Monopoliya imperiyası
Araşdırmalar Aprel 18th. 2008, 1:36pm“Günbəgün qiymətlər qalxır. Turba (BTC nəzərdə tutulur – A.O) işə düşəndən vəziyyət bir az da gərginləşib. Dünyada neft od qiymətinə satılır, bizim neftimiz ola-ola biz batırıq. Televiziyada deyirlər neftdən belə pul gəlir, xarici şirkətlər ölkəyə belə pul qoyur – elə pul qoyur, hamısı fırıldaqdır. Əliyevin (Heydər Əliyev – A.O) vaxtı bundan yaxşıydı”- bu Bakıda yaşayan 54 yaşlı taksi sürücüsü Adil Quliyevin fikirləri olsa da, ölkə iqtisadiyyatında ciddi fırıldaqların olması faktlarla təsdiqlənir.
Türkiyənin məşhur «Kurtlar Vadisi» serialında maraqlı bir epizod var: vadinin qoca “qurd”larından biri yeni baron seçilmiş Polad Alemdara qeyri-qanuni yollarla qazanılmış milyardlarla dolların necə leqallaşdırılması əməliyyatından belə bəhs edir: Qanunsuz yollarla toplanmış milyardlar nağd şəkildə ölkədən kənara çıxarılır. Sonra orada əvvəlcədən razılaşdırılmış şəkildə banklara yatırılır və bu qanınsuz milyardalar leqallaşdırılmıq üçün xarici sərmayə adı altında Türkiyəyə geri gətirilib iqtisadiyyata qoyulur. Beləliklə, həm iri məbləğdə pullar leqallaşdırılır, həm də guya yeni baronun ölkəyə böyük məbləğdə xarici sərmayə cəlb etməsi və dünyada çox nüfuzlu bir insan olması ilə bağlı görüntü yaradılır.
Qeyri leqal pulların yuyulması əməliyyatı və bunun ölkəyə xarici sərmayə adı ilə cəlb olunması ilə bağlı yuxarıda qeyd olunan düstür heç bir dəyişiklik olmadan Azərbaycanda da tətbiq edilir. Yəni yüksək çinli məmurlar tərəfindən qazanılmış çirkli pullar hər hansı vasitə ilə xaricə ötürülür, orada banklarda yerləşdirilir və off-şor zonalarda tez-bazar təsis olunan, adı xarici əslində isə yüksək rütbəli yerli məmurlara məxsus neft şirkətlərinin vasitəsilə yenidən Azərbaycan iqtisadiyyatının ən gizli və gəlirli sahəsinə yatırılır.
Bu prosesdən qeyd olunduğu kimi 3 növ fayda götürülür:
1. Çirkli pullar leqallaşdırılır;
2. Yenidən ölkəyə gətirilən bu pullar ictimaiyyətə xarici sərmayə adı altında təqdim olunur və bununla hökumətin yeritdiyi «uğurlu» siyasətin nətigəsi olaraq ölkəyə qoyulan xarici investisiyanın artması görüntüsü yaradılır;
3. Leqallaşdırılmış çirkli pullar yenidən onun əldə edildiyi ölkəyə yatırılmaqla yeni çirkli pulların qazanılması əməliyyatını asanlaşdırır;
Bunun sübutu kimi bir ziddiyyətli məqama diqqət çəkmək vacibdir: Məsələ burasındadır ki, investisiya yatırılmasına görə dünyanın ən öndə gələn ölkələrindən olsa da, xarici investisiyanın cəlbediciliyi baxımından beynəlxalq qurumlar ölkəmizi qətiyyən cəlbedici hesab etmirlər. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar investisiyalar yatırılır amma əcnəbi şirkətlər Azərbaycanı investisiya mühitinin cəlbediciliyinə görə ən bərbad vəziyyətdə olan ölkələrdən hesab edirlər.
Statistikaya və hesabatlara diqqət yetirək:
Son illərdə Azərbaycan iqtisadiyyatına qoyulan iqvestisiyaların bütünlükdə 80 faizi neft sektorunun payına düşür. Bu sərmayələrin 71 faizi isə xarici kapitalın ayağına yazılır. Deməli, ölkənin neft sektoruna hələ də, milyardlarla dollar xarici sərmayə yatırılır. Statistikaya əsasən, təkcə 2005 ci ildə ölkə iqtisadiyyatına 6.3 milyard AZN sərmayə qoyulub və əvvəlki ilə nisbətən 12.7 faiz artım nəzərə çarpıb. Bu ilk baxışdan uğurlu bir iqtisadi siyasət yeridilməsi təsiri bağışlayır. Rəsmi mənbələrin məlumatına əsasən, investisiyaların adambaşına düşən həcminə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ilk yerlərdən birini tutur. BMT-nin Ticarət və İnkişaf Konfransının 2005 ci ildə dərc etdiyi hesabatında da investisiya cəlbinə görə Azərbaycanın dünyada birinci yerdə olduğu göstərilib.
