İQAK bələdiyyə seçkilərində təzyiqlərə məruz qalmış şəxslərə yardım edəcək
Xəbərlər İyul 21st. 2009, 12:41pm
Elçin Behbudov: “Güc strukturları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalmış şəxslərə hüquqi, psixoloji yardım etmək niyyətindəyik”
Bu gün Azərbaycan Media Mərkəzində İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) mətbuat konfransı keçirib. Konfransda İQAK-nin sədri Elçin Behbudov Norveç krallığının maliyə dəstəyi ilə həyata keçirəcəkləri “Bələdiyyə seçkilərinin monitorinqi və insan hüquqları pozuntularına məruz qalmış şəxslərə yardım “layihəsi haqqında məlumat verib. Komitə sədri, layihənin məqsədinı açıqlayıb: “Biz bələdiyyə seçkiləri zamanı işgəncə qurbanlarının yardıma ehtiyacı olduğunu nəzərə alaraq, seçki prosesi zamanı güc strukturları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalmış şəxslərə hüquqi, psixoloji yardım etmək niyyətindəyik. Həmin şəxslərə vaxtında hüquqi, psixoloji və sosial yardım göstərməklə, işgəncələ, ləyaqətsiz davranışa məruz qalmış şəxslərin reabilitasiyasına, kompensasiya almasına, siyasi proseslərə yenidən qayıtmasına və işgəncə verən şəxslərin ifşa edilməsinə və cəzalandırılmasına çalışacağıq”.
E.Behbudov bələdiyyə seçkisi zamanı vətəndaşlara qarşı təzyiqlərin olmaması üçün ictimai dəstəyin vacibliyini vurğulayıb: “Layihə çərçivəsində İQAK-nin 5 nəfərdən ibarət ekspert qrupu fəaliyyət göstərəcək. İşgəncə faktlarına dair əldə edilmiş informasiyanın dəqiqliyi aydınlaşdırılacaq. İlkin tədqiqat aparılacaq. İşgəncə faktlarına dair əldə edilmiş dəlil və sübutlar işgəncə faktının qarşısının alınması və və təqsirkar şəxslərin cəzalandırılması üçün müvafiq qurumlara göndəriləcək. Beynəlxalq təşkilatların, əsasən də BMT-nin nəzdində fəaliyyət göstərən İşgəncələrə Qarşı Komitənin diqqətinin Azərbaycandakı işgəncə faktlarına yönəldəcəyik. İşgəncə qurbanlarına hüquqi, sosial və psixoloji yardım göstərərək məsləhətləşmələr aparacağıq”
Konfransada həmçinin E.Behbudovun köməkçisi Elçin Abudullayev çıxış edərək layihə çərçivəsində fəaliyyətə başladıqlarını élan edib: “Bizim fəaliyyətimizdən siyasi partiyalarda fəal olan adamlar faydalansınlar. Hər hansı bir təzyiq olarsa, İQAK-yə rəsmi şəkildə müraciət etsinlər. Biz də öz imkanlarımız daxilində aidiyyatı qurumlara müraciət edib yardım edərik”.
E. Abudullayev ölkənin 8 regionunda siyasi partiayaların yerli şöbələri ilə görüşlər keçirəcəklərini də bildirib: “İlkin vəziyyəti qiymətləndirəcəyik. Seşki zamanı işgəncələrə məruz qalan şəxslərin müdafiəsini təşkil edəcəyik. Çünki bəzən olur ki, seçki öncəsi namizədlərə hədə-qorxu gəlirlər ki, namizədliklərini geri götürsünlər. Bu layihənin əsas məqsədi namizədlərə edilmiş hər hansı təzyiqi aradan qaldırmaqdır”.
Konrfransın sonunda E.Behbudov İQAK-nin qaynar xəttini diqqətə çatdırıb. İşgəncələrə məruz qalmış şəxslər bu nömrələrə zəng edə bilərlər: 050 375 52 67, 055 209 04 34
