Qara qızıl hasilatçılarının qara kölgəli fəaliyyəti
Araşdırmalar May 13th. 2008, 12:53amŞəffaflıq təşəbbüsünə qoşulmuş ən aparıcı neft şirkətləri də gəlirlərini açıqlamaq - şəffaf olmaqda «çətinlik çəkir»
bp Azərbaycanda orta şəffaflıq dərəcəsində, «Exxon –Mobil» isə bundan daha az şəffafdır. Bu, Beynəlxalq İnterneyşnlın (Tİ) apardığı qiymətləndirmənin nəticəsidir. Ümumilikdə, Azərbaycanda şəffaflığın orta səviyyəsinin hansı balla ölçüldüyü açıqlanması da, hər kəsin bu barədə müəyyən təsəvvürləri olmamış deyil.
Vətəni demokratiyanın beşiyi - Amerika olan «Exxon-Mobil»in belə bir göstərici əldə etməsi təsadüfi deyil. Şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda onun hökumətlə hər hansı alış-verişi barədə informasiya almaq, demək olar ki, mümkün deyil. Şəffaflıq təşəbbüsü məmləkətinin sabiq baş naziri Toni Bler tərəfindən irəli sürülən bp isə əsl «ingilis şəffaflığının» hansı nöqtəyə qədər getdiyini bir daha təsdiqləyib. Tİ-nin hesabatındakı detallara keçməzdən əvvəl bir də qeyd etmək yerinə düşərdi ki, tədqiqatın nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin əksəriyyətinin şəffaflıqla bağlı aldığı qiymətlər, ölkədəki orta şəffaflıq göstəricisindən daha aşağıdır.
Tİ ümumilikdə 19 beynəlxalq və 23 milli neft şirkətinin 21 ölkədə fəaliyyəti zamanı informasiya açıqlamaq təcrübəsini tədqiq edib. Şirkətlərin bu təşəbbüsün ən başından göstərdikləri fəaliyyət tədqiqata cəlb olunub. Əslində tədqiqat 2007-ci ildə aparılıb. Onun nəticələri isə bu ilin fevralında yekunlaşdırılıb. Tədqiqatda şirkətlərin məhz özlərinin açıqladıqları informasiyalar nəzərə alınıb. Tİ aidiyyatı sahələrin ekspertləri, analitiklər, investorlar və şirkətlərin özünü də cəlb etməklə ilkin metodologiyanı yeniləyərək bu tədqiqatı aparıb.
Tİ-nin hesabatında beynəlxalq neft şirkətlərinin üç əsas sahə üzrə informasiya açıqlığı, milli neft şirkətlərinin isə bir sahə üzrə informasiya açıqlığı analiz edilib. Belə ki, beynəlxalq neft şirkətlərinin mülkiyyətçi ölkələrin hökumətlərinə ödənişləri, bütün ölkələrdəki fəaliyyətləri (məsələn, fəaliyyətinin maştabı ilə bağlı məlumatlar, istehsal həcmi, sazişlər) və antikorrupsiya proqramları, yəni şirkətlərin özünün antikorrupsiya siyasətlərini və təcrübələrini, bu sahədə fəaliyyətlərinin həcmini açıqlaması, eləcə də şirkətin belə bir siyasəti həyata keçirib-keçirməməsi də nəzərə alınıb. Şirkətlərin antikorrupsiya araşdırmaları sahəsindəki fəaliyyətlərinin effektivlik səviyyəsi isə nəzərə alınmayıb. Milli neft şirkətlərinə gəlincə, onların tənzimləmə və alıcılıqla bağlı suallara verdikləri cavablar qiymətləndirilib.
