Borçalıda kəndlərin əksəriyyətində mavi qaz yoxdur
Xəbərlər İyun 26th. 2009, 10:39am
Millət vəkili Nəsib Nəsibli: “Azərbaycanlılar yaşayan kəndlərə qaz çəkilməlidir”
Son zamanlar Türkiyəyə satılan qazın hər min kubmetrinin 120 dollara satılması və bu qiymətin dünya bazar qiymətlərinə uyğunlaşdırılması həm mətbuatda, həm də rəsmi dairələrdə müzakirə olunur. Ancaq bəzi ekspertlər bu qiymət artımının məhz Türkiyəyə şamil edildiyindən narazılıq edirlər. Ekspertlərin fikrincə, dünya bazar qiyməti 350-400 dollara olduğu halda, Gürcüstana da qaz dünya bazar qiymətlərindən ucuz, yəni 180 dollara satılır. Ekspertlər, Gürcüstana satılan qazın qiymətinin də qaldırılmasının vacib olduğunu vurğulayırlar. Digər tərəfdən Azərbaycanın Gürcüstana qazı ucuz satmasına baxmayarq, Borçalının əksəriyyət kəndində mavi qazdan istifadə etmək imkanın olmaması amili də Gürcüstana qazın ucuz satılması əhəmiyyətini itirir. Belə olan təqdirdə Azərbaycan hökumətinin qazı ucuz satmasının səbələri ilə bağlı bir neçə ekspertdən münasibət öyrəndik. Mövzu ilə bağlı millət vəkili Nəsib Nəsibli öz fikrini bildirib: “Bu kommersiya işidir. Bu məsələdə bəzi siyasi maraqlar var. Belə məsələlərdə dövlətlər səviyyəsində maraqlı olurlar. Ancaq qazın ucuz satılmasının Borçalıda yaşayan azərbaycanlılar üçün əhəmiyyəti yoxdur. Məntiq ilə Azərbaycan Gürcüstana qazı ücuz satdığı halda, orada yaşayan soydaşlarımıza da nəsə çatmalıdır .Ən azından Dövlət Neft Şirkəti yerli qaz şəbəkəsini alıb və azərbaycanlılar yaşayan kəndlərə qaz çəkilməlidir, amma əksəriyyətində qaz yoxdur”.
N. Nəsibli Gürcüstana mavi qazın ucuz satılmasını başqa bir amil ilə də izah edib : “Qazın neftdən fərqi ondadır ki, nefti çıxardırsan dünya bazarına, orada ümumi bir qymət var. Amma qaz ya qonşu dövlətlərə, yaxud da qaz xətti olan ölkələrə çıxarlır. Yəni onu gəmiyə yükləyib apara bilmirlər. Məsələn, Şimali Afrika ölkələrindən Əlcəzair və Sudan bu yolldan istifadə edir. Bu çox baha başa gəlir. Neft isə tankerlərə yüklənir, yaxud da neft kəmərləri ilə nəql edilir”.
Millət vəkili, artıq Rusiyanın Avropanı şantaj etdiyini, əsasən də qışda mavi qazı kəsdiyini diqqətə çatdırıb: “Çünki qaz almaq üçün başqa mənbə yoxdur”.
“Borçalı”Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə son zamanlar region dövlətləri içərisində daha çox Gürcüstan və Azərbaycan dövlətlərinin inteqrasiya etdiyini bildirib: “Gürcüstanla Azərbaycanın strateji müttəfiqliyi mükəmməldir. Onların mükəmməl müttəfiq olmasında Avropa dövlətləri, ABŞ da maraqlıdır. Ancaq Rusiya İranla birlikdə bu müttəfiqliyin pozulmasının tərəfdarıdır. Təbii ki, əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycanın təbii resursları əsas rol oynayır və belə məsələlərdə borçalıların problemlərinin həll edilməsi nəzərə alınmır”.
Z. Məmmədlinin sözlərinə görə, borçalıların problemlərinin həlli edilməsi ilə bağlı demokratik hakimiyyət daxilində borçalılılar öz haqqı uğrunda mübarizə aparıb ondan bəhrələnməlidir: “Qaza, neftə ümidli olsaq, onda biz inkişaf edə bilmərik. Borçalıda yaşayanlar toplum halında öz haqqı uğrunda, öz mədəni hüquqları uğrunda mübarizə aparıb öz halal haqqını almalıdır. Uğurlu bir tendensiya var ki, Borçalının kəndlərində qazlaşdırma prosesi başlamalıdır”
Cəmiyyətinin sədri, Gürcüstana satılan qazın qiymətinin qaldırılmasının vacib olduğunu da qeyd edib: “Gürcüstana satılan qazın qiymətində dünya bazar qiymətindən 20-30 % güzəşt ola bilər, ancaq bu dərəcədə ucuz omaz. Rəsmi dairələrdə bu məsələ yenidən müzakirə olunacaq. Zənnimcə, Türkiyə ilə Gürcüstana eyni tarif tətbiq olunacaq”.
Müsavat partiyasının divan üzvü Vurğun Əyyub da fikrini belə ifadə edib: “Azərbaycan hökuməti Azərbaycan dövlətinin əlində olan enerji amilindən Borçalıda yaşayan soydaşlarımızın problemlərinin həllinə kömək üçün istifadə etmir. Hakimiyyətdə olanlar neft-qaz amilindən özlərinin tayfa arzularını, şəxsi maraqlarını həyata keçirmək üçün istifadə edirlər və bu baxımdan Azərbaycan hökumətinə ictimaiyyətin təzyiqi lazımdır”.
