Şübhəli «sair xərclər»ə ayrılan vəsaitlər iki dəfə artıb, hansı ki, o dolayısıyla hökumətin seçki kampaniyasına yönəldiləcək

2008-ci il büdcəsinə dəyişikliklər və əlavələr edildi. Xatırlayırsınızsa ekspertlər büdcə layihəsinin özü müzakirə olunan zaman xeyli narazılıq bldirmişdilər.

Büdcə vəsaitləri ilə bağlı daimi müşahidə və araşdırmalar aparın, büdcə ilə bağlı bütün məqamlara ictimaiyyətin fikrini əks etdirən Milli Büdcə Qrupu (MBQ) «Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununa rəyini açıqlayıb. Qrupun ekspertləri hər zaman olduğu kimi, büdcə vəsaitləri ilə bağlı kifayət qədər bədxərc mövqedə duran hökumətdən daha pessimist ruhdadırlar.

Büdcə dəyişiklikləri əsaslandırılmadan aparılıb

Qeyd edək ki, hökumət hər zamankı kimi ilin ilk yarısı başa çatmamış, neftin qiymətinin dünya bazarında sürətlə artan tempi tutduğu bir zamanda cari ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər ediləcəyinə hazırlığını bildirmişdi. Əlavə və dəyişikliklər haqqında qanun layihəsi doğrudan da təxirəsalınmadan Milli Məclisə təqdim olundu. MBQ ekspertləri qanun layihəsinin müzakirəsinin parlamentdə çox qısa bir zamanda başa çatdırıldığını bildirirlər. Qrupun rəyinə görə, ölkəyə böyük neft pulllarının daxil olmağa başladığı 2005-ci ildən start götürən bu neqativ təcrübə hər il təkrar olunur. Ekspertlər bu ənənənin effektiv büdcə işi, xüsusilə də peşəkar büdcə proqnozlaşdırılması baxımından normal qimyətləndirilməsinin qeyri-mümkün olduğunu bildirirlər. Qeyd etmək yerinə düşərdi ki, inkişaf etmiş ölkələrin sınaqdan keçirdiyi uzunmüddətli büdcə proqnozlaşdırılması təcrübəsindən bir çox keçid ölkələri ilə bərabər, MDB dövlətləri də uğurla istifadə edir. Bu təcrübə hökuməti ölkənin gələcəyi barədə strateji düşünməyə, iqtisadi inkişaf prioritetlərini daha dəqiq müəyyənləşdirməyə vadar edir. Bundan başqa, uzunmüddətli büdcələr qrup maraqlarına xidmət edən cari və yetərincə əsaslandırılmayan layihələrin meydana çıxma imkanlarını xeyli dərəcədə məhdudlaşdırır.

MBQ hələ 2007-ci ilin büdcəsinə dəyişikliklərlə bağlı verdiyi rəyində belə dəyişikliklərin hüquqi bazasının mövcud olmadığını bildirmişdi. Belə ki, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində («Dövlət büdcəsinə yenidən baxma və xərclərə sekvestr tətbiq olunması») yalnız dövlət büdcəsinin icrası prosesində gəlirlərin təsdiq olunmuş məbləğdən az daxil olması hallarında büdcəyə yenidən baxılması nəzərdə tutulur. Gəlirlərin nəzərdə tutulduğundan daha çox olması hallarında büdcədə dəyişikliklər edilməsi həmin maddədə əksini tapmasa da, Azərbaycan hökuməti məhz gəlirlərin, xüsusilə də neftin qiymətinin artması səbəbindən çoxalması ehtimalı reallaşan kimi, dərhal gəlirlərin xərclənməsi üçün yer müəyyənləşdirir.

Büdcəyə yenidən baxılması ilə bağlı rəsmi rəy yetərli deyil

Ekspertlərin fikrincə, butun bu sadalanan arqumentlər büdcə daxilolmaları üzrə faktiki göstəricilərin proqnoz göstəricilərindən artıq olduğu halda dövlət büdcəsinə yenidən baxalmasına zərurət yaratmır. MBQ hesab edir ki, əgər belə olmasa idi, onda 2007-ci ilin sonlarına yaxın dövlət büdcəsinə nvbəti dəfə yenidən baxmaq zərurəti yaranardı. Belə ki, 2007-ci il büdcə icrası barədə yekun hesabata görə, ötən il təkrar baxışdan sonra ilin sonunda dövlət büdcəsinin faktiki gəlirləri yenə proqnozlaşdırılan məbləğdən 235.7 milyon manat çox olub və həmin vəsait məhz büdcə kəsirinin örtülməsinə yönəldilib.

