Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2009-cu ilin aprel ayı ərzində Azərbaycanın 11 regionunda apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Statistik müşahidə Açıq Cəmiyyət İnstitutu (ACİ) Budapeşt Fondunun İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə aparılıb. Bu barədə AJAŞ Xəbər-ə İTM-in ofisindən məlumat verilib.
Təqdimatla bağlı təşkil olunmuş brifinqdə İTM İdarə Heyətinin sədr əvəzi Vüsal Qasımlı statistik müşahidənin nəticələrindən danışıb. Bildirib ki, bu ilin aprel ayında mart ayına nisbətən deflyasiya prosesi bir qədər zəifləyib. Belə ki, ay ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,36 % azalıb (martda 0,84 %). O cümlədən Bakıda deflyasiya 0,08 %, regionlarda isə 0,64 % təşkil edib.


Əmtəə qrupları üzrə ən yüksək deflyasiya ötən ay olduğu kimi, bu ay da qeyri-ərzaq məhsullarında – 0,76  % - qeydə alınıb. Bu sıradan tikinti materialları (2,92 %), geyim və ayaqqabı (0,73) və təsərrüfat malları (0,23 %) daha çox ucuzlaşıb. Ərzaq məhsullarından isə süd və süd məhsulları, yumurta (3,68 %) və meyvə-tərəvəz (2,43 %) dəyərini ən çox itirib. Aprel ayında 2008-ci ilin aprel ayı ilə müqayisədə son on ildə ilk dəfə olaraq, illik deflyasiya qeydə alınıb. Belə ki, ayın yekunlarına əsasən istehlak qiymətləri indeksi 12 ayda 1,47 % azalıb. Bu zaman ən çox azalma ərzaq məhsullarının qiymətində müşahidə edilib – 4,92 %. Hesabat dövründə qeyri-ərzaq məhsulları 1,69 %,  xidmətlər 3,88 % ucuzlaşıb.
V.Qasımlı bildirib ki, ay ərzində deflyasiya olsa da, bir sıra məhsul və xidmətlərdə bahalaşma qeydə alınıb. Belə ki, xurma – 16.22%, alma - 14.68%, heyva – 11.63%, baş soğan - .37%, xarici dil kursları - 5.00% bahalaşıb. Ən çox ucuzlaşan məhsullar isə istilik xiyarı -23.89%, toyuq yumurtası -10.96%, sement – 9.62%, zeytun yağı -8.71% və banan -8.47% olub: “Bananın qiyməti ucuzlaşsa belə, hələ də Azərbaycanda Avropa və Rusiyadakından bahadır. Əgər bizdə onun hər kiloqramı 2 manatadırsa, Rusiyada bu qiymət 1 manat, Avropada isə 90 qəpikdir. Göründüyü kimi, 2 dəfədən yuxarı fərq var. Bir sıra digər məhsullar, xidmətlər üzrə də bizdəki qiymətlər daha yüksəkdir.”
Vüsal Qasımlı ilin əvvəlindən istehlak qiymətləri indeksinin -3,51 % azaldığını da vurğulayıb: “Deflyasiyanın səbəblərinə gəlincə, manatın real kursunun sabitliyi və ya bəzi valyutalara qarşı bahalaşması; əhalinin deflyasiya gözləntiləri; idxal mallarının ucuzlaşması; əhalinin alıcılıq qabiliyyətinin düşməsi (xaricdən pul transferlərinin azalması, işsizliyin artması və s. səbəblər fonunda); kredit resurslarının qıtlaşması və dövriyyədə pul kütləsinin artım tempinin səngiməsi və sairi qeyd etmək olar”. Deflyasiyanın qarşısını almaq üçün İTM ekspertləri ilk növbədə yerli məhsul və xidmətlərin ucuzlaşmasının qarşısının alınmasını zəruri sayıblar: “Antideflyasiya tədbirlərinin idxal həcmini artırmasını məhdudlaşdırmaq lazımdır. Bundan əlavə, bazarda kreditlərin dərəcəsi Milli Bankın uçot dərəcəsinə uyğun inzibati tənzimlənməli, bank stress testləri keçirməklə bankların kapital ehtiyaclılığı ölçülməli və pul inyeksiyaları həyata keçirilməli; manatın real effektiv məzənnəsi qismən və yumşaq tərzdə aşağı salınmalı, kənd təsərrüfatı məhsullarının bazarlara daxilolma baryerləri aradan qaldırılmalı və qarant qiymətlər tətbiq edilməli, nəhayət, ixrac yönümlü və idxalı əvəz edən məhsul və xidmətlərin istehsalı sürətləndirilməlidir”.

Qeyd edək ki, İTM ekspertlərinin hesablamalarına görə, hazırda əmək qabiliyyətli ölkə vətəndaşları üçün minimum istehlak səbətinin dəyəri 103,36 manat, pensiyaçılar üçün 81,69 manat, 15 yaşadək uşaqlar üçünsə 96,58 manat təşkil edir.