Media qanunvericiliyinə dəyişikliklər jurnalistlər üçün problem yaradacaq”
Xəbərlər Mart 13th. 2009, 3:10pmƏləsgər Məmmədli: “KİV haqqında” Qanunun 19-cu maddəsinə əlavə olunan 3 bənd Avropa İnsan Haqları Konvensiyasına ziddir”
“Media qanunvericiliyinə yeni dəyişikliklər jurnalistlər üçün problem yaradacaq”. Bu barədə tanınmış hüquqşünas Ələsgər Məmmədli AJAŞ Xəbər Xidmətinin əməkdaşı ilə söhbətində bildirib.
Ekspertin sözlərinə görə Konstitusiyanın 32-ci (şəxsi toxunulmazlıq hüququ ilə bağlı) və 50-ci (məlumat azadlığı ilə bağlı) maddələrinə əlavə edilən müddəlar ilk baxışdan normal görünsə də, əslində ciddi məsələdir. Çünki orada yalan informasiyaların yox, ümumiyyətlə şəxsin mənafeyinə zərər vuran informasiyaların təkzib olunmasından söhbət gedir. Halbuki KİV haqqında qanunun 44 və 45-ci maddələrində göstərilir ki, yayılan yalan məlumatlar bu və ya digər formada şəxsin hüquq və azadlığına və ya mənafeyinə xələl gətirirsə, onlar təkzib olunmalıdır: “Hesab edirəm ki, 50-ci maddəyə əlavə olunan müddəada “yalan” ifadəsi undulub. Çünki yalan olmayan bəzi informasiyalar ola bilər ki, onlar da yayılanda şəxsə ziyan vurar. Ancaq onun təkzib olunmasına ehtiyac yoxdur. Məsələn, deyək ki, övladlıq sirri yayıla bilər və şəxsə zərər dəyər. Amma bu informasiya həqiqətə uyğun olaraq, ortaya sənədlər qoyulmaqla yayıla bilər. Yalan olmadığı üçün, belə məsələlərin təkzib olunması da mümkün deyil. Sadəcə, dəyən zərərin ödənilməsi mümkündür. Yəni bu tip fərqli hadisələrdə fərqli proseslər tətbiq oluna bilir. Bu baxımdan da Konstitusiya kimi mötəbər bir sənədə bu qədər açıq və dəqiq ifadə qoymaq doğru deyil, nəzərə alsaq ki qanunlar ona uyğun hazırlanır”.
Ə. Məmmədli qeyd edir ki, Konstitusiya maddəsinə “qanunla göstərilmiş hallar istisna olmaqla, heç kəsin razılığı olmadan fotoşəklinin çəkilməsinə, video yazısının, səs qeydinin aparılmasına yol verilmir” kimi ifadənin əlavə edilməsi bütün gizli çəkilişləri qadağan edir: “İndiyədək informasiyanın gizli yolla toplanılması qadağan olmasa da yayılmasına yol verilmirdi. İndi isə şəxs etiraz etsə ki, özünü yaxud törətdiyi hadisə lentə alınmasın, ondan sonra jurnalist hansısa hərəkət edə bilməyəcək. Məsələn, jurnalist bir kamera ilə rüşvət faktını lentə almaq istəyirsə, bu mümkün olmayacaq”. Ekspert hesab edir ki, məlum dəyişiklik nə qədər “şəxsi həyatı qoruma” kimi həyata keçirilsə də KİV azadlığının sərhədlərini də ciddi şəkildə daraldır: “Unutmayaq ki, hər kəsin yox, sadəcə ictimai fiqurların və cəmiyyətdə bu və ya digər formada tanınan insanların şəxsi həyatı zaman-zaman müdaxiləyə məruz qalır”.
Ələsgər Məmmədli, “KİV haqqında” Qanunun 19-cu maddəsinə əlavə olunan 3 bəndə gəlincə, bunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində göstərilən ifadə azadlığına zidd olduğunu və ciddi şəkildə Azərbaycan üçün problem yaradacağını bildirir: “Çünki həmin Konvensiyada hansı halların məhdudlaşdırıla biləcəyi konkret şəkildə göstərilir”.
Əvəz Qurbanlı,
AJAŞ Xəbər Xidməti
