Büdcəmizdə talan var…
Araşdırmalar May 6th. 2008, 9:06amNeft pullarına ümid edən xalqımızınsa gözü hələ də yoldadır
Martın 12-də «Avropa» otelində «Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində» adlı dəyirmi masa keçirilib. Dəyirmi masanı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə, «Ekspert» jurnalının informasiya dəstəyi ilə Milli Büdcə Qruppu və İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyası təşkil edib. İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu konfransın məqsədi və gözlənilən nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verib. Onun sözlərimnə görə, Milli Büdcə Qrupu və İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» (MSŞA) Koalisiyasının təşkil etdiyi bu dəyirmi masada müstəqil ekspertlərin 2005-2008-ci illərdə dövlət büdcəsindən investisiya layihələrinə ayrılmış vəsaitlərin istifadə istiqamətləri üzrə apardıqları araşdırmaların nəticələrinin, eyni zamanda büdcə investisiyalarının struktur və dinamikası üzrə baş verən dəyişikliklər və onun sosial-iqtisadi təsirləri ilə bağlı müzakirəsi nəzərdə tutulur. Dəyirmi masanın keçirilməsində məqsəd dövlət büdcəsindən maliyyələşən investisiya layihələrinin icrası zamanı şəffaflıq və səmərəliliyin artırılması, eləcə də bu istiqamətdə vətəndaş cəmiyyəti və dövlət orqanları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Elə bu məqsədlə də tədbirə dövlət qurumlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri, QHT və KİV təmsilçiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri və müstəqil ekspertlər dəvət edilmişdi. Qabaqcadan onu da deyək ki, hakim və hakimiyyətyönlü partiyaların nümayəndələri dəvət olunsalar da konfransa gəlməmişdilər. Dövlət qurumlarının yığıncaqda iştirak edən nümayəndələri isə tədbir boyunca onlara verilən imkandan istifadə etmədilər. Baxmayaraq ki, Qubad bəy bir neçə dəfə onlara bu imkandan yararlanmağı təklif etdi.
Təmir-tikinti büdcəsi
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Rövşən Ağayev «Büdcə investisiyalarının icrasında mövcud problemlər və qərarlaşmış tendensiyalar» mövzusunda məruzəylə çıxış etdi. Onun sözlərinə görə, büdcədən investisiyalar neft pulları ölkəyə gələndən sonra artmağa başlayıb. Büdcə investisiyalarının sahəvi bölgüsündə nəqliyyat, energetika və sənaye, kommunal sahəyə daha çox vəsait ayrılıb. Nəqliyyat sektoruna 2006-cı ildə 215,4 milyon, 2007-ci ildə 418,4 milyon, 2008-ci ildə isə 603,8 milyon manat vəsait ayrılıb. Yeri gəlmişkən vurğulayaq ki, aqrar sektorun həmin illərdə büdcədən investisiya payı müvafiq olaraq 1,7; 56,4; 20,3 milyon manat olub. İnzibati binaların təmirini və yenidən qurulmasını nəzərdə tutan 150-dən artıq layihəyə büdcədən investisiy a yatırılıb. R.Ağayev 2007-2008-ci illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərcləri üzrə ən iri layihələri diqqətə çatdırdı. Bunlardan paytaxtda yol qovşaqlarının və yol ötürücülərin tikintisinə ayrılmış 327,1 milyon manat; Prezident aparatının İşlər İdarəsinin obyektlərində təmir, tikinti və yenidənqurma işləri üçün 127,0 milyon manat; Əzizbəyov metro dairəsindən Hava Limanına gedən yolun tikintisi üçün 120,0 milyon manat; Heydər Əliyev Mərkəzinin tikintisi üçün 90,0 milyon manat; idman və Olimpiya komplekslərinin tikintisinə 78,9 milyon manat; məişət tullantılarının emalı zavodunun tikintisinə 62,6 milyon manat; Heydər Əliyev adına sarayın təmiri üçün 45,6 milyon manat vəsait ayrıldığını dedi. Maraqlıdır ki, büdcəyə donorluq edən dövlət şirkətləri də 2007-2008-ci illərdə büdcədən yetərincə pay ala