Siyasət, idarəetmə sistemi və nəticələrlə bağlı fəaliyyət sahələri də nəzərə alınıb. Belə ki, şirkətlərin gəlirlərinin şəffaflığı ilə bağlı siyasəti, öhdəlik və qaydalarının olub-olmaması, onların şəffaflığın təmin olunmasından dolayı resurslar ayırıb-ayırmaması, xüsusi sistemlər yaradıb-yaratmaması, eləcə də, antikorrupsiya tədbirləri ilə bağlı fəaliyyətləri və ödənişlərlə bağlı informasiya açıqlayıb-açıqlamaması diqqət mərkəzində olub.
Hesabatda Tİ şirkətlərin təqdim etdiyi məlumatların dəqiqliyini nəzərə almadan, sadəcə, bu tip informasiyaların açıq olub-olmadığına diqqət yetirib. Hesabatda bu və ya digər qanunvericiliyə riayyət olunub-olunmaması ilə bağlı nəticələr çıxarılmayıb. Həmçinin, korrupsiya təcrübəsi və korrupsiya hallarının aşkarlanmasına diqqət yönəldilməyib.
Nəticələr
Hesabatın nəticələrindən bəlli olur ki, «Statoil Hydro» və «Talisman Energy» kimi şirkətlər informasiyaların açıqlanması tədbirlərinə görə, başqa şirkətlərə nümunə ola bilər. Beynəlxalq şirkətlərin hesabatlılığının güclü tərəfi antikorrupsiya proqramları, zəif tərəfi isə resurs sahibi olan hökumətlərə ödənişlərlə bağlı olub. Hesabatın nəticələrindən belə məlum olur ki, şəffaflıq təşəbbüslərinə qoşulmalarına baxmayaraq, şirkətlərin əksəriyyəti hökumətə ödənişlərlə bağlı məlumatları qapalı saxlayır. Belə ki, şirkətlər ödəmələrlə bağlı qiymətləndirmədə cəmi 19 faiz bal ala biliblər ki, bu da olduqca təəssüf doğuran haldır. Qiymətləndirmə şkalasında ən yüksək bal isə antikorrupsiya tədbirləri ilə bağlı olub ki, bu da 58 faizdir. «Shell» və «BG Qroup» bu sahədə daha yüksək göstəricilər nümayiş etdiriblər. Fəaliyyətləri ilə bağlı informasiya açıqlığına görə isə şirkətlərin aldıqları bal 42 faizdən o tərəfə keçməyib.
ARDNŞ niyə milli şirkətlərin sırasına düşməyib?
Çox böyük maraq və əhəmiyyət kəsb etsə də, Tİ-nin tədqiqatına ARDNŞ cəlb olunmayıb. Bunun səbəbini biz Tİ-nin Bakı ofisinin nümayəndəsi Rəna xanım Səfərəliyevaya müraciət edərək aydınlaşdırmağa çalışdıq. Təəssüf ki, xanım bizim sorğularımızı cavablandırmadı. EİTİ Azərbaycan Milli Koalisiyasının rəhbəri Qubad İbadoğlu isə metodoligiyaya əsaslanaraq bildiririr ki, tədqiqat reprezantativlik təmin edilməsi yolu ilə aparılıb: «Burada iki variantdan biri ola bilər. Ya ARDNŞ təsadüfi seçmə yolu ilə tədqiqata cəlb olunmayıb, ya da, ola bilər ki, seçimdə yerli ekspertlərin rəyi nəzərə alınıb». Qubad bəy istənilən halda, ARDNŞ-in tədqiqata cəlb edilmədiyindən təəssüfləndiyini bildirib: «Hesab edirəm ki, belə tədqiqatlarda ARDNŞ-in həqiqi yerinin müəyyənləşdirilməsi onun idarəedilməsində effektivliyə və şəffaflığa təsir edə bilərdi. Digər tərəfdən isə güman edirəm ki, ARDNŞ tədqiqata cəlb olunduğu halda, onun reytinqi heç də yaxşı görsənməzdi. Çünki ARDNŞ-in bizim Koalisiya ilə eyni memoranduma imza atmasına baxmayaraq, biz vətəndaş cəmiyyəti institutu olaraq, nəinki onlarla səmərəli əməkdaşlıq edə bilmir, hətta şirkətdən hər hansı informasiya da ala bilmirik». Qubad bəy həmçinin ARDNŞ-in «İnformasiya əldə etmək haqqında» Qanuna qarşı çxdığını vurğuladı.
