Vergini yığa bilməyən hökumət, neftin pullarını səxavətlə xərcləyir
Məqalələr May 21st. 2008, 4:36pm«Sair xərclər»ə və investisiya layihələrinə ayrılan vəsaitlərə dair izahatların verilməməsi şübhələr yaradır
Ekspertlərin narahatlığına səbəb olan başqa bir məqam isə hökumətin vergilər şəklində büdcəyə çatası vəsaiti tam səfərbər edə bilmədiyi halda Fondun transfetlərindən gen-bol istifadə etməkdən çəkinməməsidir.
Belə ki, Hesablama Palatasının rəyində göstərildiyi kimi, 2008-ci il yanvarın 1-nə dövlət büdcəsinə çatası 2700 milyon manat hesablanmış vergi borcunun vergi ödəyicilərindən alınması mümkün olmayıb. Hökumətin izahından aydın olur ki, büdcəyə edilən dəyişiklərdə əsas məqsəd yeni büdcə xərcləmələri, xüsusilə dövlət investisiyaları ilə bağlı əlavə imkanlar əldə etməkdir ki, burada da hökumətin sosial-iqtisadi sahədəki siyasəti ilə büdcə siyasəti arasındakı əlaqələndirmənin kifayət qədər təmin olunmaması qabarıq şəkildə üzə çıxır.
Büdcə artımının 60 faizi tikintiyə yönəldilir
Ölkəmizin infilyasiyaya qədəm qoyduğu ötən ilin əvvələrindən istehlak qiymətlərində kəskin artımların start alması nəticəsində əhalinin gəlir əldə etmək imkanı məhdud olan təbəqələrinin həyat səviyyəsinin daha da pisləşdiyi, sosial təbəqələşmənin artmağa meylli olduğu və dünya iqtisadiyyatında böhranın, xüsusilə də ərzaq böhranının getdikcə dərinləşdiyi bir şəraitdə hökumətin balanslaşdırılmış büdcə siyasəti reallaşdıra bilməməsi MBQ ekspertlərinin diqqət mərkəzindədir. Ekspertlər həm büdcə xərclərinin artmının tərkibində, həm də bütövlükdə büdcə xərclərinin strukturunda formalaşmış kəskin disbalansı qeyd edir. Belə ki, son dəyişikliklərdə dövlət büdcəsinin məcmu xərc artımının 59,2%-i tikinti məqsədlərinə yönəldildiyi halda, artımın yalnız 10,5%-i – yəni 269,1 milyon manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinin payına düşür. Və bu reallaşdırılacaq tikinti layiləhələri ilə bağlı hökumət hər hansı məlumat vermir. Dəyişikliklərdən sonra qeyd olunan üç mühüm sektor üzrə xərclərin dövlət büdcəsinin ümumi xərclərində payı cəmi 20,7% təşkil edir ki, bu da bir tək investisiyalar üzrə analoji göstəricidən nə az-nə çox, düz iki dəfə azdır. Halbuki dünyanın inkişaf etmiş, həmçinin bir sıra keçid ölkələrində belə yalnız əhalinin sosial müdafiəsilə bağlı xərclərin dövlət büdcəsində xüsusi çəkisi 15-20 faizdən az olmur. Bəzi ölkələrin təkcə səhiyyə xərclərinə ayırdığı vəsaitin dövlət büdcəsində xüsusi çəkisi 10-15%-ə bərabərdir.
Dəyişikliklərdən sonra büdcə xərcləri üzrə məcmu artımın 60 faizi tikinti işlərinə yönəldildiyi halda, əmək haqqlarının artırılması üçün 14,2 %, təqaüdlər və sosial müavinətlər üçün isə yalnız 3% vəsait ayrılır. Ekspertlərin fikrincə, cari ildə gözlənilən infilyasiyanın real səviyyəsi ilə bağlı hələ ötən ilin sonlarında aydın təsəvvürə malik olmasına baxmayaraq, hökumətin əmək haqqı, təqaüd və sosial müavinətlərin il ərzində artımı və əhalinin sosial müdafiəsinin normal həddə təmin edilməsi üçün büdcədən kifayət qədər vəsait ayırmaması anlaşılan deyil.
«Sair xərclər» seçkilərəmi gedəcək?
MBQ hökumətin «sair xərclər» adı altındakı bədxərcliynə hər zaman diqqət fokuslaşdırır. Ekspertlərin fikrincə, büdcə şəffaflığının vacib şərtlərindən biri də «sair xərclər» adı altında təyinatı bilinməyən xərclərin büdcədəki payının minimuma endirilməsidir. Büdcənin əvvəlki variantında «sair xərclər»in səviyyəsinin büdcədə xüsusi çəkisi 8,5%-dən 11%-ə yüksəlib. Başqa sözlə, bu vəsait 473,5 milyon manat (təhsil, səhiyyə və sosial müdafiəyə artırılandan 204.4 milyon manat çox – müəl.) artırılaraq 1209.3 milyon manata yüksəldilib.
Ekspertlərin xüsusi narahatlığına səbəb olan digər bir məqam isə 2008-ci il büdcəsinə yenidən baxılması prosesinin «Büdcə sistemi haqqında» Qanunun tələblərinin pozulması ilə müşayət olunmasıdır. Belə ki, sözügedən qanunun 12-ci maddəsində hökumətin müzakirə məqsədilə dövlət büdcəsi ilə əlaqədar Milli Məclisə təqdim etməli olduğu sənədlərin siyahısını müəyyənləşdirir. Həmin siyahıda əks etdirilən iki mühüm sənəd – büdcə layihəsinə dair izahat və dövlət investisiya proqramının layihələri bu dəfə də parlamentə təqdim olunmayıb.
Belə çıxır ki, Milli Məclis də ağına-bozuna baxmadan, pulun konkret hara gedəcəyinə əhəmiyyət vermədən altını imzalayıb, vəssalam.
MBQ hesab edir ki, təklif olunan xərc artımının 60%-ə yaxın böyük bir hissəsinin məhz investisiya layihələrinin reallaşdırılmasına yönəldildiyi nəzərə alanıraq, bu iki sənədin deputatlara paylanmasının xərclərin şəffaflığına və səmərəli istifadəsinə nəzarətin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. MBQ bu barədə rəyində hər hansı fikir bildirməsə də, açıqlaması verilməyən «sair xərclərin» böyük bir ehtimalla seçki kampaniyasına xərclənəcəyi istisna olunmur. Əks halda hökumət bu barədə az da olsa açıqlama verə bilərdi. Əslində, hətta tikinti layihələrinə ayrılan vəsaitlərin də həcminin böyük olması əslində, onların böyük bir qisminin seçkilərə yönəldiləcəyini göstərir. Elə buna görə də, hökumətin sosial istiqamətlərə «diqqəti» əvvəldə sadaladığımız qədər olub.
Şəhla Əbusəttər - Araşdırmaçı Curnalistlərin Azərbaycan Şəbəkəsi
