Neft gəlirlərinin xərclənməsində korrupsiya
Araşdırmalar Aprel 30th. 2008, 6:41pm

İcra müddəti başa çatan proqramların nəticələri ilə bağlı yoxlamalara başlanacaq
Hesablama Palatası hələ neft gəlirləri hesabına maliyyələşən layihələrin auditini gələcək iş planlarına salmaq üçün zərurət gözləyir
Azərbaycan hökumətinin korrupsiya hallarına qarşı atdığı addımların bundan idarət olması heç də təəccüb doğurmur. Hesablama Palatasının sədri Heydər Əsədovun KİV-ə verdiyi açıqlamasında bununla bağlı söylədikləri diqqət çəkməyə bilməz.
Təsadüfi deyil ki, ictimai qurumlar ayrı-ayrılıqda və eləcə də qruplar və alyanslar şəklində də (Milli Büdcə Qrupu, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycan Milli Koalisiyası, Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi, Himayədar Humanitar Tərəqqi İctimai Birliyi və s.- müəl.) büdcə vəsaitlərinin, eləcə də neft gəlirləri hesabına maliyyələşən layihələrin auditinin aparılması ilə bağlı davamlı çıxışlar edir və bunun zəruriliyini çoxsaylı araşdırma və tədqiqatların diqqət çəkən nəticələri ilə əsaslandırırlar.
İş planı Quran ayəsi deyil ki.. nədən dəyişilməsin?
H.Əsədov müsahibəsində bildirib ki, onun sədr seçilməsinə qədər təsdiq olunmuş iş planında investisiya layihələrinin auditi nəzərdə tutulmayıb. Çox böyük qanun layihələrinə, büdcə layihəsinə və digər mühüm sənədlərə əlavə və dəyişikliklər edildiyi halda, maraqlıdır ki, bu vacib məsələdə Hesablama Palatasının iş planına hər hansı dəyişiklik və əlavə edilməsi, necə deyərlər, müzakirə predmeti deyil. Ancaq bununla belə, sədr bildirib ki, səhiyyə, təhsil və mədəniyyət sahələrinin bütün obyektlərində ekspert analizləri aparılıb və bu analizlər müəssisələrə daxil olmadan, təqdim olunmuş hesabatlar əsasında aparılıb. Neft gəlirlərindən maliyyələşən layihələrin bu tipli ekspert analizi aparılmasına gəlincə, H.Əsədov iş planında bunun nəzərdə tutulmadığını vurğulayb. Sədr həmçinin, zərurət yaranarsa, bu tipli tədbirlərin yaxın illərdə Palatanın iş planına daxil ediləcəyini bildirib.
H.Əsədovun diqqətinə çatdırmaq yerinə düşərdi: belə bir zərurət neft gəlirlərinin yönəldildiyi ilk layihələr reallaşdırılmağa başladığından yaranmışdı. Bunun zəruriliyini ictimai qurumların keçirdiyi monitorinqlər və aparılmış tədqiqatlar da təsdiqləyir. Qeyd etmək yerinə düşərdi ki, MBQ xeyli vaxtdır büdcə investisiyalarının dövlət nəzarətindən və eləcə də ictimai nəzarətdən kənarda qalmasının korrupsiya hallarının genişlənməsinə yer açması ilə bağlı maraqlı fikirlər səsləndirir. MBQ, belə olan halda, vəsaitlərin qeyri-səmərəli israfından narahatlığını dəfələrlə bildirib. Eləcə də, MBQ bu fikirləri səsləndirərkən, məhz Hesablama Palatasının son illərdəki hesabatlarında əksini tapmış faktlara da söykənir. Hörmətli sədr bundan daha böyük zərurət yaranmasınımı gözləyir?