Milli şirkətlər həm ödənişlərlə bağlı açıqlamaların verilməsində, həm də antikorrupsiya proqramları ilə bağlı informasiyaların açıqlanmasında olduqca aşağı göstəricilər nümayiş etdiriblər. Bu da onu deməyə əsas verir ki, ARDNŞ-in bu şirkətlərin siyahısında görünməsi, doğrudan da, onun barəsində deyilənləri bir daha təsdiqləmiş olardı və şirkətlə bağlı hesabata rüsvayçılığa səbəb olan məlumatlar düşərdi. Tədqiqatda həmçinin müəyyən edilib ki, birjalarda qeydiyyatdan keçən və keçməyən milli şirkətlər arasında fərqlər var. Bu fakt onu göstərir ki, birjalarda qeydiyyata alınma üçün tələb olunan amillər informasiya açıqlanması faktoruna müsbət təsir göstərə bilər. Belə ki, birjalarda qeydiyyata alınan milli şirkətlər ödənişlər, fəaliyyət və antikorrupsiya proqramları ilə bağlı qeydiyyata alınmamış milli şirkətlərdən çox kəskin fərqlər nümayiş etdiriblər. Bu sırada da yenə «Statoil Hydro» nümunə ola biləcək şirkətlərdəndir.
Orta hesabla, beynəlxalq neft şirkətləri həyata keçirdikləri informasiya açıqlanması siyasəti və idarəetmə sistemi məsələsində əldə etdikləri nəticələrlə bağlı, olduğundan daha yüksək göstəricilər nümayiş etdirirlər. Milli şirkətlər isə əksinə, həyata keçirdikləri siyasət və idarəetmə sistemlərilə bağlı məlumatlardan daha çox əldə etdikləri nəticələri açıqlamağa üstünlük verirlər.
Himayədar Humanitar Tərəqqi İctimai Birliyinin rəhbəri Himayət Rizvanqızı ARDNŞ-in bu tədqiqata cəlb olunmamasına münasibətini belə bildirir: «Bu Azərbaycandakı milli neft şirkəti ilə bağlı vəziyyətin hesabata salınası halda olmaması ilə bağlıdır. Yəni göstəricilər hesabata salınması mümkün olanlardan çox acınacaqlı olduğundan, bəlkə də, beynəlxalq təşkiatın Azərbaycan hökumətinə bir jestidir».
Tendensiyalar
Tİ-nin qənaətlərinə görə, həm milli , həm də beynəlxalq neft şirkətləri hökumətə ödəmələrin açıqlanması məsələsində ən aşığı göstəriciləri nümayiş etdiriblər. Bu isə onu göstərir ki, ödəmələr haqqındakı məlumatların açıqlanması hələ ki, bütün ölkələrdə adi təcrübə halını almayıb. Başqa tərəfdən, həm milli, həm də beynəlxalq neft şirkətləri fəaliyyətləri haqqında nisbətən dolğun məlumatlar açıqlayırlar. Böyük ehtimalla, bu, investorların və analitiklərin irəli sürdükləri tələblərlə bağlıdır. Milli şirkətlərə gəlincə, bu situasiya makroiqtisadi analizlərin aparılması üçün mövcud olan tələblərin nəticəsi ola bilər. Beynəlxalq neft şirkətləri korrupsiya əleyhinə apardıqları tədbirlərlə bağlı milli şirkətlərlə müqayisədə daha açıq olublar. Milli şirkətlərin fond birjalarında qeydiyyatdan keçənləri beynəlxalq şirkətlərin nümayiş etdirdiyi orta göstəriciyə yaxın göstərici nümayiş etdiriblər. Aşağı göstəricilər nümayiş etdirən beynəlxalq şirkətlər isə milli şirkətlər kimi fəaliyyət göstərmək tendensiyasını nümayiş etdirirlər.