Amma 2006 -cı ildə əvvəllərində məşhhur «Forbes» (Forbes) jurnalı sərmaye yatırmaq baxımından (Forbes Capital Hospitality Index) ən cəlbedici sayılan ölkələrin reytinqini açıqlayarkən Azərbaycanın adı 135 ölkə içərisində 122-ci yerdə göstərilib. Hesabatın hazırlanmasında bürokratiyanın biznesə təsiri, hakimiyyətin korrupsiyalılığı, makroiqtisadi göstəricilər - ümumi daxili məhsulun artım tempi, xarici ticarət balansı, texnoloji inkişaf səviyyəsi, korrupsiyadan gələn gəlirlər və s. bu kimi parametrlər əsas götürülüb.
Bundan başqa, ən məntiqsizi budur ki, bir sıra nüfuzlu ekspertlər və qurumlar (məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı) Azərbaycanı xarici yatırımlar üçün təhlükəli ölkə hesab edir. Amma ölkəyə sərmayə axının davam etdiyi faktdır.
Yəni, Azərbaycan investisiya cəlbediciliyi baxımından dünyanın ən aşağı reytinqli ölkələri sırasındadır, hətta bəzi qurumlar buranı sərmayələr üçün təhlükəli ölkə hesab edir amma faktiki olaraq investisiya cəlbinə görə Azərbaycan dünyada öncüllərdən biridir. Bəs, bu məntiqsizliyi yaradan nədir?
Mənzərə aydınlaşmağa başlayır: Tədqiqata əsasən bu məntiqsizlik iki gür mənbənin fəaliyyəti nəticəsində qaynaqlanmağa başlayır:
1. Azərbaycan hökuməti ilə sıx ilişkiləri olan bir qrup xarici investor digər xarigi investisiyalar üçün təhlükə kimi qeyd olunan korrupsiyalaşmanın ifrat həddindən istifadə edərək heç bir digər bürokratik əngəl olmadan yalnız rüşvətlə bütün problemləri həll edərək küllü miqdarda gəlir əldə etmək üçün bura investisiya qoymaqda davam edir;
2. Ölkəyə qoyulan və xarici investisiya kimi təqdim olunan milyardlar əslində xarici investisiya deyil, Azərbaycanın yüksək rütbəli məmurlarının kapitalıdır ki, bunu da xarigi banklara yatırıldıqdan sonra istifadəsini leqqallaşdırmaq üçün xaricdə yaradılan şirkətlər vasitəsilə yenidən ölkə iqtisadiyyatının monopoliyalaşmış və daha rahat gəlir əldə edilə bilən sahələrinə qoyulur.
Həm birinci həm də, ikinci halda maxinasiya həyata keçirilməsi üçün geniş imkanlar var və bu imkanlardan yararlanılır. Azərbaycan iqtisadiyyatında, xüsusilə də neft sektorunda çox böyük sayda off-şor zonalarda qeydiyyatı olan şirkətlər fəaliyyət göstərir ki, bunların da əksəriyyəti Azərbaycandan qazanılmış çirkli və ya mənşəyi bilinməyən pullarla yaradılan və arxasında qeyri - rəsmi olaraq çox yüksək ranqlı məmurların dayandığı şirkətlərdir. Onların bir çoxlarının adına heç yerdə rast gəlmək mümkün deyil. Və belələri bəzən yalnız kağız üzərində mövcud olur və adından müxtəlif tipli maxinasiyaları həyata keçirmək üçün istifadə olunur. Ansad Petrol, Rompetrol Azerbaijan Ltd. Yarli. Boruma Assosiasiyasi, «Target Petroleum», Petrochem Group, Hydrolink Caspian Ltd. kimi şirkətlər var ki, adları bu sahədə çalışan və ya şəffaflıq təşəbbüslərini araşdıran çox az şəxsə tanışdır.
