Multimedia Mərkəzi 30 dövlət qurumunun internet resursunun informasiya açıqlığı üzrə monitorinqini aparıb
Xəbərlər İyun 4th. 2009, 5:24pm
Bu gün Azərbaycan Media Mərkəzində Multimedia Mərkəzi tərəfindən “İnformasiya azadlığının gerçəkləşməsində vətəndaş cəmiyyətinin rolu: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib (AJAŞ Xəbər). Dəyirmi Masada Rusiya Federasiyasının İnformasiya Azadlığının İnkişafı İnstitutunun direktoru Yelena Qolubeva, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, İREX-in əməkdaşı Ələsgər Məmmədli, millət vəkili Fazil Qəzənfəroğlu, Milli Məclisin İnformasiya Məsələləri üzrə məsul nümayəndəsi Rəşad Əzizov, Dövlət Qulluğu Məsələləri üzə Komissiyanın sektor müdiri Əli Kərimov, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, sabiq millət vəkili Rizvan Cəbiyev, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli, jurnalist Rey Kərimoğlu, Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov və digərləri çıxış ediblər.
Multimedia Mərkəzinin direktoru Osman Gündüz tədbiri açaraq, tədbirin məqsədi və Mərkəz tərəfindən bu sahədə aparılan işlərlə bağlı məlumat verib. O, tədbirdə Rusiya Federasiyasında federal orqanların informasiya açıqlığının araşdırılması sahəsində çalışan İnformasiya Azadlığının İnkişafı İnstitutunun nümayəndələrinin də tədbirdə iştirak etdiyini bildirib.
Tədbirdə Layihənin eksperti Azər Həsrət “Dövlət qurumlarının internet resurslarının Monitorinqi” ilə bağlı təqdimatla çıxış edib. O, indiyədək 30 dövlət qurumunun internet resursunun informasiya açıqlığı üzrə monitorinqinin aparıldığını bildirib. Müəyyən irəliləyişlərlə bərabər xeyli problemlərin olduğunu və yekun nəticələrin, dövlət qurumlarının informasiya açıqlığı üzrə reytinq cədvəlinin cari ilin sentyabrında açıqlanacağını qeyd edib. Həmçinin hazırda monitorinqin ortaq metodika əsasında aparıldığını və monitorinqin nəticələrinin Rusiya Federasiyasının uyğun qurumları ilə müqayisə ediləcəyini də bildirib.
Çıxışlarda ölkədə bu sahədə mövcud vəziyyət və bu istiqamətdə işlərin canlandırılması, beynəlxalq əlaqələrin gücləndirilməsi üçün təkliflər səslənib. Kifayət qədər demokratik dəyərlərə əsaslanan “İnformasiya əldə edilməsi haqqında” qanunun icrası istiqamətində problemlərin olduğu da qeyd edilib.
