xeberKütləvi İnformasiya Vasitələrindən yaxşı bilirik ki, bu il TQDK ali və orta ixtisas məktəblərinə sənəd qəbulunu elektron formada həyata keçirir. Əvvəlcə eşidəndə qulağa xoş gəlir, fikirləşirsən ki, təlimata uyğun olaraq əvvəlcə TQDK-nın 2 manat qiymətində olan “Ödəmə kartı”-nı əldə edirik, sonra www.tqdk.gov.az/ali2008/ web səhifəsinə daxil oluruq tələb olunan bölmələri doldururuq bununla da iş bitdi. Xeyr! Reallıqda deyildiyi kimi də sadə deyil. Kartların artıq qiymətə satılmasının qarşısını almaq üçün özəl yerlərdə yox yalnız şəhər, rayon və kənd poçt şöbələrində satılır.

Lazımi sənədləri hazırlayıb gedirsiniz poçta “Ödəmə kartı”-nı istəyirsiniz, deyirlər ki: “Kartı sizə verə bilmərik! gərək sənədlərinzi verəsiniz biz yollayaq”. Təbii ki, şəhər yerində olduğu kimi rayon və kəndlərdə əksəriyyət kompyuter və internetdən istifadə edə bilmir. Buna görə özünün kartı alıb evdə və yaxud başqa bir yerdə sənədlərini yollamaq hüququ ola-ola məcburdu ki, kartı alıb versin poçt işçisinə o da sənədini yollasın. Onda gərək əlinizi cibinizə atıb 1 manat da həmin şəxsə verəsiniz. Və yaxud da ki bir az diribaşlıq edib kartı aldınız. Bununla siz 1 manat qabağa düşərsiniz.
Ancaq çox təəssüf ki, 1 manatla iş qurtarmır. Bütün bunlar hər iki: cari ilin və digər illərin abituriyentlərinə aiddir. İndi isə keçək ikinci mərhələyə. Bu mərhələdə isə digər illərdə məzun olan abituriyentlər elektron ərizələrini yolladıqdan sonra TQDK tərəfindən müəyyən olunmuş ali məktəb binalarında təsdiq etdirməlidirlər. Buradakı təsdiq üçün isə məcburi verməli olduğunuz pul təxminən 2-4 manat arasında dəyişir. Təsdiq olunduqdan sonra sənəd qəbulu prosesi tamamlanır. Yaxşı. Anladıq ki, şəhərdə yaşayanlar ali məktəblərdə sənədlərini aparıb təsdiq etdirə biləcəklər. Onda, rayon və kəndlərdə, ali məktəb olmadığından abituriyent məcburdur ki, uzaq olsa da yaşadığı rayon və yaxud kəndə az da olsa yaxın olan şəhərə getsin.
Əvvəlki illərdə isə abituriyent sadəcə yaxındakı təhsil şöbəsinə lazımi sənədləri verməklə kifayətlənirdi. Cari ilin abituriyentlərinin işi isə demək olar ki, bir az asandı. Çünki onlar əvvəlki illərin abituriyentlərindən fərqli olaraq sənədlərini elektron formada yolladıqdan sonra yaxınlıqdakı təhsil şöbəsində təsdiq etdirməlidir. Əlbəttə ki, təhsil şöbəsində də təsdiq üçün nə az nə çox 5 manat mütləq verməlisiniz.Qanunən hüquqlarını bilən şəxs dövlət rüsumu kimi qəbul olunmuş 2 manatlıq “Ödəmə kartı”-dan əlavə heç bir yerə pul ödəməməlidir. Əgər qanunsuz istənilən pulu ödəmək üçün sizi məcbur etsələr TQDK-nın Bakı şəhərindən 141 rayon və kəndlərdən isə 012 141 Qaynart xəttinə zəng edə bilərsiniz.
Dünya təcrübəsində seçkilər, sənəd qəbulu, təhsil almaq və s. işləri elektron formada həyata keçirməkdə məqsəd vaxta, rahatlığa, və bir çox şeylərə qənaət etmək məqsədilə keçirilir. Azərbaycanda isə bu təcrübə hələlik başqa məqsədlər üçün istifadə edilir. Birdə ki, bütün bunlar Xanlar rayonunda, Gəncə şəhərində, digər rayon və kəndlərdə yaşayan abituriyentlər arasında keçirilən sorğunun nəticəsi olaraq qeyd olunmuşdur. Bütün abituriyentlərə uğurlar arzu edirik!.

Xanalrdan xüsusi olaraq AZƏRFOTO üçün: AYAZ Quliyev