Azad İqtisadiyyata Yardım Birliyinin sorğusunu cavablandırmaq üçün nazirliyə bir həftə vaxt verildi

Bu gun Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azad İqtisadiyyata Yardım İctimai Birliyinin Nəqliyyat Nazirliyinə qarşı iddia tələbinə (vəzifəli şəxsin hərəkətsizliyinə) dair hazırlıq iclası keçirilib.

İddiaya səbəb Nəqliyyat Nazirliyinin AİYİB-in müvafiq informasiya sorğusuna cavab verməməsidir.

İclas zamanı cavabdeh tərəfin - Nəqliyyat Nazirliyinin nümayəndəsi Mübariz Hüseynov sorğunun onlara çatmadığını deyib. Bildirib ki, əgər müvafiq sorğu onlara yenidən təqdim edilərsə cavablandırmağa hazırdırlar. AİYİB-in nümayəndəsi sorğunu məhkəmə iclasındaca cavabdeh tərəfə təqdim edib. Məhkəmə sorğunu cavablandırmaq üçün Nəqliyyat Nazirliyinə 7 gün vaxt verib. Məhkəmə baxışı 8 may saat 10.30-a təyin olunub.

Azad İqtisadiyyata Yardım İctimai Birliyi