Archive for the 'Xəbərlər' Category

Zöhrab İsmayıl: “Neft alqı-satqısında başqa bir valyutaya keçməklə dollardan imtina etmək problemin həlli deyil”

Xəbərlər No Comments »

Neftin dollarla satışından imtina sadə bir məsələ deyil. Ən yaxşı halda bu həm dollar, həm avro ilə aparıla bilər. Amma bu da inandırıcı deyil, çünki avro Avropa zonasında daha çox istifadə olunur. Dünyanın dörd bir tərəfində hələ də əsas istifadə olunan valyuta olaraq dollar qalır.” Bu barədə Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl AJAŞ xəbərin müxbiri ilə söbətində bildirib.

İqtisadçının sözlərinə görə haradasa bir qərar verilməyib ki, neftin alqı-satısı dollarla olmalıdır. Sadəcə olaraq, ABŞ iqtisadiyyatının dünya iqtisadiyyatındakı rolu ona gətirib çatdırıb ki, alqı-satqı dollarla həyata keçirilir. Ərəb körfəzi ölkələri, Rusiya, Çin, Yaponiya və Fransanın neftin dollarla alqı-satqısından imtina etmək üçün hazırladıqları plan barədə məlumatlar var. Ancaq mən dollardan imtina məsələsini real saymıram. Digər tərfdən də düşünürəm ki, bu dollarla bağlı spekulyasiyadır.

AİYM-nin rəhbərinin fikrincə, neftin dollarla alqı-satqısından imtinanın Azərbaycan üçün xüsusi önəmi yoxdur: “Əgər neft dollarla satılırsa, dollar düşəndə neftin qiyməti də qalxır.Və yaxud Azərbaycan əsas nefti Avropaya satır. Avropaya satdığı halda burada bir problem olmayacaq. Xarici valyuta kimi yığımını avro ilə edəcək. Ancaq bunun bir qarantiyası yoxdur ki, avronun kursu sabah necə olacaq. Bir neçə ay bundan qabaq şahidi olduq ki, avro dollarla müqayisədə xeyli aşağı düşdü. Neft avro, eləcə də qeyri valyuta ilə satılsa da heç nə dəyişməyəcək. Başqa bir valyutaya keçmək problemin həlli deyil”.

Z.İsmayıl qeyd edib ki, hər hansı ölkə öz neftini dollarla deyil, avro ilə satırsa bunun ABŞ iqtisadiyyatına mənfi bir təsiri olmayacaq: “Əslində əvvəlcə aydınlaşdırmaq lazımdır ki, dollar dünya iqtisadiyyatı üçün, yoxsa dünya iqtisadiyyatı dollar üçün problemdir. İndi baş verən böhran da dollarla bağlı deyil.

Qeyd edək ki, Ərəb körfəzi ölkələri, eləcə də Rusiya, Çin, Yaponiya və Fransa neftin dollarla alqı-satqısından imtina etmək üçün plan hazırlayıblar. Artıq bu ölkələrin maliyyə nazirləri və əsas bank rəhbərləri arasında görüşlər olub.

 

Sərhədlərin açılması təhlükəsi realdır

Xəbərlər No Comments »

QAT sədri Akif Nağı: “5 rayonu qaytarmaq, Türkiyə-Ermənistan sərhədlərini açmaq və bunu böyük uğur kimi Azərbaycan ictimaiyyətinə təqdim etmək istəyirlər”
“Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin yenidən gündəmə gəlməsi bu dəfə sərhədlərin açılması ilə nəticələnə bilər”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AJAŞ Xəbər-in müxbirilə söhbətində bildirib. Akif Nağının sözlərinə görə, Türkiyə rəsmilərinin “Qarabağ məsələsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı” barədə dəfələrlə verdiyi bəyanatlar sərhədlərin açılmayacağına təminat vermir: “İstər Türkiyə rəsmiləri, istərsə də Qərb dünyası Qarabağ probleminin həllindən danışarkən Dağlıq Qarabağ ətrafında olan 5 rayonun geri qaytarılmasını nəzərdə tuturlar. Təhlükəli məqam odur ki, problemi 5 rayonun qaytarılması formasında həll edə və bunu da böyük uğur kimi Azərbaycan ictimaiyyətinə təqdim edə bilərlər. Sonda da “Qarabağ probleminin həll olunduğunu” deyərək Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün bəhanə əldə etmiş olacaqlar”. QAT sədri, məsələnin belə həll ediləcəyi təqdirdə Azərbaycanın mənafeyinə cox ciddi zərbə vurulacağı barədə xəbərdarlıq edir: “Azərbaycanın məqsədi 5 rayonu deyil, bütün itirilmiş əraziləri geri qaytarmaqdır”. Read the rest of this entry »