2008-ci il büdcəsinin 1126.4 milyon manat kəsrlə proqnozlaşdırıldığını nəzərə alan MBQ hesab edir ki, büdcə daxilolmalarından gözlənilən artımın büdcəyə yenidən baxılmadan məhz büdcə kəsirinin örtülməsinə yönəldilməsi daha məqsədəuyğun, daha qanunauyğun olardı.

Hökumət isə hər zaman bütün addımlarının doğru və məqsədyönlü olduğunu hesab etdiyi kimi, bu dəfə də müsbət məqam kimi təqdim etdiyi büdcə dəyişikliklərini daxilolmaların gəlirlər üzrə proqnoz göstəriciləri üstələməsi ilə əsaslandırır. Qeyd etmək lazımdır ki, 2008-ci ilin büdcə gəlirlərinə edilən 3091.5 milyon manat artımın tam 2700.0 milyon manatını, yəni 87,5%-ni bilavasitə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) edilən transfertlər təşkil edir. Ekspertlər məhz büdcənin neft gəlirlərindən asılılığının bu həddə çatmasından narahatlıq bildirirlər. Büdcə gəlirlərinin artımının qalan 391.5 milyon manatı əsasən 3 vergi üzrə daxilolmaların payına düşür ki, bu da yenə neft gəlirləri ilə əlaqədardır. MBQ hesablamları göstğərir ki, ƏDV və fiziki şəxslərin gəlir vergisi üzrə büdcə daxilolmalarının gözlənilən artımı əsasən məhz büdcəyə edilən dəyişikliklər nəticəsində həmin vergilər üzrə vergitutma bazasının genişlənməsi hesabına baş verəcək. Hüquqi şəxslərin mənfəət vergisi hesabına olan 170 milyon manatlıq əlavə gəlir isə bütünlükdə «Əsrin müqaviləsi» çərçivəsində podratçı tərəflərin ödəyəcəyi mənfəət vergisi hesabınadır. Yəni, büdcə üçün nə varsa, neftdə var, neft gəlirlərində var.

Büdcə dəyişikliklərində transfertlərdən istifadə yaxşı hal deyil

MBQ-nun xüsusi narahatlığına səbəb olan amillərdən biri də büdcə dəyişikliklərində ilk dəfə olaraq ARDNF-dən büdcəyə transfertlərdən istifadə olunmasıdır. Belə ki, dövlət büdcəsinə dəyişikliklərdə gəlir bazasının genişləndirilməsinə Neft Fondunun transfertləri sayəsində nail olunub. Əvvəldə qeyd olunduğu kimi, dəyişikliklər nəticəsində büdcə gəlirlərinin artımının böyük hissəsi ARDNF-in transfertlərinin kəskin artması hesabına baş verir. Bu dəyişikliklərə əsasən transfertlərin məbləği təxminən üç dəfə (2700 milyon manat) artırılaraq 3800 milyon manata çatdırılır ki, nəticədə bu transfertlərin dövlət büdcəsindəki xüsusi çəkisi 14,9%-dən 36,2%-ə qədər yüksəlib. Ekspertlərin fikrincə, neft gəlirlərinin sürətlə artdığı bir dövrdə hökumətin belə davranışları həmin gəlirlərdən səmərəli istifadə olunması, dövlət büdcəsi ilə Fond arasındakı münasibətərin tənzimlənməsi baxımından mükəmməl qanunvericilik bazasının yaradılması zəruriliyini bir daha önə çəkir. Xatarlatmaq yerinə düşərdi ki, Neft Fondu haqqında qanun hələ Samir Şərifovun Fonda rəhbərlik etdiyi dövrdə hazırlanmağa başlamışdı və təəssüf ki, bu günə qədər başa çatdırılmayıb.

Şəhla Əbusəttər - Araşdırmaçı jurnalistlərin Azərbaycan şəbəkəsi