Xəbərlər İyun 4th. 2009, 5:26pm
Bu gün Multimedia Mərkəzi tərəfindən Azərbaycan Media Mərkəzində keçirilən Dəyirmi Masada tanınmış ictimai xadimlər ölkədə informasiya azadlığının vəziyyətini müzakirə ediblər.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz dövlət proqramları və onun icrası ilə bağlı informasiya qıtlığından gileylənib: “Bir də görürsən arxasında 20 milyon manat pul olan proqram həyata keçirilir. Bu vəsaitdən kimin, harada, necə istifadə etdiyi bilinmir. Proqramla əlaqədar tender keçirilməsi də sual altındadır”.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov təəssüflə bildirib ki, Azərbaycanda təhlükəli hal olan korrupsiya şəffaflığın olmaması ucbatından bu səviyyəyə gəlib çatıb: “Şəffaflığın qorunması informasya texnologiyaları ilə birbaşa bağlıdır. İki ildir ki, anti-korrupsion Milli Strategiya qəbul edilib. Strategiyda dövlət qurumlarından tələb edilir ki, intrenet resursları təkmilləşdirilməli, əhalinin ərizə və şikayətlərinin qəbulu elektron vasitələr, internet vasitəsilə həyata keçirilməlidir. Lakin dövlət qurumları hələ ki, əhalinin ərizə və şikayətlərinin internet vasitəsilə qəbul edilməsində tənbəllik edir. Bu da onu göstərir ki, Milli Strategiyanın icra olunması səviyyəsi aşağıdır. Demək olar ki, Azərbaycanda dövlət qurumlarının saytlarının müsbət inkişafını görmürük. Azərbaycanda şəffaflığa və korrupsiyaya qarşı böyk bir müqavimət var. Həmçinin Milli Strategiyaya qarşı da müqavimət var. Ümumiyyətlə, dövlət qurumlarında qanunların icra olunmasına qarşı bir laqeyidlik var. Qanunlar icra olunmur”.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qeyd edib ki, “İnformasiya azadlığı haqqında” qanun informasiyaların elektron reyestri yaradılmasını tələb etsə də hələ ki, reyestr yoxdur: “Biz dövlət qurumlarının mətbuat xidmətlərini qınayırıq. Ancaq onların özləri də bizim kimi informasiyanı ala bilmirlər, çünki daxildə bu iş yaxşı təşkil olunmayıb. Eləcə də dövlət büdcələrində informasiya azadlığı ilə bağlı konkret pul ayrılmalıdır və onun xərclənməsilə bağlı aydın göstəricilər olmalıdır”.
Sabiq millət vəkili Rizvan Cəbiyev qanunun həyata keçirilməsində, onun təminatı sahəsində bu ciddi nöqsanların olduğunu vurğulayıb: “İnformasiya haqqında” qanuna görə informasiya ambudsmanı yaradılmalıydı, onun həyata keçirilməməsi özü ciddi bir qüsurdur”.
Əməkdar jurnalist Qulu Məhərrəmli informasiyanın təkcə jurnalistlərə deyil, həm də cəmiyyətə lazım olduğunu xatırladıb: “Cəmiyyətin inkişaf etməsi üçün hökümət informasiyanı meydana çıxartmalıdır. İnformasiyanı gizlədən hökumət, ən pis hökumətdir. Biz balans üçün təkcə Rusiyanın təcrübəsindən deyil, başqa ölkələrin, məsələn, Türkiyənin təcrübəsindən istifadə edə bilərik. Çünki Rusiya təffəkür və davranış baxımından bizə yaxındır. Amma Türkiydə qabaqcıl təcrübə var”.
Hüquqşunas Ələsgər Məmmədli isə məhkəmələrin işindən gileylənib: “Məhkəmələr rədd ərizəsi yazır ki, mən informasiya sahibi deyiləm. Bu, gülünc məsələdir. Bizim müraciət edəcəyimiz məhkəmə özünü informasiya sahibi saymırsa, o zaman biz kimdən kimə şikayət edək?”.