Fermerlər məmur özbaşınalığından əziyyət çəkirlər

Xəbərlər No Comments »

Torpaqları əllərindən alınmış Bakı sakinləri etiraz aksiyalarına başlaya bilər

Bu gün məmur özbaşınalığından əziyyət çəkən Bakı kəndləri fermerləri mətbuat konfransı keçirib. AJAŞ Xəbər-in məlumatına görə, “Bakı Dirçəlıiş” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Bakının Fatmayi, Goradil, Kürdəxanı, Zabrat və s. kəndlərindən olan fermerlər iştirak edib.
İlk çıxış edən “Bakı Dirçəliş” İB-nin rəhbəri Abbasağa Məmmədov Bakı kəndlərində pay bölgüsü zamanı yerli sakinlərin təxminən 85 %-ə qədərinin pay torpaqları ilə təmin olunmadığını bildirib. Qeyd edib ki, Bakı kəndlərində 90-cı illərin əvvəllərindən yaranmış fermer təsərrüfatları son illərdə icra hakimiyyətləri tərəfindən çıxılmaz vəziyyətə salınıb: “Bakı rayonlarının icra hakimiyyətləri son 2-3 il ərzində total şəkildə torpaq biznesinə başlayıblar. Fermer təsərrüfatı ilə məşğul olan insanların əllərindən torpaqlarını alaraq hərraca qoyublar”.
Sonra digər fermerlər də çıxış edərək bildiriblər ki, dəfələrlə baş verən qanunsuzluqlar barədə lazımi ölçü götürülməsi üçün aidiyyatlı dövlət orqanlarına müraciət ediblər, lakin problem həllini tapmayıb. Ən çox Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan gileylənən fermerlər, mətbuat konfransı keçirməklə məsələnin ictimailəşdirilməsinə ümid edirlər: “Lakin bununla işimizi bitmiş hesab etmiririk. Bundan sonra ardıcıl tədbirlər palanlaşdırırıq, hətta zərurət yaranarsa, piketlər də təşkil edəcəyik” – deyə fermerlər aidiyyatlı orqanlara mesaj ünvanlayıblar.

İqtisadçı ekspert Azər Mehdiyev: “Əgər fermerlərdə torpaq sahibliyi haqqında sənəd varsa, heç kəs bu torpağı onların əlindən ala bilməz”

Məsələylə bağlı AJAŞ Xəbər-ə rəyini açıqlayan İqtisadi Təşəbbüslərə Yardım İB-nin rəhbəri, iqtisadçı ekspert Azər Mehdiyev hər şeydən öncə problemin araşdırılmasına ehtiyac olduğunu deyib: “Hər bir halda, ziddiyyətlər qanun çərçivəsində həll olunmalıdır. Əgər fermerlərdə həqiqətən də torpaq sahibliyi haqqında Dövlət Aktı sənədi varsa, onların torpaqlarını olsa, olsa, qanuni yolla satın ala bilərlər, heç kəs bu torpağı onların əlindən ala bilməz. Bu, o halda mümkündür ki, fermerlərə məxsus torpaq sahibliyi haqda Dövlət Aktı ləğv edilsin və torpağın onlara məxsus olduğunu sübut edən heç bir sənəd mövcud olmasın”.

Prezident İlham Əliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasnaməsi və strukturunu təsdiq edib

Xəbərlər No Comments »

Ölkə prezidenti İlham Əliyev əsasnaməsini və strukturunu təsdiqləyib. Bu barədə AJAŞ Xəbər Agentliyi Prezidentin mətbuat xidmətinə istinadən xəbər yayıb. Təsdiq olunmuş yeni struktura əsasən sözügedən Dövlət Komitəsi aparatının işçilərinin say həddi 152 ştat vahidi, Komitənin strukturuna daxil olan qurumların işçilərinin say həddi isə 323 ştat vahidi müəyyən edilib. Həmçinin Prezidentin fərmanına əsasən Nazirlər Kabineti bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını bu fərmanla uzlaşdırmalıdır.

