Dünyanın ən böyük sələmçilərindən olan bank Azərbaycanda korrupsiyalaşmış hökumətin mənafeyinə xidmət edir
Dünya Bankı Azərbaycan üçün yolların təmiri ilə bağlı 300 milyon dollarlıq kredit ayırdığı barədə məlumat açıqlayıb. Məlumatda bildirilir ki, vəsaitlər əsasən Şərq-Qərb və Şimal-Cənub koridorlarının hissəvi təmirinə yönəldiləcək.

Dünya Bankının «səxavəti» bununla yekunlaşmır. Belə ki, əlavə olaraq, Azərbaycanı Rusiya və İranla birləşdirən yolların modernləşdirilməsinə vəsait ayrılacağı bildirilir. Maraqlıdır ki, Dünya Bankı Azərbaycanda yollar üçün vəsait ayırdığı halda, Qırğızıstanın kənd təsərrüfatı sahəsini dəstəkləyir. Belə ki, ölkəmiz üçün «yol xərci»nə (həm də külli miqdarda – müəl.) kredit ayıran DB Qırğızıçtanın kənd təsərrüfatının inkişafı üçün 8 milyon dollarlıq kredit ayırdığını açıqlayıb.

DB-nın pərdəarxası məqsədləri nədir?
Qeyd etmək lazımdır ki, Dünya Ticarət Təşkilatına üzv olmağa bir az tələsmiş Qırğızıstanın kənd təsərrüfatı sahəsində,doğurdan da, ciddi problemlər var. Hələ iki il əvvəl DTT ilə bağlı Moskvada düzənlənmiş böyük toplantıda Qırğızıstandan olan ekspertlər  bunu vurğulamışdılar. Tədbirdə hətta DB-nin DTT-yə üzvlükdən əvvəl ayrı-ayrı ölkələri kreditləri ilə necə asılı vəziyyətə salması barədə fikirlər də səslənmişdi. Azərbaycanda isə durum fərqlidir. Ölkəyə neft pullarının sürətlə daxil olduğu və bu gəlirlərin səmərəli xərclənməsi üçün ideal strategiyası və xüsusilə də təcrübəsi olmayan bir hökuməti dəstəkləyən DB-nin pərdəarxası məqsədləri olmalıdır. Elə bu hökumət kreditlərin alınmasının normal bir hal olduğunu və borclarımızın hələ ki, narahatlıq doğuran həddə olmadığını deməklə, təskinlik tapır. Maraqlıdır ki, DB modernləşdirilən yollar üçün kredit ayırır, Azərbaycan hökuməti də «be çeşm» deyə, qəbul edir. Ancaq DB də, elə hökumətin özü də bu krediti qaytarmaq üçün yolların heç də gəlir gətirməyəcəyinin fərqində deyillər. Bəlkə, kimsə ödənişli yolların gəlir gətirəcəyini söyləyib buna etiraz edə bilər. Ancaq unutmayaq ki, dünya standartları ilə tikildiyi bildirilən bu yollar hər il elə tikintisinə qoyulan qədər təmir xərci istəyir ki, ödənişli olduğu halda yollar yalnız bu xərci ödəyə bilər. Hətta bunun özü də xəyaldan başqa bir şey deyil. Nə məqsədi var, DB-nin, əcaba?

Milli Büdcə Qrupunun ekspertlərindən Zöhrab İsmayılovun sözlərinə görə, ümumiyyətlə, respublikanın iri avtomobil yolları beynəlxalq kreditlər hesabına tikilir. Büdcə isə buraya cəmi 10-20 faiz həcmində vəsait ayırır: «2008-ci ildə nəqliyyat sektoruna 542,081 milyon manat ayrılıb. Dünya Bankının ayırdığı vəsait əsasən Ələt-Astara yolunun tikintisinə sərf olunacaq. Burada büdcədən cəmi 26,5 milyon manat vəsait ayrılıb. Dünya Bankının ayırdığı vəsaitin ikinci hissəsi isə Gəncə-Qazax avtomobil yolunun yenidənqurulması üçün nəzərdə tutulub».
Azərbaycanı borclandırmaq!

Həm də Azərbaycanın artmaqda  olan neft gəlirləri üçün, deyəsən, bizdən başqa hər kəsin qərar qəbul etmək haqqı var. «Biz» dedikdə,  xalqı nəzərdə tuturam, hansı ki, neftin onun sərvəti olduğu barədə Konstitusiyadakı cızmaqaralardan (bu ifadə əsla Ana Yasamıza sayqısızlıq kimi qəbul edilməməlidir - müəl.) başqa, dünyasını dəyişmiş dövlət başçısı Heydər Əliyevin də dedikləri, mənə sovet dönəmini xatırladan şüarlar şəklində Bakının divarlarına həkk edilib.

