İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi təkliflər paketi təqdim edib
Xəbərlər İyun 25th. 2009, 1:35pm
Bu gün Azərbaycan Media Mərkəzində İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi (İSAM) təşkilatçlığı ilə tədbir keçirilib. İSAM “Milli Yaxşı İdarəetmə Gündəliyi” adlı təkliflər paketini ictimaiyyətə təqdim edib. Tədbirdə İSAM-nin vitse-prezidenti Rasim Musabəyov çıxış edərək, Azərbaycanda dövlət idarəetmə sahəsində olan 10 mənfi halı qeyd edib: “Hakimiyyətlə vətəndaş arasındakı irtibatın zəifliyi, müntəzəm dioloqun və hesabatlılığın yoxluğu, dövlət orqanlarının fəaliyyətindəki şəffaflığın zəifliyi, dövlət orqanlarının hesabatlılığında sistemliliyin olmaması, kadr siyasətində proteksionizm və nepotizm (himayəçılik və yerliçilik), korrupsiya, bürokratizm və süründürməçılik, bürokratik aparatın şişkinliyi, qərar qəbuletmədə səlahiyyət və məsuliyyətin bölüşməsi əsasında qurulan rasional sistemin yoxluğu, hakimiyyətlə biznesin sıx əlaqəsi, mənafelərin tənzimi və həmahəngliyinə zərər verəcək dərəcədə inzibatçılıq və məcburetmə”.
R.Musabəyov vəzifəli şəxslərin əhali ilə görüşmədiklərini, hakimiyyət orqanlarının KİV və vətəndaşlar qarşısında verdiyi hesabatların çox vaxt formal xarakter daşıdığını deyib.
Plitoloq həmçinin korrupsiyanın həyat tərzimizin bir hissəsi olduğunu da vurğulayıb.
R.Musabəyov biznesin hakimiyyətlə sıx əlaqəsinin idarəetmənin səmərəliliyinə mənfi təsir etdiyini diqqətə çatdırıb: “Məmurlar nəinki öz vəzifə mövqelərindən gəlir əldə etmək üçün istifadə edir, onlar həm də biznesin bütov sahələrini inhisara alır və rəqiblərini məhv edirlər. Dövlət və ictimai maraqlar şəxsi maraqların kölgəsində qalır. Bütün bunlar bu gün Azərbaycanda ədalətlilikdən uzaq olan rəqabət prinsipinə çox pis təsir edir. Nəticədə bazar iqtisadiyyatının prinsipləri pozulur”.
Tədbirdə İSAM-nin direktoru Sabit Bağırov təkliflər paketində nəzərdə tutulan tövsiyyələrin idarəetmənin təkmilləşdirilməsinin bütün mümkün və aktual istiqamətlərini əhatə etmədiyin bildirib. Onun sözlərinə görə, təkliflər paketinə ancaq siyasi cəhətdən qəbul oluna bilən tövsiyyələr daxil edilib. Sabit Bağırov 10 mühüm istiqamətdə 43 təklif edildiyini nəzərə çatdırıb. İSAM aşağıdakı istiqamətlərdə təkliflər edib: “Yaxşı İdarəetmə prinsipləri əsasında dövlət idarəetməsinin təkmilləşdirilməsi prioritetliyinin elan edilməsi, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi:bu orqan rəhbərlərinin hərəkətləri, korrupsiya ilə mübarizə üzrə komissiyanın işinin gücləndirilməsi, ölkə prezidenti yanında yaxşı idarəetmə üzrə ekspert şurasının yaradılması, kadrların təkmilləşdirilməsi üzrə dövlət proqramının işlənib hazırlanması və icrası, hökumətdə ən yüksək vəzifələrin davamlı tutulması müddətinin məhdudlaşdırılması, iqtisadiyyatda institusional qarışıqlığın azaldılması, iqtisadi proseslərin monitorinqi, uçotu və qiymətləndirilməsinin metodolojisi və statistikasının təkmilləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi: ümumi problemlər, dövlət qulluğunu tənzimləyən bir sıra vacib qanunların təkmilləşdirilməsi”.
S. Bağırov təkliflər paketini prezidentə, Milli Məclisə göndəriləcəyini bildirib. Tədbir qarşılıqlı müzakirələr şəraitində başa çatıb.
