“Yeni Tikinti Məcəlləsinin hazırlanması prosesində bütün əlaqədar qurumların mütəxəssisləri yaxından iştirak edirlər. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Məcəllənin hazırlanmasında beynəlxalq təcrübədən də geniş istifadə olunur”. AJAŞ Xəbər-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Tikintinin, iqtisadiyyatın çox mühüm sahəsi olduğunu deyən Z. Səmədzadə, vurğulayıb ki, bu sahənin normal fəaliyyəti müəyyən normativ hüquqi sənədlərə, qanunlara əsaslanmalıdır: “İqtisadi baxımdan inkişaf edən Azərbaycanda investisiya fəallığı getdikcə artır. Digər sahələr kimi tikintiyə maraq çoxalır, aparılan tikinti işlərinin həcmi genişlənir. Bütün bunlar bu sahənin ayrıca qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradıb. Millət vəkili hesab etdiyini bildirib ki, Tikinti Məcəlləsi əhalinin əlverişli yaşayış şəraiti ilə təmin olunması məqsədilə məskunlaşma zonalarının səmərəli formalaşdırılmasını təmin edəcək. Həmçinin ərazilərin, şəhərlərin, digər yaşayış məntəqələrinin tikintisi, abadlaşdırılması, onların istehsal, sosial, mühəndis, nəqliyyat infrastrukturunun inkişafı, təbiətdən səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, ətraf mühitin mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək: “Ən vacib məsələlərdən biri istehlakçıların hüquqlarının qorunmasıdır və bu məsələ Məcəllədə ayrıca olaraq öz əksini tapacaq”.