Qubad İbadoğlu: “Bu ildən başlayaraq ölkədə orta aylıq əmək haqqının artım tempinin aşağı düşməsini müşahidə edəcəyik”
Xəbərlər İyul 14th. 2009, 6:43pm“2009-cu il əhalinin sərəncamında qalan real pul gəlirlərinin əvvəlki dövrlə müqayisədə çəkisinin azalması ilidir. Bu il həm maliyyə, həm də iqtisadi baxımdan Azərbaycan üçün daha müsbət dəyişiklikləri fərqləndirmək qabiliyyətinə malik olan prosesləri müşahidə etməyə imkan vermədi”. Bu barədə İqtisadi tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.
İqtisadçı ekspertin sözlərinə görə, əhalinin gəlirləri və xərcləri ilə bağlı balansda 2009-cu ildə Azərbycanda əhalinin gəlirlərinin orta illik artım səviyyəsi 22.5 faiz müəyyənləşdirilib: “Buna rəğmən dövlətin verdiyi proqnozlara görə 2009-cu ildə əhalinin xərcləri həmin balansda 134.6% artacağı gözlənilir. Təbii ki, gəlirlərlə xərclər arasında mütləq mənada fərq var. Gəlirlər xərcləri qabaqlayır. Amma onların artım tempini əvvəlki il ilə müqayisə etsək, 2009-cu ildən başlayaraq gəlirlərin artım tempi proqnoz göstəricilərə görə xərclərin artım tempindən geri qalacaq”.
Q.İbadoğlu qeyd edib ki, bu ümumi göstərici ayrı-ayrı istiqamətlərdə əməkhaqqı göstəricilərinə də təsir göstərir: “Bu ildən başlayaraq ölkədə orta aylıq əmək haqqının artım tempinin aşağı düşməsini müşahidə edəcəyik. Bu, növbəti illərdə daha da sürətlənəcək. Ölkədə orta aylıq əməkhaqqı 2009-cu ildə təxminən 353.5 manat proqnozlaşdırılıb və bu, əvvəlki illə müqayisədə 26 % artım deməkdir. Amma növbəti illərdə bu temp aşağı düşür. Əgər 2010, 2011, 2012 illərin proqnoz göstəricilərinə inansaq, 2012 –ci ildə orta aylıq əmək haqqının səviyyəsi əvvəlki il ilə müqayisədə təxminən 20 faiz artıma məruz qala bilər. Yəni bu, orta aylıq əməkhaqqı səviyyəsinin artımı, verginin aşağı düşməsi dövlət sektorunda, büdcə sektorunda, eləcə də qeyri-dövlət sektorunda çalışanların əməkhaqqlarının artım tempinin aşağı düşməsini şərtləndirir.