İnvestisiya layihələri yoxlanılacaq
Bütün sadalananlarla bərabər, ümidverici haldır ki, sədr bu il investisiya layihələrinə ayrılan vəsaitlərin yoxlaması ilə bağlı Palatanın iş planında tədbirlər nəzərdə tutulduğunu bildirib. O, bildirir ki, bir sıra investisiya layihələrinin maliyyəsi ilə bağlı yoxlamalar aparılacaq və nəticələr təsdiqlənəndən sonra ictimai müzakirəyə çıxarılacaq. H.Əsədov təqdim edəcəkləri hesabatın bütün məlumatlarının təfərrüatlı şəkildə hər kəsə açıqlanacağını vəd edir. Necə deyərlər, yaşayarıq, görərik. Ümid edirik ki, bu vədlər hökumətin seçki ilində sadəcə bir görüntü yaratmaq məqsədi daşımır. Hər halda, bu vədlərin sonucu ictimaiyyət və KİV tərəfindən diqqətdə saxlanılacaq.
Sədr zərurət gözləyir? Buyursun….
Neft gəlirlərindən maliyyələşən layihələrin auditinin aparılması üçün zərurət gözlənildiyini deyən sədr və eləcə də oxucularımız üçün əvvəllər də bildirdiyimiz bəzi faktları təkrarlamaq istərdik. Himayədar Humanitar Tərəqqi İctimai Birliyi hələ iki il əvvəl Neft Fondundan qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ayrılan vəsaitlərin monitorinqini keçirmişdi. Qeyd edək ki, monitorinq səkkiz qaçqın şəhərciyini əhatə etmişdi və külli miqdarda faktlar ortaya qoymuşdu. Belə ki, monitorinq nəticəsində aşkarlanmşdı ki, layihə hesabına 16 min ABŞ dollarına dəyərləndirilmiş bir mənzilin eynisini qaçqın öz vəsaiti hesabına 4000 dollar civarında xərclə tikib. Şəhərciklərdə su, işıq xətlərinin, yolların çəkilməsi və kommunal obyektlərin istifadəyə verilməsi üçün nəzərdə tutulan vəsaitlər sənədləşsə də, obyektlərin ya, ümumiyyətlə, istifadəyə verilməməsi, ya da qismən istifadəyə verilməsi faktları aşkarlanmışdı.
Jurnalist araşdırmaları…
Təhsil və səhiyyə sahəsində büdcədən maliyyələşən böyük proqramların həyata keçirilməsi ilə bağlı jürnalist araşdırmaları ötən 2-3 ildə çox maraqlı faktlar açıqlayıb. Məktəb Tikintisi Proqramı çərçivəsində Şəki, Xaçmaz və Göyçayda aparılan araşdırmaların nəticələrinə görə, inşa edilmiş məktəblərlə proqramda nəzərdə tutulmuş obyektlər arasında fərqlər var. Məktəblərin avadanlıqlarla təminatı sahəsində reallaşdırılan proqramla bağlı da çox maraqlı faktlar aşkarlanmışdır. Avadanlıqlar məktəblərə hər hansı bir sənəd əsasında təqdim olunmur, onların sayı, dəyəri barədə məktəblər hər hansı sənəd imzalamır. Bəzən bu avadanlıqların gətirilməsini məktəblər öz hesabına həyata keçirir. Tikintilərin vəsaiti gecikdirilir, tikintilər ya tamamlanmamış vəziyyətdə, ya da olduqca keyfiyyətsiz halda məcburi təhvil verilir. . MBQ ekspertlərinin araşdırmalarına görə, eyni ildə ABŞ səfirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 638 manatdırsa, Təhsil Nazirliyinin tikdirdiyi məktəbdə bir şagirdə düşən xərc 1870 manat olub.
Səhiyyə sahəsində də analoji hallar kifayət qədərdir. Proqramlarda nəzərdə tutulmuş tədbirlər planlı şəkildə, qrafikə uyğun həyata keçirilmir. Həmçinin vəsaitlər digər tədbirlər diqqətdən kənarda qalmaqla, əsasən təmir və tikinti işlərinə yönəldilir.