Türkmənistan Xəzərdə hərbi dəniz bazası yaradacaq

Xəbərlər No Comments »

2015-ci ilə qədər Xəzər dənizinin Türkmənistana aid hissəsində bu ölkənin hərbi-dəniz bazası yaradılacaq. Baza müasir müşahidə texnikası və göyərtəsində raket daşıyan gəmilərlə təchiz olunacaq. Bu barədə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov bildirib. Bu gün Q.Berdumuhammedov güc strukturlarının rəhbərləri ilə görüşdən əvvəl jurnalistlərlə söhbətində Türkmənistanın Xəzərdə müəyyən ölçüdə sərhədə malik olduğunu, bu sərhədin quruda da etibarlı şəkildə mühafizə edilməsinin vacibliyini vurğulayıb.
AJAŞ Xəbər-in Türkmənistanın milli telekanalı olan “Altın Asır”-a istinadən yaydığı məlumatda dövlət başçısı bu addımların vacibliyini müasir dünyada beynəlxalq ekstremizm və narkotik vasitələrin qaçaqmalçılığında maraqlı olan terror qruplaşmaların güclənməsi ilə əlaqələndirib.

İçərişəhərdə yeni sistem quraşdırılacaq

Xəbərlər No Comments »

 “İçərişəhərdə hərəkətin normallaşdırılması üçün yeni sistem quraşdırılacaq”. Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri AJAŞ Xəbər Agentliyinə açıqlamasında bildirib. R.Azərinin sözlərinə görə, avqust ayının 1-dən etibarən İçərişəhər-ə avtomobillərin girişinin məhdudlaşdırılması da yeni sistemin quraşdırılması ilə bağlıdır: “Bildiyiniz kimi, İçərişəhərin demək olar ki bütün yolları birtərəflidir. Avtomobillərin sayı isə hədsiz dərəcədə çoxdur. Yeni sistemin tətbiqi avtomobillərin sayının azaldılmasına, qayda-qanun yaratmağa imkan verəcək”. Mətbuat xidməti rəhbəri onu da əlavə edib ki, sınaq müddəti 1 ay müəyən olunub: “Sınaq müddəti başa çatdıqdan sonra bu barədə mətbuata məlumat veriləcək”.

Məlumat üçün deyək ki, avqust ayının 1-dən etibarən İçərişəhər qoruğu ərazisinə avtomobillərin girişi məhdudlaşdırılıb və yeni qaydalar tətbiq olunub. Belə ki, əraziyə daxil olan hər avtomobil ilk 1 saat üçün 2 manat ödəməlidir. Rahib Azəri bunun müvəqqəti xarakter daşıdığını deyib və sınaq müddəti başa çatdıqdan sonra məsələyə tamamilə aydınlıq gətiriləcəyini bildirib.

Dilənçi uşaqların yığdıqları pullar virus mənbəyidir

Xəbərlər No Comments »

Elçin Abdullayev: “Azərbaycanda himayəsiz uşaqlardan məqsədli şəkildə istifadə edirlər”

 

 Azərbaycanda dilənçiliklə məşğul olan uşaqlardan məqsədli şəkildə istifadə edən və onları himayə edənlər var”. Bu barədə AJAŞ Xəbər-ə Demokratik Təsisatlar və İnsan Haqları İB-nin sədri Elçin Abdullayev bildirib. Ekspertin sözlərinə görə dilənçi uşaqlar yığdıqları pulları özlərinin şəxsi problemlərinə yox, hansısa görünməyən cinayətkar qruplara ötürürlər. Ölkəmizdə uşaqların dilənçiliyə cəlb olunmasının insan alverinin geniş yayılmış formalarından biri olduğunu deyən təşkilat sədri vurğulayıb ki, dilənçi uşaqlarla bağlı problem həll edilmədikcə, cəmiyyət üçün potensial cinayətkar problemi riski də böyüyür: “Baş vermiş hadisə və bizi narahat edən bəzi məqamlarla bağlı DİN-nə müraciət etdik. Bundan sonra məlum oldu ki, cənab nazir Ramil Usubov məsələnin araşdırılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə xüsusi göstəriş verib. BŞBPİ-dən bizə daxil olan rəsmi məktuba görə, müraciət əsasında 157 nəfər saxlanılıb və inzibati qaydada məsuliyətə cəlb edilib”. Lakin E. Abdullayev qeyd edir ki, bu, heç də problemin həll olunması demək deyil: “Əvvəllər cinayətkar qrupların fəaliyyət istiqamətləri şəhərin müəyyən hissəsindəydisə, indi onlar başqa istiqamətdə yenə də fəaliyyətlərini davam etdirməkdədirlər”.