Şəffaflıq təşəbbüsünün perspektivi varmı?
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü bir çox maraqlı tərəflərin iştirakı ilə gəlirlərdən ödənişlərin şəffaflığına yönəlmiş ən əhəmiyyətli fəaliyyətlərdən biridir. 2002-ci ildən həyata keçirilməyə başlayan təşəbbüsün bu günə qədərki fəaliyyəti göstərir ki, şəffaflıqın təmin olunması hələ də məhduddur, ancaq Tİ perspektivliyə nikbin yanaşır. Hazırda bu hesabata cəlb edilmiş 42 şirkətdən 17-si şəffaflıq təşəbbüsünə qoşulub. Bununla yanaşı, EİTİ çərçivəsində onu dəstəkləyən şirkətlərdən, şəffıflığın həyata keçirilməsinə razılıq vermiş dövlətlər istisna olmaqla, heç də bütün ölkələrlə bağlı məlumatların açıqlanması tələb olunmur. Bu təşəbbüsə qatılmayan şirkətlərin məlumatların açıqlanması ilə bağlı orta göstəriciləri təşəbbüsü dəstəkləyən şirkətlərdən daha aşağıdır.
Şirkətlərin fəaliyyəti yerli şəraitdən asılıdır
Tİ şəraitlə bağlı ölkələr üzrə analiz apardıqdan sonra bu qənaətə gəlib. Hesabat üzərində iş nəticəsində belə bir qənaətə gəlinib ki, hər bir şirkət fəaliyyətini gerçəkləşdirdiyi hər bir ölkədə özünü eyni cür aparır. Hansı şəraitdə fəaliyyət göstərdiklərindən asılı olmayaraq, şirkətin məlumatları açıqlamaqla bağlı qərarları onun qeydiyyata alındığı ölkənin qanunvericilik şərtlərindən asılıdır ki, bura da aid olduğu ölkənin normativ tələbləri daxildir. Eləcə də, şirkətin hansı ölkədə kapitalını istifadə etməsindən asıldır ki, bura da fond birjalarının tələbləri aiddir.
Hesabatda bildirilir ki, bəzi şirkətlər informasiyaların açıqlanmasını məhdudlaşdıran və ya şəffaflığın təmin olunması istiqamətində birbaşa tədbirləri dəstəkləməyən dövlətlərdə fəaliyyət göstərdikləri halda belə, mütəmadi olaraq məlumatları açıqlayırlar. Misal olaraq «Statoil Hydro»nun Anqoladakı və ya «Talisman Energu»nin Əlcəzairdəki fəaliyyətdəri sadalanır. Bu da resursların sahibi olan ölkələrdə informasiyaların açıqlanması ilə bağlı məhdudiyyətləri aşa bilməməklə bağlı şübhələri dağıdır.
Azərbaycanda neft şirkətlərinin aldığı qiymətlər arasında kəskin fərq
Tİ-nin hesabatında diqqətçəkən məqamlardan biri də budur ki, bəzi ölkələrdə məlumatların açıqlanmasına dair yüksək və aşağı göstərici nümayiş etdirən şirkətlər arasında çox kəskin fərqlər aşkarlanıb. Bu sırada Əlcəzair, Çin, İndoneziya, Qazaxsatan, Malaziya və Venesuela kimi dövlətlərlə yanaşı, Azərbaycanın da adı çəkilir. Hesabatda bildirildir ki, bu ölkələrdə şəffaflığın təmin olunmasına dair bəzi şirkətlərin yüksək göstəricilər nümayiş etdirməsi göstərir ki, mövcud şəraitdə şəffaflığı yüksək səviyyədə təmin etmək olar. Təbii ki, şirkətlərin özünün arzusuyla.
