VNŞ Salyan rayonunda mülkiyyətçilərin hüquqlarının bərpasına nail olub
Xəbərlər Mart 13th. 2009, 3:07pmArtıq zərərçəkənlərə kompensasiyalar ödənilməyə başlayıb
Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ) Salyan rayonunun Arbatan kəndində əkinlərinə ziyan dəymiş torpaq mülkiyyətçilərinin hüquqlarının bərpasına nail olub. Bu barədə AJAŞ Xəbər Xidmətinə VNŞ-nin Salyan regional məntəqəsindən bildirilib. Məlumat üçün deyək ki, Salyan rayonunun ərazisindən keçməklə Astaraya qədər yüksək gərginlikli elektrik xəttlərinin çəkilməsi işlərini aparan “Azenco”nun (Azərenrji SC-nın tikinti quraşdırma idarəsidir) fəaliyyəti nəticəsində rayonun Arbatan kəndində 19 nəfər pay torpağı mülkiyyətçilərinin əkinləri yararsız hala düşmüşdü. Buna səbəb ağır tonnajlı yük maşınlarının hərəkəti olub. Lakin zərərçəkənlər dəfələrlə Salyan RİH başçısına və Azərenerji SC-ə müraciət etsələr də dəymiş ziyana görə kompensasiya ala bilmirdilər.
VNŞ-nin Salyan regional məntəqəsindən AJAŞ Xəbər Xidmətinə bu gün daxil olan məlumatda qeyd olunur ki, zərərçəkən əkinçilər sözügedən problemlə əlaqədar üç ay əvvəl VN məntəqəsindən hüquqi yardım istəyiblər. Məntəqə dərhal işə başlayaraq şikayətçilərin müraciətlərinin müvafiq qurumlara çatdırılmasını və məsələnin ictimailəşdirilməsi üçün KİV-ə çıxarılmasını təmin edib. Eyni zamanda məntəqənin koordinatoru Emil Məmmədov “Azenco”-nun rəhbərliyi ilə dəfələrlə telefon əlaqəsi saxlayaraq problemin tezliklə həllini xahiş edib. Bütün bu səylər isə nəhayətdə müsbət nəticə verib – artıq bir neçə gündür ki, zərərçəkənlərə zay olmuş əkinləri üçün kompensasiyalar ödənilməyə başlayıb.
Əvəz Qurbanlı,
AJAŞ Xəbər Xidməti