Bir tərəfdən «neftimiz var, dünyanın enerji problemlərinin açarıyıq, nə bilim, qıfılıq» deyirik, başqa bir təfədən isə hər yerindən duran bizə «yol xərcliyi» verir. Buna qədər İslam İnkişaf Bankı, Küveyt Fondu, daha nə bilim  kimlərin «cibimizə dürtdüyü yol xərcliyi» göz qabağındadır.

Yol «tapıntılarına» Azərbaycan hökuməti göz yumur, bəs DB?
Araşdırmaçı jurnalistlərin Azərbaycan Şəbəkəsinin üzvü Çingiz Sultansoy  İpək yolunun Ələt-Qazıməmməd istiqamətindəki işlərlə bağlı apardığı araşdırma zamanı tikintidən dərhal sonra yolun dağılmasını təsdiqləyən faktları silsilə yazılarla ictimaiyyətə çatdırmışdı. Şərq-Qərb deyə təqdim olunan yol elə məşhur İpək Yolunun özüdür. İpək yolunun tikintisindən sonra artıq dəfələrlə hansı yerdə nə qədər təmir və bərpa işlərinin aparıldığını, yəqin ki, çoxu bilir. Bəs DB?  Şübhəsiz ki, dünyanın inkişaf etməkdə (inkişaf etmək isəyən daha doğru olardı – müəl.) olan ölkələrinə, kasıb Afrika məmləkətlərinə- dünyanın bütün üçüncü dərəcəli ölkələrinə  səxavətlə «kredit kisəsini» açan DB-nin öz məqsədləri var. Təəssüf ki, korrupsiyalaşmış milli hökumətlər də öz şəxsi mənafeləri üçün bankın bu siyasətini dəstəkləyir.

Ekspertlər borc və korrupsiya məsələsinə daha nikbin yanaşır. Z.İsmayılova görə,  yol da gəlir gətirəcək sahədir: «Beynəlxalq avtomobil daşımaları baxımından, Bakı-Gürcüstan, Bakı-Rusiya sərhəddi və Ələt - İran sərhəddi yollarının qurulması vacibdir. Dünya Bankı ayrı-ayrı ölkələrdə əsasən infrastuktur layihələrini maliyyələşdirir. Korrupsiya isə ümumi problemdir. Pullar yeyiləcəksə, yolda da yeyiləcək, kənd təsərrüfatında da». Ekspertə görə,  DB-nin pullarını yemək o qədər də asan deyil.

DB şəffaflıq istəyindədirsə, şəffaf olmayan hökumətlə necə işləyir?

Yəqin ki, bu, DB-yə məxsus «kommersiya sirrlərindəndir». Bu gün Azərbaycan hökuməti böyük tikinti layihələri ilə bağlı hər hansı hesabat təqdim etmir. Milli Məclisin Hesablama Palatası sədri  Heydər Əsədovun investisiya layihələri ilə bağlı yoxlamaların, auditlərin aparılması, hesabatlılığın təmin olunmasına münasibətini dərc etmişdik. Ekspertlər davamlı olaraq vəsaitlər üzərində dövlət və ictimai nəzarətin olmaması və bunun da korrupsiya hallarına geniş meydan açması ilə bağlı davamlı çıxışlar etsə də, hökumət hələ ki, öz bildiyini sayır. Məgər DB bunları görmürmü?
Yeri gəlmişkən, DB bir çox layihələr üçün kreditlər ayırır, ancaq təəssüf ki, bu vəsaitlərin xərclənməsi ilə bağlı heç də hər zaman ictimaiyyətə məlumat verilmir. Verilən məlumatlar da çox zaman hər kəs üçün əlçatan olmur. Məsələn, DB təhsil sahəsindəki islahatlara böyük kreditlər ayırıb və bu proses bu gün də davam etməkdədir. Ancaq təhsildəki islahatlar sayəsində əldə edilmiş nəticələr heç də uğurlu deyil. Elə əməkdaşımızın bir müddət əvvəl təqdim etdiyi materialdakı bir faktı diqqətinizə çatdırmaq istərdik ki, orta hesabla bir sinif otağının tikintisi 55 min manata başa gələn məktəblərin ali məktəblərə qəbul dərəcələri çox aşağıdır. Bu da təhsildəki kredit hesabına aparılan «islahatların» « müsbət» sonucu kimi qiymətləndirilə bilər.

DB hazırda təhsil, səhiyyə sahəsində kreditlərin verilməsini davam etdirir. Üstəlik də yol… Maraqlıdır ki, ən sadə insanların kor-kor, gör-gör görə bildiklərini dünyanın ən böyük sələmçilərindən olan DB görmür, daha doğrusu, görmək istəmir. Ona görə ki, bu tipli maliyyə qurumlarının siyasəti heç də ölkələrin inkişafını təmin etməyə deyil, inkişafı nəzarətdə saxlamağa və gərəkdiyində cızığından çıxmaması üçün borclandırmağa xidmət edir.

Şəhla Əbusəttar

Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi