Elçin Abdullayev: “Azərbaycanda himayəsiz uşaqlardan məqsədli şəkildə istifadə edirlər”

 

 Azərbaycanda dilənçiliklə məşğul olan uşaqlardan məqsədli şəkildə istifadə edən və onları himayə edənlər var”. Bu barədə AJAŞ Xəbər-ə Demokratik Təsisatlar və İnsan Haqları İB-nin sədri Elçin Abdullayev bildirib. Ekspertin sözlərinə görə dilənçi uşaqlar yığdıqları pulları özlərinin şəxsi problemlərinə yox, hansısa görünməyən cinayətkar qruplara ötürürlər. Ölkəmizdə uşaqların dilənçiliyə cəlb olunmasının insan alverinin geniş yayılmış formalarından biri olduğunu deyən təşkilat sədri vurğulayıb ki, dilənçi uşaqlarla bağlı problem həll edilmədikcə, cəmiyyət üçün potensial cinayətkar problemi riski də böyüyür: “Baş vermiş hadisə və bizi narahat edən bəzi məqamlarla bağlı DİN-nə müraciət etdik. Bundan sonra məlum oldu ki, cənab nazir Ramil Usubov məsələnin araşdırılması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə xüsusi göstəriş verib. BŞBPİ-dən bizə daxil olan rəsmi məktuba görə, müraciət əsasında 157 nəfər saxlanılıb və inzibati qaydada məsuliyətə cəlb edilib”. Lakin E. Abdullayev qeyd edir ki, bu, heç də problemin həll olunması demək deyil: “Əvvəllər cinayətkar qrupların fəaliyyət istiqamətləri şəhərin müəyyən hissəsindəydisə, indi onlar başqa istiqamətdə yenə də fəaliyyətlərini davam etdirməkdədirlər”.

Elçin Abdullayev səfil və dilənçi uşaqların gigiyenik vəziyyətləri qeyri-normal olduğundan, onların yoluxucu xəstəliklərə tutulma ehtimalının da böyük olması barədə xəbərdarlıq edib: “Belə uşaqların yığdıqları pulların virus mənbəyi kimi təhlükəliliyi də aktual məsələdir və bu, hamını düşündürməlidir”.