“BƏY VERƏN ATIN DİŞİ”VƏ YA“HƏDİYYƏ” EVLƏR BARƏDƏ…
Araşdırmalar İyul 20th. 2009, 12:35pm
Mənzil problemi bəlkə də cəmiyyətimizin ən ciddi problemidir. Bu gün yeni ailə quranlar bir yana, uzun illərdir evsizlik ucbatından olmazın əziyyətini çəkən kasıb ailələrin vəziyyəti həqiqətən də dözülməzdir. Gündəlik qəpik-quruş qazancının böyük hissəsini kirayə mənzil haqqı üçün ödəyən ailə başçısını “görəsən axşam evə nə aparacam?” sualından da çox narahat edən daha ciddi bir sual var: “görəsən öz mənzilimiz nə vaxt olacaq və onu necə əldə edəcəyik?”…
Artıq öz qazancları hesabına mənzil problemini həll etmək ümidini itirmiş minlərlə ailəyə nə İpoteka fondunun oyunları, nə də təsadüfi xoşbəxtlik xülyaları təskinlik verə bilmir.
Mənzilə sahib olmağın iki yolu var: ya torpaq alıb ev tikməlisən, ya da hazır mənzil əldə etməlisən. Real olan budur ki, bunların heç biri mümkün deyil. Torpağın, üstəlik tikinti materiallarının qiyməti vətəndaşların aldıqları məvaciblə müqayisədə fantastik dərəcədə böyük olduğundan torpaq alıb ev tikməkdən danışmağa dəyməz. Hazır mənzil əldə etmək isə…
Əvvəllər, xüsusilə sovet dövründə dövlət hesabına mənzillər tikilərək müxtəlif qaydalar əsasında vətəndaşların istifadəsinə verilirdi. Əvvəllər mənzil növbəsi də vardı. Vətəndaş arxayın idi ki, işlədiyi müəssisənin hesabına nə vaxtsa onun da evi olacaq. İndi sovet dövrü deyil. Dövlət hesabına da mənzil tikilmir. Mənzil növbələri də müəmmalı məsələdir; nə ləğv edilib-edilməməsi məlumdur, nə də ortada bir şey var… Mənzillərin tikintisi indi özəl şirkətlər hesabına aparılır. Özəl şirkətlərin də təbii ki, özünə xas “özəllikləri” və “gözəllikləri” var.
Araşdırmalarımız zamanı diqqətimizi bir məsələ daha çox cəlb etdi – sən demə özəl tikinti şirkətləri tikdikləri hər yeni yaşayış binasından müəyyən qədər mənzil ayıraraq hökumətə, daha dəqiq desək, BŞİH-ə “hədiyyə” etməli imiş. Ona görə “hədiyyə” ki, bu mənzillər sonradan da dövlət tərəfindən kimlərəsə “hədiyyə” olunur. Amma necə?
Adının çəkilməsini istəməyən şirkət meneceri “Azadlıq” radiosuna bildirir ki, hər yeni tikilən binadakı mənzillərin 10 %-ni hökumətə verirlər. O da bildirilir ki, guya həmin mənzillər dövlət başçısı tanınmış şəxslərə və s. hədiyyə etmək üçün ayrılır. Əgər 16-17 mərtəbəli, 4 bloklu binada təxminən 200-ə qədər mənzil olduğu nəzərə alınsa, deməli, həmin binanın 20 mənzili hökumətin hesabına keçirilir.
“Əmlak Bazarı İştirakşıları” İctimai Birliyinin icraçı-direktoru Ramil Osmanlının AJAŞ Xəbər-ə verdiyi məlumata görə, 2003-cü ildən indiyədək 1000-dən artıq yeni yaşayış binası tikilib, 484 bina isə tikilməkdədir. Əgər hər yeni binanın mənzillərinin 10%-nin hökumətə verildiyinə inansaq, demək olar ki, indiyədək hökumətə, daha doğrusu BŞİH-nin sərəncamına 18 000 mənzil (təxminən 1500 bina və hər binada orta hesabla 120 mənzil olduğunu nəzərə alsaq) verilib. Maraqlı sual ortaya çıxır: görəsən doğrudanmı 2003-cü ildən bəri 6 il müddətində ölkə prezidenti ümumilikdə 18 min mənzil hədiyyə edib? Belə çıxır ki, ölkə prezidentinin hədiyyə etdiyi mənzillərin sayı orta hesabla hər gün üçün 8 ədəddən artıqdır. Əlbəttə, rəqəm çox böyükdür və qətiyyən inandırıcı görünmür. Buradan sadə şəkildə belə bir nəticəyə gəlmək mümkündür ki, ölkə prezidentinin bağışladığı mənzillər, özəl şirkətlərdən qanuni yaxud qeyri-qanuni alınan mənzillərin çox cüzi hissəsini təşkil edir. Yerdə qalan mənzillərin taleyi isə naməlumdur.
Ev probleminin həlli xahişi ilə hətta Azərbaycan Respublikası Prezidentinin şəxsi internet saytına müraciət edənlər isə müxtəlif instansiyalar tərəfindən bir müddət fırladıldıqdan sonra çox mədəni şəkildə problemi ilə baş-başa buraxılır. Məlum olur ki…
Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparat rəhbəri Bəxtiyar Fərəcbəyli bizə bildirir ki, hazırda dövlət hesabına yaşayış binaları tikilmədiyi üçün BŞİH-nin sərəncamında boş mənzil fondu yoxdur.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu da AJAŞ Xəbər-in müxbiri ilə söhbətində B. Fərəcbəylinin dediklərini təsdiq edir. Bildirir ki, həqiqətən də mənzil tikintisinin maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsait ayrılmır: “Ona görə də ölkə prezidentinin bağışladığı mənzillərin necə və haradan əldə edilməsi sual doğurur. Mənə görə, özəl şirkətlər tikdikləri binalardan BŞİH-ə mənzil fondu ayırırlar. Lakin bunun hansı qanunla hansı çərçivədə tənzimlənməsi naməlumdur. Çox güman ki, qeyri-rəsmi qaydada tənzimlənir. Çünki qanunla özəl şirkət, tikdiyi mənzildən BŞİH-ə fond ayırmağa borclu deyil”. Q.İbadoğlu eyni zamanda vurğulayıb ki, sözügedən mənzillərin prezidentin ehtiyat fondundan pul ayıraraq alınması versiyası da istisna deyil, ona görə də məsələ araşdırılmalıdır.
Əlbəttə, hər bir qaranlıq məsələnin araşdırılmasına ehtiyac var. Amma necə? Bu ölkədə jurnalisti sayıb suallarını cavablandıran bir dövlət idarəsi varmı? Olsa belə, strateji suallar barədə o idarə də susur. Digər tərəfdən, qaranlıq məsələlərin araşdırılmasında cəmiyyət nə dərəcədə maraqlıdır? Həmçinin araşdırmalar nəticəsində ortaya çıxmış qeyri-adi nəticələrlə ictimai fikirdə ciddi rezonans doğuracağına jurnalistlər nə dərəcədə əmindir?
Bu da qaranlıq məsələdir…