Elçin Abdullayev səfil və dilənçi uşaqların gigiyenik vəziyyətləri qeyri-normal olduğundan, onların yoluxucu xəstəliklərə tutulma ehtimalının da böyük olması barədə xəbərdarlıq edib: “Belə uşaqların yığdıqları pulların virus mənbəyi kimi təhlükəliliyi də aktual məsələdir və bu, hamını düşündürməlidir”.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni konsepsiyanın icrasına başlayıb

Xəbərlər No Comments »

Konsepsiyanın tətbiqində məqsəd qiymətli kağızlar bazarı üzrə əhalini maarifləndirməkdir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-ci illər üçün məlumatlandırma və maarifləndirmə konsepsiyasının realizəsinə başlayıb. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə QKDK aparatının rəhbəri Mehman Abbas bildirib. M. Abbasın sözlərinə görə, konsepsiyanın əsas məqsədi ölkə əhalisinin məlumatlandırılması və maarifləndirilməsidir: “Konsepsiya ölkədə kapital bazarının bütün iştirakçılarını - sərmayədarları, emitentləri, peşəkar iştirakçıları, eləcə də KİV-i, ali təhsil müəssisələrinin müəllimlərini və tələbələrini, həmçinin geniş əhali təbəqəsini əhatə edir. Konsepsiya Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin internet səhifəsinin, qəzet və nəşrlərin, eləcə də televiziyanın köməyi ilə icra ediləcək”. Aparat rəhbərinin sözlərinə görə, qiymətli kağızlar bazarı sahəsində ölkə əhalisinin maarifləndirilməsi məqsədilə mümkün nəşrlərin, televiziya proqramlarının, qaynar xəttin açılması, seminarlar və dəyirmi masaların təşkili planlaşdırılır: “Beynəlxalq ekspertlərlə birgə ixtisaslaşdırılmış lüğət, eləcə də normativ sənədlər toplusu hazırlanaraq dərc olunacaq. Bazar iştirakçıları kimi əhalidən arzu edənlərə də təlimlərin keçirilməsi üçün kapital bazalar üzrə tədris mərkəzi açılacaq”.

Qeyd edək ki, bu gün sözügedən konsepsiya çərçivəsində komitə tərəfindən Bakı Fond Birjası, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İsveçrənin Dövlət Katibliyinin iştirakı ilə “Kapital bazarının inkişafında korporativ idarəetmənin rolu” mövzusunda ilk seminar keçirilib.

Tikinti haqqında yeni qanun layihəsi hazırlanır

Xəbərlər No Comments »

“Yeni Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edirlər. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Məcəllənin hazırlanmasında beynəlxalq təcrübədən də geniş istifadə olunur”. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Tikintinin, iqtisadiyyatın çox mühüm sahəsi olduğunu deyən Z. Səmədzadə, vurğulayıb ki, bu sahənin normal fəaliyyəti müəyyən normativ hüquqi sənədlərə, qanunlara əsaslanmalıdır: “İqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığı getdikcə artır. Digər sahələr kimi tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradıb. Millət vəkili hesab etdiyini bildirib ki, Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış şəraiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılmasını təmin edəcək. Həmçinin ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək: “Ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunmasıdır və bu məsələ Məcəllədə ayrıca olaraq öz əksini tapacaq”.

Xəzərin hüquqi statusu - siyasi alver predmeti

Xəbərlər No Comments »

“Türkmənistan Azərbaycanı məhkəməyə versə, özü uduzacaq”

 

Ötən həftə iki Xəzəryanı dövlət – Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində yerləşən karbohidrogen yataqlarının işlənməsi ilə bağlı mübahisə kuliminasiya həddinə çatıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov ölkəsinin Nazirlər Kabinetinin iclasında Azərbaycanı mübahisəli yataqlardan birtərəfli qaydadaistifadə etməkdə günahlandırıb və Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyib.

Bəs belə bir məhkəmə keçirilsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Türkmənistan məhkəməyə müraciət etməkdə nə dərəcədə haqlıdır? Uzun müddətdir həllini tapmayan problemin müzakirəsini məhkəməyə qədər gətirib çıxaran amillər hansılardır? Mövzu ilə bağlı rəsmi qurumların və ekspertlərin rəyini öyrəndik.

AR Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AJAŞ Xəbər-ə açıqlamasında bildirdi ki, artıq məsələylə bağlı Azərbaycan tərəfi nazirlik səviyyəsində öz mövqeyini açıqlayıb: “Azərbaycan bütün diplomatik vasitələrdən istifadə edərək öz hüquqlarını istənilən formada müdafiə etməyə hazırdır və müdafiə edəcək”. Məhkəmə olarsa, bunun nə ilə nəticələnə biləcəyi barədə sualı cavablandıran nazirlik rəsmisi ehtimallarla danışmağın yersiz olduğunu desə də əlavə edib ki,  məsələylə bağlı hələ 90-cı illərdə bütün hüquqi arşdırmalar aparılıb. Bu araşdırmalara əsasən söyləmək mümkündür ki, Azərbaycanın öz hüquqlarını və mövqelərini müdafiə etmək üçün kifayət qədər əsasları var: “Bu gün Azərbaycanın Xəzərdə hansısa kəşfiyyat işləri aparması Azərbaycanın öz hüquqlarından irəli gəlir. Kiminsə bu məsələylə bağlı sualları varsa, biz o sualları həmişə, hər bir formada cavablandırmağa hazırıq” –deyə E. Poluxov qarşı tərəfə mesaj ünvanlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AJAŞ Xəbər-in müxbirilə söhbətində deyib ki, Türkmənistan tərəfinin bəyanatının Azərbaycanda az qala şok effekti yaratsa da bu ölkənin reaksiyası çox sakit olub: “AR XİN-nin Nazir müavini Xələf Xələfov da bildirib ki, Azərbaycan sözügedən yataqların – “Çıraq” və “Azəri”nin hasilatına başlayanda, kontraktı imzalayanda hər şeyi ölçüb-biçmişdi və ona görə də indi heç nədən çəkinmir və bu yataqlar üzərində istənilən yerdə öz hüquqlarını müdafiə etməyə hazırdır. Digər tərəfdən, Q.Berdumuhammedov da Türkmənistan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, biz heç kəsə qarşı torpaq iddiası ilə çıxış etmirik, sadəcə Xəzərdəki bəzi yataqlarla bağlı birtərəfli atılan addımlar bizi qane etmir. Buna görə də məsələni beynəlxalq arbitraj məhkəməsində həll etmək istəyirik”. İ.Şaban onu da vurğulayıb ki, son bir ildə tərəflər arasında istiləşmə başlamışdı. Bir ildə iki dəfə prezidentlıər qarşılıqlı rəsmi səfər etmişdilər. Həmçinin ötən bir ildə ARDNŞ-nin prezidenti Türkmənistana 4 dəfə səfər etmişdi və yüksək səviyyədə qarşılanmışdı və s. “İki ölkə arasında münasibətlər kifayət qədər inkişaf etməkdə idi. İndi birdən-birə Berdumuhammedovun dilindən belə ifadənin işlədilməsi məntiqə sığmayan bir hərəkət kimi görünə bilər. Çünki Türkmənistan tərəfi NABUCCO-da maraqlı olduğunu elan edir, Qərb istiqamətində qaz ixracı ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən isə özünün Azərbaycan üzərindən Qərbə açılan qapısını örtür”. Ekspert tərəflərin hər ikisinin bu məhkəmədə maraqlı olduqları barədə gümanları da inkar etmir: “Məhkəmənin çıxaracağı qərarları hər iki tərəf qəbul edəcək, ona hörmətlə yanaşacaq. Ona görə də ali qərarın çıxarılmasında hər ik tərəf maraqlı ola bilər ki, məsələ birdəfəlik həllini tapsın”. Lakin İlham Şaban məhkəməyə müraciət olunarsa, məhkəmənin məsələylə bağlı tezliklə qərar çıxaracağını da gözləməyin düzgün olmadığını deyib: “Məhkəmə prosesi çox uzana, hətta illərlə çəkə bilər”. Read the rest of this entry »