Neftin dünya bazarında qiymətinin 100 dolları aşması 2008-ci ilin dövlət büdcəsində düzəlişlər edilməsini vacib edir. Neftin qiymətinin bahalaşmasından Azərbaycan büdcəsinə əlavə 3 mlr. manat daxil olacaq. May ayında parlament dövlət büdcəsinin gəlir və xərclərin artması ilə əlaqəli müzakirədə hansı məsələlə daha çox diqqət yetirməlidir? Büdcənin artması sıravi vətəndaşlarin sosial durumuna necə təsir göstərə bilər? Bu sualları biz tanınmış iqtisadçı, İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) idarə heyyətinin sədri, EITI koalisiyasının Əlaqələndiricisi Qubad İbadoqluya ünvanladıq.

- Son dövrlər gedən proseslər onu deməyə əsas verir ki, büdcəyə edilən əlavə və dəyişiklər zamani hökümət müdafiə xərclərinin və kənd təssərrüfatı xərclərinin artımına prioritet verəcək. Eyni zamanda hazırkı maliyyə ilində prezident seçkisi gözlənildiyinə görə, bəzi populyar sosial proqramlar üçün də büdcədən vəsait ayrılacağı istisna olunmur. Fikrimizcə, hökümət büdcə xərclərini artıran zaman müdafiə istiqaməti ilə yanaşı səhiyyə və sosial müdafiə-təminat xərclərinin artımına üstünlük verməlidir. Hesab edirəm ki, büdcə gəlirlərinin artımında ölkədaxili inflyasiya və dünya bazarında neftin qiymətinin bahalaşması əhəmiyyətli rol oynayır, bu proses digər tərəfdən də büdcə xərclərinin dəyərsizləşməsinə gətirib çıxarır. Odur ki, bahalaşmanın davamlı xarakter aldığı halda büdcəyə edilən əlavələr əhalinin həyat səviyyəsində əhəmiyyətli rol oynaya bilməyəcək.

Elçin Sərdar/AJAŞ