Dekabrın 2-i Azərbaycan Media Mərkəzində Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) neft gəlirlərin və ictimai büdcə vəsaitlərin səmərəli istifadəsinə aid fotosərgisi və araşdırmaların təqdimat mərasimi keçirilib.

Təqdimatı açan Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsinin (AJAŞ) əlaqələndiricisi Elçin Sərdarov Şəbəkənin yaranma tarixindən, 2007-2008-ci ildə Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun Şəffaflıq və Media proqramın dəstəyi ilə görülmüş işlər, Niderland Jurnalistika Məktəbində və ICFJ-də araşdırmaçı jurnalistləri üçün təşkil edilmiş təlimlər, şəffaflıq üzrə EITI, Milli Büdcə Qrupu, Vətəndaş Nəzarət Şəbəkəsi, həmçinin Ukrayna və Monqolustan QHT-ləri və Revenue Watch nümayyəndələri ilə keçirilmiş görüşlər haqqında məlumat verilmişdir.

Mərasimdə araşdırmaçılar Səbuhi Qafarov və Rövşən Hacıbəyli Neft Fondundan layihələrə xərcləmələr – Oğuz-Qəbələ-Bakı boru layihəsi ilə bağlı araşdırmasının, Xəyal Babayev Azərbaycan Respublikası – Təhsil xərcləri – Məktəblərin İKT təminatı ilə bağlı araşdırmasının, Hicran Həmidova Neft fondundan qaçqın və məcbüri köçkünlərə ayrılan vəsaitlərin şəffaflığı ilə bağlı araşdırmasının, Anar Orucev Azərbaycan Respublikası səhiyyə büdcəsi – Ana və uşaqların sağlamlığının qorunması ilə bağlı araşdırmasının, Elçin Sərdarov Neftlə çirklənmiş ərazilərin satılması və insan sağlamlığına təsiri ilə bağlı araşdırmasının, Çinqiz Sultansoy - Yol-3-cü həyatdır. Azərbaycan Respublikasında büdcə vəsaitləri və beynəlxalq kreditlərin xərclənməsinin effektivliyi və səmərəliliyi ilə bağlı araşdırmasının təqdimatlarını etdilər.

Təqdimatın yekununda çıxış edən fofosərginin təşkilatçısı, Şəbəkə üzvü, «Azərfoto» Agentliyinin direktoru Ceyhun Abdulla cəmiyyətin sosial və iqtisadi problemlərini görmək, dövlətçiliyimizin xeyrinə bu problemlərin həllinə çalışmaq hər bir vətəndaşın borcu olduğunu qeyd etdi.

Açıq Cəmiyyət İnstitutunun Şəffaflıq Proqramının rəhbəri Fidan Nəcəfova Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin bu qısa vaxtda gördüyü işləri, apardığı təhqiqatları və təşkil etdiyi sərgini qiymətləndirərək , bu sahədə hələ çox, peşəkar işlərinin görünməsinə ehtiyac duyulduğunu bildirdi.
Bütün maraq göstərən insanlar fotosərgidə təqdim olunmuş fotolar ilə həftənin sonuna qədər Dilarə Əliyeva küçəsi 218 ünvanında yerləşən Azərbaycan Media Mərkəzində tanış ola bilərlər.