bp Azərbaycandakı şəffaflıq dərəcəsinin orta göstəricisini çox qabaqlamır
Görəsən, Azərbaycandakı şəffaflıq göstəricisinin orta balı nə qədərdir? Hesabata görə, bp ölkə üzrə örta baldan daha yüksək göstəricini təkcə Rusiya Federasiyasında nümayiş etdirib. Azərbaycana gəlincə, bp burada ölkədə mövcud olan orta şəffaflıq göstəricisini çox da üstələyə bilməyib. Ümumiyyətlə, şəffaflıq məsələsində bp-nin «StatoilHydro»ya çatmasına çox var. Venesuela, Əlcəzair, Anqoladakı fəaliyyətiylə bağlı şəffaflıq göstəricilərinə görə, bp ən aşağı balı alıb. Ən yüksək şəffaflıq göstəricisini isə bp yalnız Rusiya Federasiyasındakı fəaliyyətində nümayiş etdirib. Norveç, ABŞ, Qazaxstan, İndoneziyada isə Azərbaycanda olduğu qədər şəffaf ola bilib.
Azərbaycandakı şəffaflıq orta göstəricisindən ən aşığa balı isə İNPEX alıb. «Exxon-Mobil» isə Azərbaycanda özünü yalnız Nigeriyaya nisbətdə azacıq yaxşı aparmaqla, orta göstəricidən aşağı bala layiq görülüb. Fəaliyyətilə bağlı şəffaflığına görə bu şirkətlə eyni dərəcəli balı isə «Devon Energy» paylaşdırır.
Ən qeyri-şəffaf neft şirkətlərinin bir çoxu Azərbaycanda
Tİ gəlirlərinin şəffaflığı ilə bağlı yüksək, orta və aşağı ballar almış şirkətləri qruplaşdıraraq xarakterizə edib. Ən aşağı balı almış xarici şirkətlər yalnız coğrafi regionlara görə məlumatları açıqlayan, gəlirlə bağlı məlumatları qapalı saxlayan qrupda China National Offshore Oil Corporation (CNOOC), China National Petroleum Corporation (CNPC), «Devon Energy», «Exxon-Mobil», İNPEX, «Lukoil» kimi şirkətlərin adı çəkilir. Bu şirkətlərin bir çoxu Azərbaycanda fəaliyyət göstərir. Qubad bəy də beynəlxalq neft şirkətlərinin hesabatdakı yerinin adekvat olduğunu bildirib və Azərbaycanda ən qapalı şirkətlərdən birinin məhz «Exxon-Mobil» olduğunu vurğulayıb.
Şirkətlərin şəffaflıq səviyyəsi təmsil etdikləri ölkələrin gerçək demokratiyasına adekvatdır
Himayət xanım Tİ-nin əldə etdiyi bu nəticələrə münasibətini bildirərək vurğulayıb ki, qurum gerçəkdən də Azərbaycanda fəaliyyət göstərən şirkətlərin şəffaflığı sahəsində reallığı aşkarlayıb: «Əslində, biz dəfələrlə bildirmişik ki, bp, «Exxon-Mobil» və s. bu kimi şirkətlərin fəaliyyəti Azərbaycandakı mühitin və milli şirkətlərin qeyri-şəffaflığı fonunda müqayisədə daha açıq, daha şəffaf şirkətlər təəssüratı yaradır. Bəli, mən təsdiq edirəm ki, bp ARDNŞ-dən daha şəffafdır, burada bəzi informasiyaların cəmiyyət üçün əlçatanlığı təmin olunur. Lakin mən ona da əminəm ki, fəaliyyət göstərdiyi inkişaf etmiş ölkələrdə bp-nin şəffaflıq parametrləri Azərbaycandakından və yaxud Azərbaycan kimi ölkələrdən çox-çox fərqlidir. Biz bunu Tİ-nin hesabatındakı Anqola, Azərbaycan və Rusiyanın müqayisəsində