İctimai vəsaitlərlə bağlı məlumat açıqlığı üzrə monitorinqin nəticələri açıqlanıb
Xəbərlər İyul 3rd. 2009, 2:00pmBu gün “Avropa” otelində Milli Büdcə Qrupu (MBQ), EİTİ Koalisiyası və Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ) birgə həyata keçirdikləri “Azərbaycan Respublikasında İctimai Vəsaitlərlə bağlı Məlumat Açıqlığının Monitorinqi”layihəsinin nəticələri ilə bağlı hesabat təqdim edib. Layihənin Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (ACİ-YF) maliyyə dəstəyi ilə həyata keçirildiyi qeyd edilib.
Layihənin koordinatoru Emil Ömərov layihə çərçivəsində nazirliklərə, məhkəmələrə, şirkətlərə və digər dövlət qurumlarına sorğu göndərildiyini bildirib: “169 sorğuda 355 sual göndərilib. MBQ 34, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 64, VNŞ 31, “Expert” jurnalı 20 və sadə vətandaşlar 20 sorğu göndərib.”.
E. Ömərovun sözlərinə görə, nazirliklərə 40, məhkəmə orqanlarına 20, şirkətlərə 64, digər dövlət dövlət qurumlarına 45 sorğu göndərilib: “Nazirliklər 19, məhkəmə orqanları 10, şirkətlər 33, digər dövlət qurumları isə 22 sorğuya cavab verib. Cəmi 84 sorğuya cavab verilib. 84 sorğudan isə 65-ə tam, 3-ə qismən cavab verilib. 16 sorğudan isə imtina edilib”
Layihənin koordinatoru həmçinin 84 sorğunun 40-a vaxtında cavab verildiyini, 44-ün isə cavabının geçikdiyini qeyd edib: “85 sorğuya isə heç cavab verilməyib”
Emil Ömərov, aparılan monitorinq nəticəsində sorğulara ən yaxşı cavab verən nazirlkilərin adlarını çəkib: “Ən yüksək göstəricilər Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirlyi, Mədəniyyət və Turizm Nazirliyi üzrədir. Heç bir sorğuya cavab verməyənlər isə Təhsil Nazirliyi, Fövqalədə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsidir”.
Layihənin koordinatoru sorğulara ən yaxşı cavab verən şirkətlərin də adlarını qeyd edib: “Xarici neft şirkətləri üzrə BP və Statoil ən yaxşı göstəriciyə malikdir. Exxon və Şevron şirkəti heç bir sorguya cavab verməyib. Dövlət Neft Şirkəti isə 27 adda tələb olunan informasiyadan 9-u cavablandırıb, onun da 1-ə vaxtında, 8-ə isə gec cavab verib”. O, tələb olunan informasiyaya “Azəriqaz”ın ən yaxşı cavab verdiyini, “Azərenerji” və “Azərsu” ASC-nin heç bir suala cavab vermədiyini vurğulayıb.
Tədbirdə Ələsgər Məmmədli, Azər Mehdiyev, Qubad İbadoğlu, Sahib Məmmədov, Rövşən Ağayev, Zöhrab İsmayılov və başqaları çıxış edib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Hesablama Palatasının, Auditorlar Palatasının, ATƏT-in və ACİ-YF-nun nümayəndələri də iştirak edib. Tədbir qarşılıqlı müzakirə şəraitində başa çatıb.
