Kənan Aslanlı: “Dövlət Əmlak Komitəsinin adının dəyişdirilməsini uğursuz hesab edirəm”

 

 

-         Kənan bəy, Azərbaycanda kiçik özəlləşmənin demək olar ki, başa çatdırıldığı, qalan az hissəsinin isə ilin sonuna kimi başa çatdırılacağı bildirilir. Maraqlıdır, özəlləşdirmə çeklərinin adi vətəndaşlara nə xeyri oldu?

 

-         Maraqlı sualdır. Əslində əsas mərhələ arxada qalıb, kimlərsə payçı olmalıydı - olub və dövriyyədə qalan çeklərin müddəti uzadılmasına baxmayaraq, hələ  də özəlləşdirməyə çıxarılası orta və iri müəsisələr var. Bir müddət əvvəl ARDNŞ-nin bir sıra müəsisələri özəlləşdirilməyə çıxarıldı. Amma sonra tam aydın olmadı ki, o müəssisələrin hamısı özəlləşdirildi yoxsa yox. Digər  məsələ, yeni özəlləşdirilən müəssisələrin özəlləşdirilməsində daha çox  investisiya müsabiqələrinə üstünlük verilməsidir. Bu baxımdan çeklərin əhəmiyyəti müəyyən qədər vətəndaşlar üçün azalır. Özəlləşmədən xüsusilə 2002-2003-cü illərə qədər bir sıra vətəndaşlar istifadə etdilər və səhmdar cəmiyyətlərin payçıları oldular. Ancaq onlar həmin müəssisələrdən necə faydalanırlar, nə dərəcədə dividentlər ala bilirlər, bax, problem bundadır. Əslində dividentlərin səviyyəsi o qədər yüksək deyil.

 

-         Özəlləşdirmə prosesi necə aparılır; bir iqtisadçı kimi sizi qane edirmi?

 

-         Son  dövrlər özəlləşdirmə prosedurunda əsasən investisiya müsabiqələrinə üstünlük verilir. Özəlləşdirmə komitəsinin özünü xüsusi formulu var. Bu formul ilə müəssisənin dəyərini hesablayırlar. Hətta faiz dərəcələri də nəzərə alınır. Ondan sonra investisiya müsabiqəsi elan edilir. Ən yaxşı müsabiqə şərtləri təqdim edən şirkətə bu müəssisələr özələşdirilir. Prosesin tələbləri  var. Xüsusən söhbət iri iqtisadi əhəmiyyətli müəssisələrdən gedirsə, ümumi özəlləşdirmə dəyərinin 15 faizi kollektivə verilir. Biz bunu Kapital Bankın özəlləşdirilməsi zamanı müşahidə etdik. Ümumi özəlləşdirmənin dəyəri elan edildi və onun 15 faizi Kapital Bankın əməkdaşları arasında bölündü və Kapital Bankın əməkdaşları bir növ payçıya çevrildilər.
Bu sahənin tənzimlənməsi xüsusi diqqət tələb edir, yəni spesifik sahədir. Bütün postsovet ölkələrində bu sahəni müəyyən qədər problemli adlandırmaq olar. Bizdə bu sahədə vaxtilə aparılmış işlər, onların qanunvericiliyə uyğun olmaması ilə bağlı ittihamlar irəli sürülüb. Mənim münasibətimə gəldikdə, hesab edirəm ki, son bir neçə ildə özəlləşmə sahəsində müəyyən qədər təkmilləşmə hiss olunur. Özəlləşdirmə komitəsinin işində və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsində də müsbət dəyişikliklər var. Ancaq çox təəssüf ki, vaxtilə özəlləşdirmə işlərinin gedişində neqativliklər çox olub. Ona görə də indi bəzi təkmilləşdirmələrin aparılmasına baxmayaraq, bölünmüş əmlak üçün bunun bir əhəmiyyəti yoxdur. Yalnız bu təkmilləşmələrin sonrakı özəlləşdirmələrə təsirinin ola biləcəyindən danışmaq olar. O cümlədən, son stuktur islahatları – Dövlət Əmlak Komitəsinin (DƏK) Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) adıyla yenidən strukturulizasiya olması, qurumun  səlahiyyətlərinin bir qədər genişləndirilməsi müsbət addımdır. Xüsusən əmlakın reyestri ilə bağlı: həm daşınmaz əmlak reyestrində bu işlər aparılırdı, həm də keçmiş DƏK-də əmlakın reysteri ilə bağlı xüsusi şöbə var idi. Düşünürəm ki, son islahatlar problemlərin aradan qaldırılması baxımından əhəmiyyətlidir. Amma sözügedən qurumun indiki yeni adını uğursuz hesab edirəm, vaxtilə çox sadə bir adı var idi. Bu ad bir neçə dəfə dəyişdirildi və indi əvvəlki variantın bir qədər mürəkkəb, anlaşılmaz formasına qayıdılıb.

 

-         ƏMDK sədri Kərəm Həsənov təhsil, mədəniyyət, səhiyyə müəssəsələrinin də özəlləşməyə açıq olduğunu bəyan edib. Sizcə, bu gələcəkdə icbari təhsilin ləğv ediləcəyinə və pulsuz tibbi xidmətin aradan qaldılacağına əsas ola bilərmi?

 

-         Vaxtilə məktəbəqədər təhsil müəssisələrinin və bir sıra səhiyyə müəssələrinin özəlləşdirlməsi prosesinə start verilmişdi. Düzü, bir sıra pilot layihələr kimi bu iş uğurlu alındı. Əgər düzgün giymətləndiriləcəksə, dövlətin özünün idarə etməkdə əlavə yükə düşdüyü bəzi müəssiələrin özəlləşdirilməsində bir problem görmək lazım deyil. Sadəcə, bütün bu proseslər əvvəldən sona qədər şəffaf olmalıdır və kriteriyalar açıqlanmalıdır. Əslində bu məsələni yeni hesab etmirəm. Bu özəlləşdirmədən sonra həm səhiyyə, həm də təhsil xidmətlərində müəyyən qədər keyfiyyətin yüksəldilməsinə nail olmaq olar. Ən azı, biz bunu bir sıra pilot layihələrdə müşahidə etmişik.