Biz özümüz problemlərimizin həlli üçün nə edirik?!
Məlumdur ki, hasilat sənayesi ilə məşğul olunan yerlərdə ərazinin ekoloji cəhətdən çirklənməsi və bəzi sosial infrastrukturların zaman-zaman yararsız vəziyyətə düşməsi qaçılmaz olur. Azərbaycanda da bu qəbildən ciddi problemlər mövcuddur. “Danılmaz faktdır ki, hasilat sənayesinin mövcud olduğu ərazilərdə ekoloji problemlər olur. Azərbaycanın bəzi regionlarında dərin ekoloji problemlərin olması apardığımız araşdırmalarla sübut edilib” - deyə “Saniyə” humanitar-ekoloji informasiya agentliyinin direktoru Elçin Sərdarov bildirir.

Ekspertin sözlərinə görə, ekoloji problemlər paytaxtdan uzaqda olan yerlərdə xüsüsən acınacaqlı olur: “Bölgələrdə vətəndaş cəmiyyəti üzvlərinin daha çox qeyri-fəal olması hasilat sənayesinin yaratdığı problemlərin həlli üçün mumkün fəaliyyətləri stimullaşdırmır. Dəfələrlə müşahidə olunub ki, bölgələrin  əhalisi hətta üzləşdikləri problemlər baradə danışmaqdan  belə çəkinir, hasilat sənayesi sferasında çalışan böyük şirkətlər isə ətraf mühitə və infrastruktura vurduqları ziyanları aradan qaldırmağa az cəhd göstərirlər”.


O da məlumdur ki, hər bir ölkədə belə vəziyyətin aradan qaldırılması birbaşa vətəndaş təşəbbüslərinin aktivləşməsindən keçir. Ölkədə hasilat sənayesinin mövcud olduğu ərazilərdə vətəndaşların proseslərə nəzarətinin formalaşması məqsədilə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Bakı ofisi vətəndaşların öz sosial-iqtisadi problemlərinin həllinə özlərinin cəlb edilməsi məqsədilə Vətəndaş Nəzarəti Şəbəkəsi adlı qurum formalaşdırıb. Qurumun əsas məqsədi hasilat sənayesinin fəaliyyəti ilə əlaqədar təsirlərin aradan götürülməsində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsindən ibarətdir.


Vətəndaş Nəzarəti Şəbəkəsinin əlaqələndiricisi Esmira Əsədullayeva hesab edir ki, hasilat sənayesinin təsirlərinə məruz qalan ərazilərdə problemləri vətəndaş fəallığının artırılması, icmanın səfərbər olunması ilə vətəndaş nəzarəti mexanizmini yaratmaqla həll etmək olar: “Qurum QHT nümayəndələri, müvafiq dövlət qurumları və eləcə də hasilat sənayesi ilə məşğul olan şirkətlərin məsul şəxsləri arasında faydalı və işgüzar dialoqun yaradılması üçün səy göstərir. Bu sahədə ilk təşəbbüs 2004-cü ilin aprel və 2005-ci ilin iyul aylarında Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və BP Exploration Limited BP/CQBK-nın fəaliyyətindən doğan təsirlərlə bağlı monitorinqin aparılmasında QHT-lərin bacarıq və imkanlarının artırılması məqsədilə 2 Anlaşma Memorandumu imzalanmaqla başlamışdır”.


Memorandumlarda monitorinq proqramları vasitəsi ilə BTC/CQ boru kəmərlərinin tikintisi zamanı meydana çıxan sosial təsirlərin, o cümlədən boru kəmərlərinə yaxın ərazilərdə yaşayan əhalinin sosial problemləri, torpaq sahiblərinin mülkiyyət hüquqları, ətraf mühitin mühafizəsi, tarixi abidələrin qorunması, yerli biznes və BTC/CQBK-nın tikintilərinə cəlb edilmiş işçilərin hüquqlarının qorunması məsələləri razılaşdırılıb.

Bundan sonra Soros Fondu hasilat sənayesinin təsirlərinin aradan qaldırılması üçün Vətəndaş Nəzarəti Şəbəkəsinin yaradılmasına nail olub və bu istiqamətdə görülən işlərə dəstək verməyə başlayıb. Məqsədlərdən biri də vətəndaş nəzarətinin artırılması və təsirlərin aradan qaldırılmasının səmərəliliyini artırmaq üçün yerli QHT-lərin təcrübə və səriştələrini artırmasına yardım etmək, həmçinin onlarin fəaliyyətində  beynəlxalq standartların tətbiqinə nail olmaqdır.

