Azərbaycanlılar Azərbaycan Respublikasından departasiya olunur
Xəbərlər İyun 23rd. 2009, 10:58amZəlimxan Məmmədli: “Azərbaycan hökümətinin Borçalıya fərqli yanaşması olmalıdır”
Millət vəkili Nəsib Nəsibli: “ Miqrasiya haqqında qanuna dəyişiklik edilərkən borçalılar ilə çinlilərə eyni hüquqi status verilib”
Bu gün Azərbaycan Media Mərkəzində “Borçalı” Cəmiyyətinin təşkilatçlığı ilə “Gürcüstan-Azərbaycan münasibətlərində Borçalının yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı giriş sözü ilə cəmiyyətin sədri Zəlimxam Məmmədli açıb: “Bu gün həm Borçalıda, həm də burada xeyli həyəcan yaranıb. 20 ildir ki, Borçalının problemləridən danışırıq, ancaq problemlər həll olunmur”
Z. Məmmədli hər hansı bir formada ərazi iddiasının olmadığını, Gürcüstanın müstəqilliyini tanıdıqlarını, həm Azərbaycanın, həm də Gürcüstanın müttəfiqliyinə xələl gətirən amillərin Cəmiyyət tərəfindən qəbul olunmadığını, ancaq Borçalıda yaşayan azərbaycanlıların problemlərinin hər iki dövlətin münasibətlərinə nə dərəcədə təsir etdiynin üzərində düşündüklərni deyib. Cəmiyyətin sədri həmçinin minlərlə Borçalı əsilli ziyalının olmasına baxmayaraq, borçalıların heç bir təşkilatda birləşmədiklərini, Borçalıda baş verən neqativ hallara qarşı vahid mövqedən çıxış etmədiklərini bildirib.
Z. Məmmədli Borçalının torpaqlarının məhsuldar, əhalisinin fədakar işçi qüvvəsi olması və ərazisinin turizm üçün geniş imkanları olduğunu nəzərə çatdıraraq, Borçalıya investisiya qoyulmasının vacibliyini qeyd edib: “Azərbaycan Borçalıya invesitisiya qoya bilər. Azərbaycanın kifayət qədəq resursları var ki, Borçalıya investisiya qoyaraq, hamımızı düşündürən ciddi problemlərin həll olunmasına yardımçı olsun. Konkret olaraq, Azərbaycan yaxın günlərdə buradan deportasiya olunan imiqrantların Borçalıda işlə təmin edilməsinə kömək edə bilər. Borçalı azərbaycanlılarının kompakt yaşadığı ərazidir, ona görə də Azərbaycan hökümətinin Borçalıya fərqli yanaşması olmalıdır”.
Dəyirmi Masada hüquqşünas Aslan İsmayılov çıxış edərək, xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin öhdəsinə düşən problemlərlə əsla məşğul olmadığını və bu qurumun haqqında ölkə prezidentinə müraciət edilməli olduğunu vurğulayıb : “Komitənin sədri Nazim İbrahimov orada oturmayıb ki, iri bizneslə məşğul olsun, orada oturubdur ki, xaricdə yaşayan azərbaycanlıların problemləri ilə məşğul olsun. Ancaq bu komitənin işi sıfra bərabərdir”
Hüquqşünas Gürcüstanın xətrinə dəyməmək üçün Azərbaycanın daim susduğunu, onların da bundan sui-istifadə etdiklərini deyib: “Gürcüstan dövlətinə Azərbaycan dövlətinin etdiklərini heç bir dövlət etməyib. ABŞ, Avropa dövlətləri də bilir ki, Gürcüstanın yeganə minnətdar olacağı dövlət Azərbaycandır. Əgər Azərbaycan olmasaydı, Gürcüstan dövləti olmazdı. Ancaq bunun əvəzində orada azərbaycanlıara yenə də “tatrebi” deyib yuxarıdan aşağı baxırlar. Gürcülər yaxşı
yeyib-içmək verdiyi üçün Azərbaycandan gedən məmurlar oraya qonaqlığa gedir. Bu məsələdə təkidli olmaq əsasdır. Nə qədər ki, loyal, humanist olacayıq, o qədər də problemlər həll olunmayacaq”.
Millət vəkili Nəsib Nəsibli isə miqrasiya haqqında qanuna dəyişiklik edilərkən borçalılar ilə çinlilərin arasında fərq qoyulmadığını, hər ikisinə eyni hüquqi status verildiyini diqqətə çatdırıb: “Qanuna görə borçalı əsilli ata-ana 90 gündən artıq oğlunun evində qala bilməz. 91-ci gün həmin adam departasiya edilməlidir. Bu unikal bir haldır ki, azərbaycanlılar Azərbaycan Respublikasından departasiya olunur. Azərbaycan hökümətinin xarici azərbaycanlılar haqqında konsepsiyası yoxdur. Hökumət Borçalı əsilli adamları, öz soydaşlarını tanımaq istəmir. Deyirlər, gedin Gürcüstana inteqrasiya olun”.
N. Nəsibli həmçinin yazıq, çarəsiz borçalıların iki çarpaz atəş altında olduqlarını vurğulayıb: “Bir tərəfdən gürcü höküməti borçalıları əzir, adam yerinə qoymur, bir tərəfdən də Azərbaycan höküməti departasiya edir, deyir ki, əl çəkin bizdən. Bizim sizinlə məşğul olacaq halımız yoxdur. Çıxın gedin”.
Millət vəkili, qanunda həqiqətən də çox naqis bir dəyişiklik edilidiyini nəzərə çatdırıb: “Biz Borçalının boşalmasının tərəfdarı deyilik. Biz Borçalını boşaltmaq yox, oranı gücləndirmək istəyirik. Ancaq Gürcüstanda dolanşıq yoxdur, Gürcüstan vətəndaşı olaraq, azərbaycanlılar da Rusiyaya gedə bilmir, Azərbaycanda isə iş tapa bilmirlər. Artıq, borçalılar Ukraynaya, Belarusiyaya gedirlər. Biz itirilmiş torpaqlar haqqında danışırıq, amma itirilmiş insanlarımız haqqında danşımırıq. Rusiyada Azərbaycan icması adlı bir anlam var, amma iki milyon azərbaycanlının gücü yoxdur. Bu insanlar itirilmiş insanlardır. Ona görə də qanuna yenidən baxılıb dəyişiklik edilməlidir. Bu anormal bir vəziyyətdir. Bu məsələ Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olmalıdır”.
Dəyirmi Masada Gürcüstan səfirinin müavini Eteri Aztəmirova, əməkdar memar Ömər Qoçulu, Millət vəkili Fazil Qəzənfəroğlu, Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub, filologiya elmləri namizədi Şahbaz Şamıoğlu və başqaları çıxış ediblər. Dəyirmi Masa qızğın müzakirə şəraitində başa çatıb.