bilib. «Azərsu» ASC – 177,3; Xəzər dəniz Gəmiçiliyi - 27,7; «Azəriqaz» YSC - 83,6; AzAL – 53,2; «Azərenerji» ASC – 399,9; «Bakıelektrikşəbəkə» ASC - 97,7; Bakı Metropoliteni – 129,3; Melorasiya və Su Təsərrüfatı ASC – 151,7 milyon manat vəsait alıb. R.Ağayevin sözlərinə görə, investisiya layihələrinin reallaşdırılması ilə bağlı dövlət satınalınmaları sahəsində əlverişli rəqabət mühiti yoxdur. Bir çox böyük layihələrlə bağlı ümumiyyətlə tender keçirilmir. Tenderlər nəinki qapalı keçirilir, habelə onların nəticələri də gizli saxlanılır. Bəzi tenderlər haqda kütləvi informasiya vasitələrində elanlar verilsə də, qaliblər haqda heç bir məlumata rast gəlinmir. Büdcə investisiyalarının tənzimlənməsi ilə bağlı qanunvericiliklərdə boşluqlar olduğunu deyən R.Ağayev layihələrin seçimində «prioritetlik» və «xərc-fayda» prinsipləri nəzərdə tutulmadığını, investisiya layihələrinin uzunmüddətli planlaşdırılmasının prinsip və meyarları ilə bağlı normalar olmadığını, layihələrin seçim qaydalarının məlum olmadığını, bu investisiyaların əhəmiyyətli hissəsinin yönəldiyi əsaslı tikinti və əsaslı təmirlə bağlı xərclərin limitləşdirilməsi ilə bağlı zəruri normaların olmadığını xüsusi vurğuladı. Bundan əlavə kütləvi tikintilər üçün tipik layihələrdən istifadə olunmasının (ümumtəhsil məktəblərinin, səhiyyə məntəqələrinin tipik layihələr əsasında inşa olunması) nəzərdə tutulmadığını dedi: «Kateqoriyasından asılı olaraq hər km yolun çəkilməsi, əsaslı və cari təmiri üçün xərclərin maksimum məbləği də müəyyən edilməyib. Yollar tez-tez təmir olunur. Bakı-Ələt, Bakı-Sumqayıt yolunu misal çəkmək olar». R.Ağayev büdcə investisiyalarının istifadəsi sahəsində formalaşmış meyllərdən də danışdı: «Bir çox hallarda layihələr reallaşdırılması pərakəndə xarakter daşıyır – eyni xarakterli layihələr müxtəlif maliyyə mənbələri hesabına maliyyələşir, investisiya layihələri dövlət büdcəsinin layihəsilə eyni vaxtda hazırlansa da, onlar arasında əlaqə natamam xarakter daşıyır, investisiya büdcəsinin təsdiqilə büdcənin icrasına başlanan təqvim arasında 40-45 gün interval yaranır, investisiya büdcəsinin tərtibi siyasi faktorların təsiri altında baş verir və qeyri-şəffaf, qapalı xarakter daşıyır». Natiq yığıncaq iştirakçılarının diqqətini oxşar layihələrə çəkilən fərqli xərclərə də yönəltdi: «2007-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsində 400 nəfərlik şagird üçün məktəb tikib. Həmin məktəbdə bir şagirdə düşən xərc 638 manat olub. Elə həmin ildə Təhsil Nazirliyinin Saatlı rayonunun Cəfərxan kəndində tikdiyi 400 yerlik məktəbdə bir şagirdə düşən xərc 1870 manat olub. 2008-ci ildə Bakının Zabrat qəsəbəsində 1000 məhbusluq istintaq təcridxanası üçün 20 milyon dollar (17 milyon manat) vəsait ayrılıb. 2007-ci ildə Gürcüstanda istifadəyə verilən 4000 məhbusluq həbsxana 25 milyon dollara başa gəlib. Lənkəranda əlillər üçün 2006-2007-ci illərdə tikilən 24 mənzilli binaya 1355,7 min manat, Qazaxda tikilən 24 mənzilli binaya 621 min manat vəsait xərclənib, fərq 734,7 min manatdır». Onun sözlərinə görə, investisiya xərclərinin təsnifatı verilmir və Nazirlər Kabinetinin qərarı ilə aparılan bölgü açıqlanmır. NK, Maliyyə Nazirliyinin və başqa qurumların İnternet resurslarında bu barədə məlumat olmur. Layihələrin icrasına dövlət nəzarəti çox zəif, ictimai nəzarət imkanları isə çox məhduddur. Bütün bunlar da layihələrin şişirdilməsinə və korrupsiyaya, inflyasiyaya, sosial təbəqələşməyə və yoxsulluğun artmasına gətirib çıxarır. R.Ağayev vurğuladı ki, 2008-ci ildə 978 layihəyə büdcədən investisiya yatırılacaq.
