“Türkmənistan Azərbaycanı məhkəməyə versə, özü uduzacaq”

 

Ötən həftə iki Xəzəryanı dövlət – Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində yerləşən karbohidrogen yataqlarının işlənməsi ilə bağlı mübahisə kuliminasiya həddinə çatıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov ölkəsinin Nazirlər Kabinetinin iclasında Azərbaycanı mübahisəli yataqlardan birtərəfli qaydadaistifadə etməkdə günahlandırıb və Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyib.

Bəs belə bir məhkəmə keçirilsə, bunun Azərbaycan üçün hansı nəticələri ola bilər? Türkmənistan məhkəməyə müraciət etməkdə nə dərəcədə haqlıdır? Uzun müddətdir həllini tapmayan problemin müzakirəsini məhkəməyə qədər gətirib çıxaran amillər hansılardır? Mövzu ilə bağlı rəsmi qurumların və ekspertlərin rəyini öyrəndik.

AR Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AJAŞ Xəbər-ə açıqlamasında bildirdi ki, artıq məsələylə bağlı Azərbaycan tərəfi nazirlik səviyyəsində öz mövqeyini açıqlayıb: “Azərbaycan bütün diplomatik vasitələrdən istifadə edərək öz hüquqlarını istənilən formada müdafiə etməyə hazırdır və müdafiə edəcək”. Məhkəmə olarsa, bunun nə ilə nəticələnə biləcəyi barədə sualı cavablandıran nazirlik rəsmisi ehtimallarla danışmağın yersiz olduğunu desə də əlavə edib ki,  məsələylə bağlı hələ 90-cı illərdə bütün hüquqi arşdırmalar aparılıb. Bu araşdırmalara əsasən söyləmək mümkündür ki, Azərbaycanın öz hüquqlarını və mövqelərini müdafiə etmək üçün kifayət qədər əsasları var: “Bu gün Azərbaycanın Xəzərdə hansısa kəşfiyyat işləri aparması Azərbaycanın öz hüquqlarından irəli gəlir. Kiminsə bu məsələylə bağlı sualları varsa, biz o sualları həmişə, hər bir formada cavablandırmağa hazırıq” –deyə E. Poluxov qarşı tərəfə mesaj ünvanlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AJAŞ Xəbər-in müxbirilə söhbətində deyib ki, Türkmənistan tərəfinin bəyanatının Azərbaycanda az qala şok effekti yaratsa da bu ölkənin reaksiyası çox sakit olub: “AR XİN-nin Nazir müavini Xələf Xələfov da bildirib ki, Azərbaycan sözügedən yataqların – “Çıraq” və “Azəri”nin hasilatına başlayanda, kontraktı imzalayanda hər şeyi ölçüb-biçmişdi və ona görə də indi heç nədən çəkinmir və bu yataqlar üzərində istənilən yerdə öz hüquqlarını müdafiə etməyə hazırdır. Digər tərəfdən, Q.Berdumuhammedov da Türkmənistan Nazirlər Kabinetinin iclasında bəyan edib ki, biz heç kəsə qarşı torpaq iddiası ilə çıxış etmirik, sadəcə Xəzərdəki bəzi yataqlarla bağlı birtərəfli atılan addımlar bizi qane etmir. Buna görə də məsələni beynəlxalq arbitraj məhkəməsində həll etmək istəyirik”. İ.Şaban onu da vurğulayıb ki, son bir ildə tərəflər arasında istiləşmə başlamışdı. Bir ildə iki dəfə prezidentlıər qarşılıqlı rəsmi səfər etmişdilər. Həmçinin ötən bir ildə ARDNŞ-nin prezidenti Türkmənistana 4 dəfə səfər etmişdi və yüksək səviyyədə qarşılanmışdı və s. “İki ölkə arasında münasibətlər kifayət qədər inkişaf etməkdə idi. İndi birdən-birə Berdumuhammedovun dilindən belə ifadənin işlədilməsi məntiqə sığmayan bir hərəkət kimi görünə bilər. Çünki Türkmənistan tərəfi NABUCCO-da maraqlı olduğunu elan edir, Qərb istiqamətində qaz ixracı ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən isə özünün Azərbaycan üzərindən Qərbə açılan qapısını örtür”. Ekspert tərəflərin hər ikisinin bu məhkəmədə maraqlı olduqları barədə gümanları da inkar etmir: “Məhkəmənin çıxaracağı qərarları hər iki tərəf qəbul edəcək, ona hörmətlə yanaşacaq. Ona görə də ali qərarın çıxarılmasında hər ik tərəf maraqlı ola bilər ki, məsələ birdəfəlik həllini tapsın”. Lakin İlham Şaban məhkəməyə müraciət olunarsa, məhkəmənin məsələylə bağlı tezliklə qərar çıxaracağını da gözləməyin düzgün olmadığını deyib: “Məhkəmə prosesi çox uzana, hətta illərlə çəkə bilər”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri Türkmənistanın NABUCCO vasitəsilə qaz ixrac etmək planının reallaşması üçün Xəzərin sağ və sol sahillərini birləşdirən magistral boru kəmərinə ehtiyacı olduğuna da diqqət çəkib: “Lakin Xəzərin hüquqi statusu məsələsi həll edilmədən magistral boru kəməri çəkmək mümkün deyil. 2007-ci ilin oktyabrında Tehranda Xəzərin statusu ilə bağlı sonuncu zirvə toplantısında imzalanmış yekun sənəddə də belə bir maddə vardı ki, Xəzərdə çəkilə bilən istənilən magistral kəmər yalnız konsensus qəbul ediləndən sonra mümkündür. Yəni istənilən Xəzəryanı olkə etirazını bildirsə, kəmər çəkmək mümkün olmayacaq”. Xəzərin hüquqi statusu ilə bağlı ölkəmizdə yüksək dərəcəli yeganə mütəxəssis olan Dr. Rüstəm Məmmədova istinad edən İlham Şaban deyir ki, Xəzərin statusuna aid bu gün heç bir hüquqi normativ sənəd yoxdur: “Xəzərin bölüşdürülməsi siyasi məsələdir. Siyasi məsələ də ancaq o vaxt həll edilə bilər ki, Qərblə ipə-sapa yatmayan Rusiya və İran arasında hansısa razılıqlar əldə edilsin”. Ekspert hələ on il qabaq da bu fikirdə olduğunu bildirib ki, İranın Xəzərin bərabər bölünməsi prinsipini irəli sürməsi heç nədən problem yaradır. Sonra rəsmi İran bu prinsipi hansısa məsələlərin həllində siyasi alver predmetinə çevirmək istəyir: “Bu baxımdan hesab etmirəm ki, yaxın illərdə Xəzərin hüquqi statusuna dair hansısa bir sənəd imzalana bilər. 2007-ci ildə Xəzəryanı dövlətlərin son zirvə toplantısında bildirilmişdi ki, növbəti zirvə toplantısı 2008-ci ilin sentyabrında Bakıda olacaq. Göstərilən müddətdən təxminən bir il keçməsinə baxmayaraq, həmin toplantının nə vaxt keçiriləcəyi haqda söhbət açılmır. Azərbaycan tərəfi bu barədə bildirib ki, növbəti toplantı o vaxt baş tutacaq ki, Xəzərin statusu haqda hansısa irəliləyiş olsun”.

