdiyini bildirib ki, Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış şəraiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılmasını təmin edəcək. Həmçinin ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək: “Ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunmasıdır və bu məsələ Məcəllədə ayrıca olaraq öz əksini tapacaq”.