Əhalinin real gəlirləri 16% artıb
Xəbərlər İyul 23rd. 2009, 1:11pmİcmal büdcənin gəirlər və xərclərinin fərqində 180 milyon manat profisit çatışmır
Ötən gün Nazirlər Kabinetinin ilin ilk altı ayının yekunlarına həsr edilmiş iclasında maliyyə naziri Samir Şərifovun veridiyi məlumatlarla bağlı iqtisadıçı ekspert Vüsal Qasımlıya müraciət etdik.
-Vüsal bəy, Maliyyə Nazirliyinin 6 aylıq yekun hesabatına görə dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4% yerinə yetirilib. Dövlət büdcəsinə mədaxilin 100% yerinə yetirilməməsinin səbəbləri nədir?
-Mədaxilin az olması əvvəldən proqnozlaşdırılan bir məsələ idi. Burada ölkədə neft hasilatının proqnozlaşdırılandan aşağı səviyyədə olması və dünya bazarında neftin qiymətinin aşağı olması çox ciddi rol oyanyır. Azərbaycan bu il üçün neft hasilatını təxminən 60-65 milyon ton proqnozlaşdırırdı, hansı ki, indi 40-45 milyon ixrac edilir. Eyni zamanda nefin qiyməti büdcədə 70 dollar nəzərdə tutulduğu halda, orta qiymət təxminən 50-60 dollar civarında qeydə alınır. Bu o deməkdir ki, “Əsrin müqaviləsi”nə daxil olan neft şirkətlərinin mənfəəti müvafiq qaydada azalıb. Onların mənfəəti azalıbsa, mənfəət vergisi şəklində büdcəyə ödədiyi vəsaitin həcmi də azalıb. Eyni zamanda neft sektoru ilə bağlı olan bir sıra sahələrdə, o cümlədən xidmət sahələrində də gəlirlər azalır. Eləcə də onların vergi ödəmələri azalır. Biz tikinti sektorunda da satış həcminin aşağı düşməsini, ümumiyyətlə tikinti bazarının azalmasında ciddi geriləmə görürük. Bunların nəticəsində tikintidən büdcəyə ödənilən vəsait də azalır. Bütün bunlar nəticə etibarı ilə gətirib ona çıxarır ki, büdcəyə daxilolmalar azalır. Ancaq bütün bunlara baxmayraq büdcənin gəlir hissəsinin 93.4% icra olunmasını qlobal iqtisadi böhran şəraitində qənaətbəxş hesab etmək olar. Nəzərə almaq lazımdır ki, büdcənin bu səviyyədə icra olmasında Dövlət Neft Fondunun transverlərinin rolu böyükdür.
-Keçən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin 52 milyon manat və ya 1.1% artdığı bildirilir. Belə olan təqdirdə pensiyaların, güzəştli koteqoriyalara ayrılan məvacibin artırılmamasının səbəbləri nədir?
-Əvvəla, mən heab etmirəm ki, bu il pensiya artırılmayıb. Bu il yanvar ayında pensiyanın baza hissəsi 75 manata çatdırılıb. Siz bilirsiniz ki, pensiyaların artması iki cürdür. Biri onun baza hissəsinin, biri də sığorta hissəsinin artmasıdır. Pensiyaların baza hissəsi 75 manata çatıb. Amma sığorta hissəsinin artması ölkədə baş verən infliyasiya səviyyəsinin artması ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycanda illik infliyasiyanın səviyyəsi rəsmi rəqəmlərə görə 5-6 % civarındadır. Yaxın vaxtlarda hökümət qanunvericiliyə əsasən pensiyanın sığorta hissəsini indeksasiya etməlidir. İndeksasiya edilərkən isə inflyasiyanın səviyyəsi əsas götürləcək. Ancaq getdikcə Azərbaycanda qiymətlərin aşağı düşməsi tendensiyasının güclənməsi gözlənilir. Ola bilsin ki, bu il ümumiyyətlə illik defliyasiya qeydə alınsın. Ona uyğun da indeksasiya aparılacaq. Ünvanlı sosial yardıma gəlincə onu demək lazımdır ki, ünvanlı sosial yardım da iyunun 1-dən artırılaraq 60 manata çatdırıldı. Hansı ki, əvvəl 50-55 manat idi. Bilirsiniz büdcənin imkanlarına uyğun olaraq artım baş verir. O cür ola bilməz ki, qlobal iqtisadi böhran baş versin, büdcə sıxışdırılsın, biz də ADNF-dan transferləri artırmaq hesabına pensiyaları, maaşları və ya ünvanlı sosial yardımı artıraq. Bu istər-istəməz izafi pul kütləsinin yaranması və infliyasının sürətlənməsi deməkdir. Nəticə etibarı ilə infliyasiyanın sürətlənməsinin ən çox ziyanı kasıblara dəyəcək. Onların artan müavinətləri və ya pensiyaları infliyasiya nəticəsində geri qayıdacaq.
-Büdcənin gəlirlərinin keçən ilin eyni dövrü ilə artımını nəzərə alsaq, keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri artıbmı?
-Əhalinin gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% nominal ifadədə artıb. İnfliyasiya isə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 4%-dir. Bu deməkdir ki, əhalinin real gəlirləri 16 faiz artıb.
-Hesabatda Dövlət Neft Fondunun da büdcəyə nəzərdə tutulandan 75 milyon manat və ya 3.1% artıq transfer etdiyi vurğulanıb. Neftin qiymətinin keçən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağı olduğu halda bu transfer artımının səbəbləri nədir?
-Büdcənin Neft Fondundan kənar gəlirləri azalırsa, o zaman Neft Fondunun transfertləri hesabına azalan gəlirləri kompensasiya etmək siyasəti yürüdülür. Çünki bu ilin büdcəsində nəzərdə tutlub ki, ADNF-dan dövlət büdcəsinə 4.9 milyard manat transfer olacaq. Artıq onun bir hissəsi edilib.
-Hesabt dövründə icmal büdcənin gəlirlərinin 5 milyard 865 milyon manat, xərclərinin isə 5 milyard 144 milyon manat olduğu və nəticədə 901 milyon manat profisit yarandığı qeyd edilib. Ancaq gəlirlər ilə xərclərin fərqini nəzərə alsaq görərik ki, 721 milyon manat profisit var. Ortada 180 milyon manat çatışmır. Bu anlaşılmazlığın səbəbləri nədir?
-Əvvəla deyim ki, icmal büdcə nədir? Icmal büdcə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, ADNF-nun büdcəsi, Naxçıvan Müxtar Respublikasının büdcəsi və xarici kreditlərə xidmət üzrə formalaşır. İcmal büdcədə profsitin yaranması qeyri-adi hal deyil. Orada qeyri- adi heç nə baş verə bilməz. Çünki büdcə balanslıdır. Orada bir qəpik də o üz, bu üz söhbəti ola bilməz. Burada iki variant var.Ya ola bilsin icmal büdcənin gəlirləri və xərcləri dəqiq ifadə olunmayıb, ya da profisit dəqiq ifadə olunmayıb. Mən bunu texniki məsələ hesab edirəm.
