Konsepsiyanın tətbiqində məqsəd qiymətli kağızlar bazarı üzrə əhalini maarifləndirməkdir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyasının realizəsinə başlayıb. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə QKDK aparatının rəhbəri Mehman Abbas bildirib. M. Abbasın sözlərinə görə, konsepsiyanın əsas məqsədi ölkə əhalisinin məlumatlandırılması və maarifləndirilməsidir: “Konsepsiya ölkədə kapital bazarının bütün iştirakçılarını - sərmayədarları, emitentləri, peşəkar iştirakçıları, eləcə də KİV-i, ali təhsil müəssisələrinin müəllimlərini və tələbələrini, həmçinin geniş əhali təbəqəsini əhatə edir. Konsepsiya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin internet səhifəsinin, qəzet və nəşrlərin, eləcə də televiziyanın köməyi ilə icra ediləcək”. Aparat rəhbərinin sözlərinə görə, qiymətli kağızlar bazarı sahəsində ölkə əhalisinin maarifləndirilməsi məqsədilə mümkün nəşrlərin, televiziya proqramlarının, qaynar xəttin açılması, seminarlar və dəyirmi masaların təşkili planlaşdırılır: “Beynəlxalq ekspertlərlə birgə ixtisaslaşdırılmış lüğət, eləcə də normativ sənədlər toplusu hazırlanaraq dərc olunacaq. Bazar iştirakçıları kimi əhalidən arzu edənlərə də təlimlərin keçirilməsi üçün kapital bazalar üzrə tədris mərkəzi açılacaq”.
Qeyd edək ki, bu gün sözügedən konsepsiya çərçivəsində komitə tərəfindən Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İsveçrənin Dövlət Katibliyinin iştirakı ilə “Kapital bazarının inkişafında korporativ idarəetmənin rolu” mövzusunda ilk seminar keçirilib.
