Salyanda mülkiyyətçilərə ödəniləcək təzminatın məbləği 10 dəfə azaldılıb?
Xəbərlər İyun 25th. 2009, 1:38pmRayon İH-nin təzyiqlərinə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edirlər
Dünya bankının maliyyə dəstəyi ilə həyata keçirilən “İpək yolu” layihəsi çərçivəsində Ələt-Astara avtomobil yolunun ərazisinə düşən pay torpaqları mülkiyyətçilərinə ödəniləcək təzminatların razılaşdırılması prosesinə başlanılıb. Bu barədə AJAŞ Xəbər-ə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Salyandakı regional məntəqəsindən məlumat verib. Məlumatda bildirilir ki, ödəniləcək kompensasiyaların məbləğinin azlığı Salyan rayonunun təsirə məruz qalan torpaq mülkiyyətçiləri arasında narazılıqla müşaiyət olunur: “Avtomobil yolu rayonun Noxudlu, Aşağı Kürkənd, Çuxanlı, Marışlı, Arbatan və Abadkənd kəndlərinin ərazisində 84 hektar pay torpağından keçir. Təkcə Noxudlu kəndində 24 ailənin 19,6 hektar pay torpağı yol altına düşəcək. Bu məqsədlə 1 il əvvəl dünya bankının, “Azəravtoyol”un nümayəndələrindən ibarət komisiya ərazidə olaraq əhali ilə görüşüb, onlara hər hektar üçün 18000 AZN təzminat veriləcəyinə söz verib. Lakin bu günlərdə məlum olub ki, həmin ödəniş 10 dəfə azaldılaraq 1800 AZN-ə endirilib. Salyan RİH-in göstərdiyi təzyiqlərə baxmayaraq, sakinlər həmin məbləği almaqdan imtina edir”.