Havaya sovrulan milyonlar
Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılın sözlərinə görə, bütün bu layihələrin qiymətləndirilməsi üçün iqtisadi inkişaf və maliyyə nazirlikləri 50 nəfər ayırıb: «Bu qədər adamın 978 layihəni necə qiymətləndirməsi maraq doğurur. Bu layihələrin təkcə oxunması üçün bir neçə ay gərəkdir. Ümumiyyətlə bu layihələrin səmərəliliyini görmürük. 2004-2008-ci illərdə dövlət büdcəsindən investisiya xətti ilə 6 milyard manata yaxın xərc nəzərdə tutulsa da, hansısa problemin fundamental həlli gözə dəymir. Paytaxtda yol qovşaqlarının tikintisi davam edir, yenə pullar ayrılır, amma tıxac problemi həll edilməyib».
Q.İbadoğlu dövlətin demək olar bütün sahələrə nəzarəti əldə saxladığını dilə gətirdi: «Baxmayaraq ki, dövlət bazar iqtisadiyyatına sadiq olduğunu bildirir, amma dövlət təşkilatlarının icraçı funksiyasında proseslərə cəlb edilməsi güclənir. İşıq pulunu, su pulunu, qaz pulunu dövlət yığır. Bu da sonda iqtisadiyyatın balanslaşdırılmış inkişafına əngəl yaradır. Biz infrastruktur layihələrin əleyhinə deyilik, amma bunların bir iqtisadi bazası olmalıdır. Səadət Sarayının təmirinə 22 milyon pul ayıran dövlət, alimlərin əmək haqqının artırılması üçün gərək olan 12 milyon manatı «tapa» bilmir. Xarici borcların artımı ilə də ÜDM-in artımı arasında elə bir fərq yoxdur».
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı sadalanan faktlarlarla bağlı Respublika prokurorluğuna və Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət olunub-olunmadığı sorusuna cavabında məruzəçi bildirdi ki, KİV-də işıqlandırılan bu məsələlərlə bağlı həmin qurumların məlumatlı olduğunu nəzərə alaraq müraciət edilməyib.
Sonra Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin üzvü Çingiz Sultansoy, Soros fondunun Bakı nümayəndəliyinin rəhbəri Fərda Əsədov, Məhərrəm Zülfüqarlı və başqalarının məruzə ilə bağlı sualları cavablandırıldı.