E. Əsədullayeva qeyd edir ki, layihə reallaşdırıldığı illərdə bir çox müsbət nəticələr əldə olunub: “Aparılan monitorinqlərdə QHT-lərin maksimum iştirakı təmin edilmiş, QHT-lər arası əməkdaşlıq inkişaf etdirilmiş, yerli ekspertlər tərəfindən hazırlanmış xeyli tövsiyələr bu sektorda çalışan şirkətlər tərəfindən qəbul edilmiş, monitorinq və audit üzrə vətəndaş cəmiyyətində səriştəli ekspertlər yetişdirilmiş, neft şirkətlərinin fəaliyyətinə Vətəndaş Nəzarətinin təmin olunma imkanları artmışdır”.


Hazırda bu sahədə Soros Fondunun fəaliyyəti əsasən hasilat sənayesinin təsirlərinə məruz qalan üç rayonda - Hacıqabul, Salyan və Samuxda pilot layihələrin dəstəklənməsindən ibarətdir. Pilot layihələr birbaşa neft əməliyyatlarının təsirlərinə məruz qalan ərazilərdə vətəndaş nəzarəti mexanizmlərinin yaradılmasına istiqamətlənib.

Hazırda bu işə əsasən yerli QHT-lər cəlb olunub və onların qarşısına məqsəd qoyulub ki, fəal vətəndaşların yardımı ilə mövcud və potensial problemlər haqqında ictimaiyyəti məlumatlandırsınlar.

Şəbəkənin Salyan üzrə əlaqələndiricisi Emil Məmmədov mənfi təsirlərin öyrənilməsi, dövlət strukturlarının, şirkətlərin və aidiyyəti digər qurumların diqqətini həmin təsirlərin mövcudluğuna yönəltməklə problemin həlli yollarının araşdırılması, eləcə də, şirkətlərin və aidiyyəti strukturların işinin keyfiyyətinin artırılmasına və mənfi təsirlərin azalmasına nail olunmaq istiqamətində çalışdıqlarını bildirdi: “Biz artıq bu istiqamətdə xeyli işlər görməyə nail olmuşuq. Məsələn, Salyan rayonunun Qaraçala kəndinin 400 hektar ərazisindən Salyan OİL, 700 hektar ərazisindən isə Şirvan OİL əməliyyat şirkətləri neft hasilatı üçün istifadə edir. Vətəndaş Nəzarəti məntəqəsində Qaraçala bələdiyyəsinin sədri Ədalət Məmmədovla keçirdiyimiz görüşdə məlum oldu ki, həmin ərazidə də yerli icmalar hasilat sənayesinin təsirlərinə məruz qalır. İndi bu təsirləri aradan qaldırmaq üçün yerli icmalarla birgə çalışırıq”.


E.Məmmədov bəzən bir çox problemlərin həllində çətinliklə üzləşdiklərini də qeyd edir: “Şirvan OİL əməliyyat şirkətinin 2-ci mədəni bütövlükdə Qaraçala Bələdiyyəsinin ərazisində yerləşməsinə baxmayaraq, yerli quruma indiyədək heç bir kompensasiya ödənilməyib. Bələdiyyə sədrinin dediyinə görə, bu məqsədlə dəfələrlə Şirvan OİL əməliyyat şirkətinə yazılı müraciət etsələr də heç bir nəticə olmayıb. Bundan başqa Bələdiyyənin məhsuldar torpaqlarından  Salyan OİL şirkətinin neft vurma stansiyalarına gedən borular keçir. Bu şirkət də həmin problemə görə yerli quruma heç bir ödəniş etməyib. Ərazidə ətraf mühitin mühafizəsilə də bağlı xeyli problemlər var”.

Ümumiyyətlə, Şəbəkənin fəaliyyətinin effektivliyini artırmaq üçün nəzərdə tutulur ki, hər üç regionda icra olunan layihə vahid metodologiya üzrə 3 mərhələdə həyata keçirilsin. Hazırlıq mərhələsi, monitorinq prosesi və hamilik fəaliyyətindən ibarət olan mərhələlərdə regional əməkdaşlığın daha da inkişafına nail olunması və hasilat sənayesinin fəaliyyəti ilə bağlı problemləri həll edə biləcək potensiala malik fəallardan ibarət vətəndaş nəzarəti məntəqələrinin yaradılması nəzərdə tutulur.

Anar Oruc, Könül Vəliyeva / Ajash.org