Bundan başqa, əvvəlki yazılarda da qeyd etdiyimiz kimi, MBQ ekspertlərinin araşdırmalarına görə, 2006-cı ildə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 719.8 milyon manat olduğu halda, hökumətin parlamentə verdiyi hesabatda olan ümumi məlumat bu rəqəmin yalnız 579.9 milyon manatını əhatə edib. Alınmış 139.9 milyon manat barədə isə hər hansı hesabat və açıqlama təqdim olunmamışdır. 2005-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə Hesablama Palatasının rəyində göstərilir ki, layihə-smeta sənədləri olmayan obyektlərə, həmçinin təmir işləri üçün investisiya xərclərindən vəsaitlər ayrılıb (HP-nin 22 may 2006-cı il tarixli iclasının qərarı). Dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə nəzərdə tutulan məbləğlərin dəyişdirilməsi ilə bağlı 2007-ci ilin 9 ayında 21 dəfə (2006-cı ildə 43, 2005-ci ildə 41 dəfə) sərəncamlar verib, investisiya xərcləri üzrə tikiləcək və təmir olunacaq obyektlərin siyahısı və onların əsaslandırılması metodikasında şəffaflıq yetərli deyil, bu xərclər siyahısında olan obyektlər və tikililər layihə-smeta sənədləri olmadan, texniki-iqtisadi və müqavilə qiymətləri hesablanmadan proqnozlaşdırılır.
Lənkəranda əlillər üçün tikilmiş 24 mənzilli bina Qazaxda tikilən eyni tutumlu binadan 2 dəfə baha başa gəlib. Bu xaosun içində Hesablama Palatası neft pullarının doğru-dürüst xərcləndiyini düşünür və hələ zərurət gözləyirsə….
Regionların nə qədər «inkişaf etdiyi» araşdırılacaq
Təqdirəlayiq haldır. Sədrin sözlərinə görə, bu il Regionların İnkişafı Poqramı başa çatdığına görə, regionlarda təhsil və səhiyyə sahəsindəki işlər araşdırılacaq. Həmçinin Bakının kəndlərində də analoji yoxlamaların aparılacağı gözlənilir. H.Əsədov müsahibəsində onu da bildirib ki, buna qədər aşkarlanmış korrupsiya halları ilə bağlı üç iş prokurorluğa göndərilib və 19 nəfər işdən azad edilib.
Bu, o deməkdir ki, Hesablama Palatası ciddi korrupsiya hallarının olması ilə bağlı etiraflarda bulunur. Sədr həmçinin ünvanlı sosial yardımların verilməsi sahəsindəki vəziyyətlə bağlı da yoxlamaların aparılmasına başlandığını bildirib. Kimsəyə sirr deyil ki, bu sahədə olduqca ciddi problemlər var. Əhalinin ünvanlı sosial yardıma ehtiyacı olan böyük bir qismi korrupsiya və rüşvətalma halları ilə bağlı bu haqqından məhrum olur və onların haqlarını əslində bu yardıma ehtiyacı olmayan insanlar paylaşır. Digər tərəfdən isə bu yardım prosesini həyata keçirən məmurların özləri də ünvanlı sosial yardıma şərik olurlar.
H.Əsədov, ilk növbədə, daha çox çatışmazlıqların ehtimal edildiyi sahələrdə audit aparıldığını bildirib. Onun sözlərinə görə, bundan sonra deputatların və daimi komissiyanın rəyləri nəzərə alınır. Eləcə də, sonda maliyyə nəzarəti aparan digər maliyyə və vergi qurumları ilə iş aparılır ki, sədr bu sahələrdə də uzun müddətdir yoxlamaların aparılmadığını etiraf edib. Göründüyü kimi, Hesablama Palatası sədrinin özü də nəzarətsizliyin mövcud olmasını etiraf edir. Qeyd edək ki, MBQ-nun uzün müddətdir apardığı ictimai savaşın yüksək dairələrdə bəzi dəyişikliklərə səbəb olacağı gözlənilən nəticədir. O ki, qaldı bəzi yoxlama və auditlərin aparılması üçün palata sədrinin zərurət gözləməsinə, zənnimizcə, bu zərurət çoxdan var. Yaxınlarda Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin üzvləri də bu zərurətin olduğunu bir daha təsdiqləyəcək araşdırmalarının nəticələrini icimaiyyətə təqdim edəcək.
Şəhla Əbusəttər - Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi
