QAT sədri Akif Nağı: “5 rayonu qaytarmaq, Türkiyə-Ermənistan sərhədlərini açmaq və bunu böyük uğur kimi Azərbaycan ictimaiyyətinə təqdim etmək istəyirlər”
“Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin yenidən gündəmə gəlməsi bu dəfə sərhədlərin açılması ilə nəticələnə bilər”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı AJAŞ Xəbər-in müxbirilə söhbətində bildirib. Akif Nağının sözlərinə görə, Türkiyə rəsmilərinin “Qarabağ məsələsi həll olunmasa, Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağı” barədə dəfələrlə verdiyi bəyanatlar sərhədlərin açılmayacağına təminat vermir: “İstər Türkiyə rəsmiləri, istərsə də Qərb dünyası Qarabağ probleminin həllindən danışarkən Dağlıq Qarabağ ətrafında olan 5 rayonun geri qaytarılmasını nəzərdə tuturlar. Təhlükəli məqam odur ki, problemi 5 rayonun qaytarılması formasında həll edə və bunu da böyük uğur kimi Azərbaycan ictimaiyyətinə təqdim edə bilərlər. Sonda da “Qarabağ probleminin həll olunduğunu” deyərək Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün bəhanə əldə etmiş olacaqlar”. QAT sədri, məsələnin belə həll ediləcəyi təqdirdə Azərbaycanın mənafeyinə cox ciddi zərbə vurulacağı barədə xəbərdarlıq edir: “Azərbaycanın məqsədi 5 rayonu deyil, bütün itirilmiş əraziləri geri qaytarmaqdır”.
Məlumat üçün deyək ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildə bağlayıb. Bu, Süleyman Dəmirəlin prezidentliyi dövründə baş verib. Sərhədinin açılması üçün rəsmi Ankara üç prinsipial şərt irəli sürüb. Türkiyə yalnız bu şərtlərə əməl olunacağı təqdirdə Ermənistanla diplomatik münasibətlər qura və sərhədləri aça bilər:
1) Türkiyəyə qarşi tarixi düşmənçiliyə və “soyqırımı” iddialarına son qoysun və bu mövzunu siyasi müstəvidən çixarıb, tarixçilərin öhdəsinə buraxsın;
2) Türkiyəyə qarşi torpaq iddialarina dair müddəaları özünün konstitusiyasından çıxarsın və bu ölkənin ərazi bütövlüyünü tanısın,
3. Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin və Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsinin təhlükəsizliyinə təminat versin.