də görürük. Təbii ki, Rusiya kimi və ya ondan daha güclü iqtisadiyyatı olan inkişaf etmiş başqa bir ölkədə bp-nin fəaliyyəti tədqiq olunsaydı, yenə biz şirkətin Azərbaycanda nə qədər «şəffaf» olduğunu görəcəkdik». Himayət xanım hesab edir ki, həm də təkcə şəffaflıq səviyyəsi ilə deyil, bp kimi şirkətlərin cəmiyyətlə hesablaşma, ona sayqı, onun qarşısında məsuliyyət, sosial problemlərin həllinə qatqı səviyyəsi də inkişaf etmiş ölkələrdə Azərbaycanda olduğundan qat-qat yüksəkdir: «Məncə, Amerika, Böyük Britaniya kimi ölkələri təmsil edən şirkətlərin şəffaflıq səviyyəsinə görə, orta və aşağı balları, Norveçi təmsil edən şirkətin isə en yüksək ballları alması demokratiya, açıq cəmiyyət və şəffaflıq təbliğatçılarının əsl niyyət və mahiyyətlərini sərgiləyən daha bir fakt kimi dəyərləndirilməlidir».
Tİ-nin tövsiyələri
Tədqiqatdan əldə etdiyi nəticələrə söykənən Tİ tövsiyələr verib. Bunlardan birincisi odur ki, qurum neft və qaz şirkətlərinə bütün ölkələrdə gəlirlərlə bağlı bütün məlumatların açıqlanmasını tövsiyə edir. Dana sonra qurum şirkətlərin qeydiyyata alındığı hökumətləri və aidiyyatı tənzimləyici orqanları təcili olaraq gəlirlərin şəffaflığı ilə bağlı informasiyaların açıqlanmasının öz ərazilərində olduğu kimi, xarici dövlətlərdə də təmin olunması məsələsinin əsas öhdəliklər sırasına salınmasını vacib sayır. Tİ bu məsələ ilə bağlı Kanada və Norveç hökumətlərinin müsbət təcrübəsini misal gətirir. Qurum həmçinin hökumətlərə ərazilərində fəaliyyət göstərən neft şirkətlərindən gəlirlərin şəffaflığı ilə bağlı bütün məlumatları çap etməsini tələb edən normaların müəyyənləşdirilməsini tövsiyə edir. Və son olaraq, Tİ hesab edir ki, məlumatların açıqlanmasının beynəlxalq standartlarının müəyyənləşdirilməsi yolu ilə tənzimləyici orqanlar və şirkətlər gəlirlərin şəffaflığı ilə bağlı məlumatların doğlunluğunu, əlçatanlığını və bütün sahələrdə müqayisə olunmaq imkanlarını təmin etməlidirlər.
İnsafən, Tİ-nin tövsiyələri kifayət qədər demokratik görünür. Ancaq onlara nə dərəcədə əməl edilib-edilməməsi çox zaman və iş tələb edən məsələdir. Tİ şirkətlərin gəlirlərin şəffaflığını nə dərəcədə təmin etməsi ilə yanaşı, hökumətlərin də şəffaflığı ilə bağlı qiymətləndirmə aparsaydı, daha maraqlı olardı. Ölkələrin çoxsaylı ictimai qurumları, hökumət və şirkətlər arasında imzalanmış memorandumlara görə, hər kəs ödədiyini açıqlamalıdır. Təəssüf ki, bu gün Azərbaycan təcrübəsində hələ ki, bunun tam təmin olunması mümkün deyil. Bizlərə yalnız ödəyən olan şirkətlərlə alan olan hökumətlərin öz aralarında razılığa gələrək açıqladıqları rəqəmlərə baxmaq nəsib olur. Bu isə hələ ki şəffaflıq deyil.
Şəhla Əbusəttər/AJASH.org