İsrarla adının çəkilməməsini tələb edəb edən və yuxarıda qeyd olunan şirkətlərdən birinin keçmiş əməkdaşı danışır: “Şirkət demək olar ki, bir neçə nəfərdən ibarət idi. Günəşli yatağının dayaz sulu hissəsində qaz kompressor stansiyası qurulmalı idi. Bu işin görülməsi üçün ARDNŞ-la 40 milyon dollarlıq müqavilə bağlanmışdı, sonra Simens şirkəti ilə razılaşdırıldı ki, 20 milyon dollara işi onlar görsünlər. Beləcə ancaq kağız üstündə 20 milyon dollar gəlir var idi”.
Bu sadəcə bir nümunədir.
“Publish What you Pay” (Ödədiyini Dərc Et) beynəlxalq koalisiyasının kordinatoru Henry Parham Azərbaycan iqtisadiyyatında baş verənlərə münasibətini belə açıqlayır: “Bir çox inkişaf etməkdə olan ölkələrdə korrupsiyanın yüksək səviyyəsi ilə neftdən gələn gəlirlər arasında bağlılıq sübut olunub. Azərbaycanda da korrupsiyanın və maliyyənin düzgün idarə olunmamasının uzun tarixi var. Azərbaycanın neftdən asılı ölkəyə çevrilməsi neft sənayesinin korrupsiyaya daha geniş imkan yaratmasına səbəb olub.”
Xaricdə qeydiyyatdan keçirilən və Azərbaycanda fəaliyyət göstərən şirkətləin fəaliyyəti bəzən onun arxasında dayanan məmurun öz postundan kənarlaşdırılmasından sonra aydınlaşır. “Lexus-Nexus” informasiya bankında məlumatlarında 2002-ci il mart ayının 28-də İsveçrədə qeydiyyatdan keçən və direktorunun Fərzulla Yusifov adlı azərbaycanlı olduğu qeyd olunan “Allied Meridian Trading and Shipping Co.S.A.” adlı şirkətin olduğu bildirilir. İlk baxışdan və hətta xeyli müddət heç bir şübhə yaratmayan bu şirkətin adı sonradan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı “Azpetrol LTD” MMC-nin keçmiş prezidenti Rafiq Əliyevin cinayət işilə bağlı hallandırılırdı.
Mənbələrin məlumatından aydın olur ki, 2005-ci il fevral ayında “Azpetrol” MMC-yə məxsus əmlak şəklində olan 3894533,3 min manatlıq “Azpetrol LTD” MMC-nin nizamnamə fondundakı pay “Allied Meridian Trading and Shipping Co.S.A.” şirkətinə (şirkətin nümayəndəsi Rafiq Əliyev olub) bağışlanıb.
Bu halda da həmin məbləğ Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən qeyri-rezidentin gəliri olduğundan ödəmə mənbəyində vergiyə cəlb edilməli olsa da məbləğdən vergi tutumayıb və dövlət büdcəsindən yayındırılan verginin məbləği 778 min AZN təşkil edir.
Bundan başqa, R. Əliyevin işi ilə bağlı məhkəmə materiallarında göstərilir ki, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlama zamanı müəyyən edilib ki, “Azpetrol LTD” MMC ilə qeyri-rezident şəxs olan “Allied Meridian Trading and Shipping Co.S.A.” şirkəti arasında bağlanmış 31.12.2004-cü il tarixli AZTAMT 20050101 saylı müqaviləyə əsasən, “BP Exrloration (Caspian Sea) Limited” və “Exxon Azerbayan Limited” Xəzər dənizi hövzəsindən çıxarılan neft məhsullarını Azərbaycanın Böyük-Kəsik stansiyasından Batumi limanına qədər daşınmasını öz öhdəsinə götürüb. Vergi Məcəlləsinin 13.2.33 maddəsinə əsasən, beynəlxalq daşıma yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125.1.4 maddəsinə əsasən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən 6% məbləğində ödəmə mənbəyində vergi tutulmalıdır. Yoxlama ilə mənfəət vergisi üzrə cəmi 22850,46 AZN məbləğində verginin azaldılması müəyyən edilib.
Bu faktlar sübut edir ki, yerli məmurların dəstəyi ilə xaricdə yaradılaraq Azərbaycan iqtisadiyyatına cəlb edilən şirkətlər əksər hallarda birbaşa iqtisadi maxinasiyalara cəlb edilir.
Tədqiqat davam edəcək
Anar Orucov