Avtoritarizmə xidmət edən layihələr
Sərbəst müzakirələr zamanı AXCP sədri Əli Kərimli sadalananların dəhşətlt faktlar olduğunu, belə faktların normal ölkələrdə hökumətin istefasına gətirib çıxardığını dedi: «Təəssüf ki, bu hakimiyyət bütün başqa hisslər kimi xalqımızın təəccüblənmək hissini də əlindən alıb, onu təəccüblənməməyə alışdırıb. Mirvari xanım faktları aidiyyəti qurumlara verməyi təklif edir, kimdən kimə şikayət edəsən, bütün bunların hamısının arxasında onlar dayanır. Tendersiz layihələr də bu gün heç kimi təəccübləndirmir. Bu gün ölkədə real səlahiyyəti olan nə parlament var, nə də məhkəmə hakimiyyəti. Burda sadalanan 7 əsas layihənin hamısı təmir-tikinti ilə bağlı layihələrdir. Körpülər, Olimpiya Kompleksləri avtoritarizmin maddiləşməsinə xidmət edir. Bütün bunlar avtoritarizmin simvollarıdır. Azərbaycanda «analoqu olmayan inkişafı» xaricilərə göstərmək üçün yaradılır. Həqiqətən də bu gün Azərbaycanda analoqu olmayan hökumət var. Xalqını səfalət içərisində yaşadan, xarici dövlətləri enerji resursları ilə təmin edən, öz vətəndaşınısa işıqsız, qazsız qoyan bir hökumət var. Oğru evə girəndə əvvəlcə ev sahibinin ağzını bağlayır, bu gün bu iqtidar həmin yolla gedir, müstəqil telekanal yoxdur, müstəqil qəzetlər hər cür basqıya məruz qalır. Bunlar da həmin yolu seçiblər. Çalışırlar ki, neft pullarını elə xərcləsinlər ki, geri qayıtmasın, xalq aza qane olsun, təqaüdə möhtac qalsın».
Müsavat başqanı İsa Qəmbər çıxışlarda vurğulanan ictimai nəzarətin gücləndirilməsi fikriylə həmrəy olduğunu dedi: «İctimai nəzarətin mahiyyətini təşkil edən əsas məsələlərdən biri əks reaksiyadır. İlham Əliyev başda olmaqla bu rejim heç vaxt reaksiya vermir. Hələ ötən il hökumətin illik hesabatı müzakirə olunarkən bizim deputat qrupu hökumətin istefasını tələb etmişdi. Milli Məclis rejimin tam nəzarəti altında olduğu üçün belə qərarlar qəbul etmək iradəsi yoxdur. Bu halda bütün məsuliyyət bu hökuməti formalaşdıran İlham Əliyevin üzərinə düşür. Hökuməti istefaya göndərməməklə İlham Əliyev ölkədəki korrupsiyanın, rüşvətxorluğun, oğurluğun məsuliyyətini öz üzərinə götürmüş olur».Vəziyyətdən çıxış yolunu İ.Qəmbər ölkəni özəl müəssisə kimi istismar edən bu hakimiyyətin getməsində görür, bunun yolunu seçkilərdə, vətəndaş cəmiyyətinin fəallaşmasında, prinsipial, ardıcıl mübarizədə gördüyünü dedi: «Bu hakimiyyət, onun məddahları açıq diskussiyaya hazır deyil».
«Turan» informasiya agentliyinin direktoru Mehmən Əliyev 2004-cü ildə sayğaclar quraşdırıldığı zaman bu işi tendersiz həyata keçirmək istəyirdilər, bizim müdaxiləmiz nəticəsində tender elpn olundu və 25 milyon dollara qənat edildi. Onun fikrincə, vətəndaş cəmiyyəti, siyasi partiyalar bu məsələlərdə xüsusi fəallıq göstərməlidir.
Daha sonra Sərdar Cəlaloğlu, Zərdüşt Əlizadə, millət vəkili Vahid Əhmədov çıxış etdi. Sonuncu çıxış edən Azər Mehtiyev bu məsələlərin müzakirəsinin onlar üçün də çətin olduğunu dedi, eyni zamanda vurğuladı ki, investisiyaların qiymətləndirilməsi üçün kriteriyalar müəyyənləşməyib: «Bu gün büdcədən 120 milyon manat hava limanına gedən yolun tikintisi üçün ayrılıb, amma heç kim qarantiya verə bilməz ki, aeroport sabah dəniz limanı kimi köçürülməyəcək… Nəzərə alın ki, bu gün burada sadalananlar dəhşətli faktrlar deyil, dəhşətli faktlar bir neçə ildən sonra olacaq».
Tədbirə yekun vuran Qubad İbadoğlu növbəti konfransın Neft Fondu, yaxud Neft Şirkətinə həsr olunacağını dedi.
Rövşən Hacıbəyli / Ajash.org