Politoloq Zərdüşt Əlizadə AJAŞ Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında yaranmış ziddiyyətlər barədə danışaraq vurğulayıb ki, beynəlxalq məhkəmə məsələsi birdən-birə ortaya çıxmayıb: “Azərbaycanla Türkmənistan arasında uzun müddətli danışıqlar gedir, görünür bu danışıqlarda ortaq məxrəc tapılmayıb”.

Politoloqun sözlərinə görə, Türkmənistanın hansısa mübahisəli yataqlar barəsində məhkəmə iddiası qaldırması yalnız Azərbaycan tərəfinin buna razılığından sonra mümkündür. Mübahisəli məsələlərin məhkəmə yolu ilə həll edilməsi istəyi isə özlüyündə müsbət bir hadisədir: “Hər iki tərəf beynəlxalq məhkəmənin aliliyini tanıyır və eləcə də məhkəmə qərarlarını əvvəlcədən tanıyacağını bildirir. Məhkəmə yolu - mədəni bir üsuldur və mən buna müsbət baxıram”. Türkmənistanın bu mübahisədə nə dərəcədə haqlı olub-olmaması məsələsindən danışarkən politoloq qeyd edir ki, burada qonşu ölkənin də müəyyən əsasları var: “Səthi baxanda, Kəpəz yatağının (türkmənlər bu yatağı “Sərdar” adlandırır) əksər hissəsi Türkmənistana daha çox yaxındır. Lakin hüquqi cəhətdən Azərbaycanın üstünlükləri çoxdur. Belə ki, SSRİ dağılandan sonra Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin sektoral bölgüsü barədə müqavilə imzalanmayıb. Ona görə Xəzər dənizinin suları hələlik beynəlxalq sular hesab edilir. Beynəlxalq sularda da kim birinci nəyi tapırsa, ona məxsus olur”. Digər tərəfdən, Z.Əlizadə xatırladıb ki, sovet dövründə Azərbaycanın geologiya xidməti çox güclü olub, Türkmənistanınkı isə zəif. Sözügedən mübahisəli yataqları da məhz Azərbaycan geoloqları tapıblar. Ona görə də bu yataqlar Azərbaycana məxsusdur: “Azərbaycan Respublikası həmin yataqlar barədə müxtəlif beynəlxalq şirkətlərlə müqavilələr bağlayıb. Bütün bunlara rəğmən, hesab edirəm ki, Türkmənistan məhkəməyə müraciət etsə, uduzacaq. Amma iş məhkəməyə çıxsa, belə bir qərar çıxarıla bilər ki, Kəpəz yatağının işlənilməsinə Türkmənistanı da cəlb etmək lazımdır; o da bu yataqlardan müəyyən dərəcədə fayda görsün. Əgər Azərbaycan yataqlarından müxtəlif ölkələrin şirkətləri mənfəət götürürlərsə, niyə də qonşu Türkmənistan xeyir götürməsin?”.