Biz, biz olsaq…
Araşdırmalar May 6th. 2008, 9:17amYerli əhalinin təşəbbüsü ilə “Salyan OİL” bərbad hala saldığı yolları təmir edib
Öncə onu deyək ki, Azərbaycanın neft və qaz hasilatı sektorunda fəaliyyət göstərən “Salyan OİL” Milli Məclis tərəfindən 16 aprel 1999-cu il tarixdə ratifikasiya edilmiş və Azərbaycan tərəfi ilə şirkət arasında bağlanmış “Azərbaycan Respublikasında Kürsəngi və Qarabağlı neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında” sazişə əsasən işləyir.
Ümumiyyətlə, Salyan rayonuna məxsus bu ərazidə 45 ildən çoxdur ki, neft və qaz çıxarılır. Bu isə ərazinin ekoloji cəhətdən çirklənməsinə, bir sıra sosial infrastrukturların bərbad hala düşməsinə səbəb olur. Şirkətin fəaliyyəti dövründə yerli icmalar torpaqla əlaqədar kompensasiyaların ödənilməməsi, ətraf mühitə vurulan ziyan, yolların korlanması, maşın və avadanlıqların törətdiyi səs-küydən narahatlıq kimi problemlərlə qarşılaşıblar.
İcma üzvlərinin dediyinə görə, müəyyən müddət şirkət rəhbərliyinə edilən çoxsaylı müraciətlər nəticəsiz qalıb. Salyan rayonunun paytaxtdan uzaqda olması, həmçinin vətəndaş cəmiyyətinin qeyri-fəallığı problemlərin həllinin yubadılmasına səbəb olub.Vətəndaşların fəallığının artirilması və qarşılaşdıqları problemlərin həllində bilavasitə özlərinin iştirakının təmin edilməsi məqsədilə Açıq Cəmiyyət İnstitutu tərəfindən yaradilan Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan üzrə əlaqələndiricisi Emil Məmmədovun verdiyi məlumata görə, onların təşəbbüsü ilə “Salyan OİL” ərazidəki yolların bərpasına başlayıb: “Salyanda fəaliyyət gostərən Vətəndaş Nəzarəti Məntəqəsinin birbaşa təşəbbüsü ilə Ələt-Astara avtomobil yolunun 31-ci kilometrliyindən Əli Bayramlı-Salyan yolunun 17-ci kilometrliyini birləşdirən, 5 kənddə 15 min nəfərə yaxın əhalinin istifadə etdiyi və ”Salyan OİL”şirkətinin təsirinə məruz qalmış 22 km yolun vəziyyəti ilə bağlı monitorinq apardıq. Bundan sonra şirkətlə danışıqlarımız oldu və şirkət ötən ilin dekabrından yolda bərpa işlərinə başlamaq qərarına gəldi”.
Emin Məmmədovun bildirdiyinə görə, bu məqsədlə “Salyan OİL” əməliyyat şirkəti podrarçı təşkilatı olan “İlkin-N” firmasına 22 000 manat pul ayırıb.Yolun ən çox sıradan çıxmış hissəsi Aydıngün (Milli Məclisin qərarı ilə Yeni Uluxanlı adlanır) kəndinin ərazsisindən keçir: “Yerli icmalar yol probleminin həllində yaxından iştirak edirlər. Yeni Uluxanlının bələdiyyə sədri Qulu Novruzov sakinlərlə birgə çox aktiv şəkildə yolun təmiri prosesinə qatılıb və neft şirkəti ilə danışıqlar aparır. İcma üzvləri ”Salyan OİL” şirkətinin sosial-inzibati ərazi idarəetmə şöbəsinin rəis müavini Mirzəağa Əbilovla gorüşərək yolun bərpasından sonra həllini gözləyən digər problemləri də müzakirə ediblər. Bundan başqa şirkətin fəaliyyətinin Şirvan Milli parkına təsiri və bu təsirlərin aradan qaldırılması yolları barədə söhbət aparılıb.”
“Salyan OİL” şirkətinin təmsilçiləri yerli icmaların sakinləri ilə əməkdaşlıqda və şirkətin fəaliyyəti nəticəsində yaranmış problemlərin birgə həllində maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, hazırda “Salyan OİL” əməliyyat şirkəti 22 km-lik Kürsəngi-Yolüstü yolunda təmir işlərini başa çatdırıb. Yolun təmirdən sonrakı vəziyyəti Vətəndaş Nəzarəti Məntəqəsində Yeni Uluxanlı, İkinci Varlı, Kürsəngi bələdiyyələrinin və icma nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Hazırda “Salyan OİL” əməliyyat şirkəti Kürsəngi Bələdiyyəsinin torpaqlarında hələ sovetlər dövründə neftlə çirklənmiş ərazilərdə torpağın təmizləməsi işlərini həyata keçirir.
Vətəndaş Nəzarəti Şəbəkəsinin əlaqələndiricisi Esmira Əsədullayevanın verdiyi məlumata görə, “Soros” Fondunun dəstəyilə rayonlarda yaradılmış vətəndaş nəzarəti məntəqələri artıq xeyli nailiyyətlər əldə edə bilib: “Bu, sübut edir ki, vətəndaşların özünün öz problemlərinin həllində təşəbbüs göstərməsi və cavabdeh qurumları problemlərin həllinə cəlb etməsi müsbət nəticələr verir. Bizim də əsas məqsədimiz məhz əhalinin aktiv təşəbbüslərinə dəstək verməklə onları öz problemlərinin həlli üçün səfərbər etməkdir. Bu, vətəndaş cəmiyyəti quruculuğunda vacib mərhələdir”.
Anar Orucov/Ajash.org
